Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildirib.
Millətin Səsi.az Report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.
Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
***
Sumqayıt Tibb Mərkəzi Sumqayıtda abortdan sonra öldüyü iddia edilən qadın barədə açıqlama yayıb.
Mərkəzdən bildirilib ki, dekabrın 12-də saat 14:00 radələrində 1998-ci il təvəllüdlü qadın 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib.
Qeyd olunub ki, anamnezə əsasən, xəstəyə 8 dekabrda 8–9 həftəlik əkiz hamiləlik səbəbilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib:
“Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar dekabrın 12-də saat 19:30 radələrində xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub”.
“Dekabrın 13-də saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50 radələrində mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb”, – Tibb Mərkəzindən vurğulanıb.


