27 siyasi partiya üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirlik tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub.
Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir.