2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2778 şəhidin 6790 ailə üzvünə sosial təminat növləri üzrə ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, təyinatların aparılması işinin operativ təşkili üçün DSMF-də əməkdaşlar səfərbər edilib və bu fəaliyyət istiqaməti üzrə xüsusi işçi qrup yaradılaraq fəaliyyətə başlayıb.

Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir.

Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.

Share: