Tofiq Əzizov
Tarixçi, arxeoloq.
Azərbaycan tarixinin həllini gözləyən və Dağlıq Qarabağ münaqişəsi ilə də bağlılığı olan problemlərindən biri də Uti və Udin tayfalarının eyni tayfa olub – olmamasına aydınlıq gətirməkdir. Bu problemi həll etməyə çalışan Azərbaycan alimlərinin verdiyi əsas cavablardan nümunələr:
İqrar Əliyev: ,,Müasir udilərin əcdadları olan utilər hələ orta əsrlərdə Azərbaycanın kifayət qədər geniş ərazisində yaşayırdılar. Udilərin Qarabağ zonasında mövcudluğu hələ xıx əsrdə də təsdiq edilir. Uti vilayətinin də daxil olduğu Arranın arran dilinin qədim udi dili olduğunu demək üçün əsaslar vardır” (Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı – 2007, s. 363). Mən hələ o vaxt İqrar Əliyevin bu cümlələrinə etiraz əlaməti olaraq yazdığım məqaləmi aşağıdakı cümlələrlə bitirmişdim: ,,Beləliklə, udinlər Alban yox, albaniyalılardır. Utiləri udinlərlə eyniləşdirib, udinlərin dili əsasında albanların Qafqazdilli olması nəticəsinə gəlmək isə, tarixi saxtalaşdırmadan başqa bir şey deyil” (Tofiq Əzizov. Udinlər albandırmı ? ,,EKSPRESS” qəzeti, 13 mart 2OO1 – ci il).
Yusif Yusifov: ,,Uti və Udin etnonimləri eyni mənşəli olmamışlar və müxtəlif dilli etnosları təmsil etmişlər. E. ə. vııı – vıı əsrlərdə mixi yazılarda ,,udinaya” (yəni ,,Udin tayfasına mənsub”) və itu/ utu etnonimləri ayrı – ayrılıqda əks olunmuşdur (Yusif Yusifov. Qədim Şərq tarixi. Bakı – 1992, s. 302).
Q. Qeybullayev: ,,Albaniyanın Uti adlanan mahallarında əhalinin hamısı Dağıstandilli utilər (udilər) deyildilər, burada türk utilər də məskun idilər. Lakin Albaniyada göstərilən Uti mahallarından hansılarında türk mənşəli utilər, hansında Dağıstandilli udinlər yaşayırdı sualına mənbələrin yoxluğu üzündən cavab vermək olmur (Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 46).
Əkbər Nəcəf: ,,Maraqlı cəhətdir ki, bizim ,,udi” adlandırdığımız etnik azlıq özünü ,,kuştin” adlandırır. … Alban utiləri ilə indiki udinlər arasında heç bir əlaqə yoxdur” (Əkbər Nəcəf. Hun minilliyi. Teaspress – 2015, s. 213).
Firudin Ağasıoğlu: ,,Qaynaqlarda keçən ud//udi//udin boylarına aid faktları sadalayan A. A. Akopyan udinlərin utilər olmadığını yazır” (F. Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. III bitik. Bakı – 2014, s. 437; Акопян А. А. Албания – Алуанк в греко – латинских и древнеармянских источниках. Ереван, 1987).
Firudin Ağasıoğlu: ,,Bugün Azərbaycanın quzeyində yaşayan azsaylı xristian udi xalqı alban boybirliyinə ilk qatılan doğuqafqazdilli uti boyunun qalığı sayılır. Lakin udi/uti məsələsini çözmək o qədər də asan deyil, çünki bu etnonim başqa – başqa dillərdə danışan xalqlarda da vardır: ,,ud adamı” anlamında Udmurt finuqor boyu, hunların içində uti – qur, uti – dur və Plininin quzeydə qeyd etdiyi uti – dor(s) boyları, şahsevən toplumunda udulu türk boyu, həmçinin udiut (udi – ut) monqol boyu və Udinsk etnotoponimi. Ona görə də, hələlik elmi həllini tapmayan və ayrıca araşdırmaya ehtiyacı olan bu dolaşıq məsələni biz də açıq buraxırıq” (Firudin Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. III bitik. Bakı – 2014, s. 436).
Beləliklə, xarici ölkə alimlərinin də fikirlərini nəzərə alan alimlərimiz bu suala verdikləri cavaba görə, aşağıdakı 3 qrupa bölünür:
1. Utilər və udinlər eyni tayfadır, və ya utilər udinlərin əcdadıdır.
2. Uti və Udi (Udin) müxtəlif mənşəli tayfalardır. Utilər Türkdür.
3. Hələlik dəqiq cavab vermək mümkün deyildir…
(davamı var)
milletinsesi.az