30 AVQUST – ZƏFƏR BAYRAMI!

30 Avqust ” Zəfər Bayramı “mız kutlu olsun ! Bu yazımı Türklərin ” Zəfər Bayramı ” nın Baş Memarı Böyük Qazi Mustafa Kamal Paşa ATATÜRKƏ ərməğan edirəm.
Türkiyə Cumhuriyyətinin Qurucusu Qazi Mustafa Kamal Paşa-Atatürk
Milli, dini və insani duyğularla bəslənən, Türk kimi yaşayıb, Türk kimi yüksələn və Türk kimi bu dünyanı tərk edib əbədiyyətə qovuşan əsil türklər yalnız öz millətinə deyil, bütün insanlığa xidmət etmiş, bəşəriyyətin böyük bir bölümünü zaman-zaman rifaha ulaşdırmış, elmi, ictimai, iqtisadi və siyasi baxımdan durmadan yüz illərlə yüksəlmiş, beş min illik bir dönəmdə tarixə mədəniyyətin ən yüksək mərhələsi sayılan 25 imperatorluq, 60 dövlət, 4 atabəylik, 32 bəylik, 35 xanlıq və 9 Cümhuriyyət bəxş etmişlər. Türklərin bu əzəmət və yüksəlişi onun düşmənlərini qıcıqlandırmış, Türkləri yox etmək və ya ən azı zəif duruma düşürmək üçün yüz illərlə düşünüb-daşınmış, nəhayət XX yüzilliyin ikinci onilliyində bu istəklərinə nail olmuşdular. Türk düşmənləri birləşib Türklərin 600 illik Osmanlı İmperatorluğuna son qoymaqla da kifayətlənməyib Türkiyə Türklərini də digər Türklər kimi əsarət altına almağa girişmişdilər. Bu məqsədlə onlar Türkiyənin içində yaşayan xristian yunanları və erməniləri həryönlü dəstəkləyərək ölkə daxilində qətlamlar törətmiş, ölkəni və xalqı yağmalamaqla Türkiyə Türklərini də dövlətdən məhrum etməyə çalışmışdılar. Ölkənin belə bir durumunda Tanrı öz ordusu saydığı Türk millətinin bağrından bir qurtarıcı çıxarmış və bu qurtarıcı Türk millətinə yeni bir həyat bəxş etmişdir. Bu qurtarıcı tarixdə məşhur Qazi Mustafa Kamal Atatürkdür.
Əsil adı Mustafa olan Atatürk 1881-ci ildə Səlanikdə anadan olmuş, atası Əli Rza Əfəndi, anası Zübeydə xanımdır. Ata tərəfindən ulu babası Hafiz Əhməd Əfəndi XIV-XV əsrlərdə Konya və Aydından Makedoniyaya yerləşdirilən Qocacıq Yüryüklərindəndir. Anası Zübeydə xanım isə Səlanik yaxınlarındakı Lanqaza qəsəbəsinə yerləşmiş qədim bir Türk ailəsinə mənsubdur. Milis zabiti, vəqf katibi və daha sonra taxta ticarəti yapan Əli Rza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evlənmiş, ondan altı övladı olmuş, dördü kiçik yaşlarında öldüyündən Atatürkün yalnız 1956-cı ilə qədər yaşayan bacısı Makbulə xanım qalmışdı.
İlk təhsilini ulu babası Hafiz Mehmet Əfəndinin əsasını qoyduğu məhəllə məktəbində, sonra atası Əli Rza Əfəndinin istəyi ilə Şəmsi Əfəndi məktəbində alan Mustafa atası 1888-ci ildə öldüyündən bir müddət Rapla Çiftliyində dayısının yanında qalmış, sonra yenidən Səlanikə dönərək məktəbi bitirmiş və Səlanik Mülkü Rüştiyəsinə qeyd olunmuş, qısa bir aradan sonra 1893-cü ildə Hərbi Rüştiyəyə daxil olmuşdu. Hərbi Rüştiyədə riyaziyyat müəllimi onun istedadını yüksək qiymətləndirərək onu “Kamal” adlandırmış və o gündən başlayaraq Atatürk “Mustafa Kamal” adını daşımışdır. Mustafa Kamal 1896-1899-cu illərdə Monastır Hərbi Məktəbində oxumuş, oranı bitirib İstanbulda Hərbi Məktəbə daxil olmuş, 1902- ci ildə bu Hərbi Məktəbdən “teymən” (leytenant) rütbəsi ilə məzun olub Hərbi Akademiyada təhsilini davam etdirmiş, 11 yanvar 1905-ci ildə “yüzbaşı” (kapitan) rütbəsi ilə Akademiyanı bitirmiş, 1905-1907-ci illərdə Şamda 5-ci Orduda qulluq etmiş, 1907-ci ildə Kolağası (Baş kapitan) olaraq Monastır 3-cü Ordusunda, 19 aprel 1909-cu ildə İstanbula daxil olub hərbi qiyamı yatıran və Sultan Əbdülhəmidi taxtdan salan Hərəkat Ordusunda Kurmay Başkanı (Ştab Naçalniki) vəzifəsi daşımış, 1910-cu ildə Fransaya göndərilmiş, 1911-ci ildə İstanbulda Genəl Kurmay Başkanlığında (Müdafiə Nazirliyində) çalışmağa başlamışdı. 1911-ci ildə İtalyanların Trablisqərbə (Şimali Afrikadakı Tripoliyə-A.M.) hücumu ilə başlayan müharibədə Mustafa Kamal bir qrup yoldaşı ilə birlikdə Tobruk və Dərnə bölgəsində görəv almış, 22 dekabr 1911-ci ildə İtalyanlara qarşı Tobruk savaşını qazandığından 6 mart 1912-ci ildə Dərnə komandanlığına təyin edilmiş, 1912-ci il oktyabr ayında Balkan müharibəsi başlayınca Qelibolu və Bolayırdakı birliklərlə savaşa qatılmış, Demitoka və Ədirnənin geri alınmasında böyük xidmətlər göstərmiş, 1913-cü ildə Sofya Hərbi Attaşesinə təyin edilmiş, bu vəzifədə olarkən 1914-cü ildə “yarbay” (podpolkovnik) rütbəsinə yüksəlmiş, 1915-ci ildə Hərbi Attaşedəki vəzifəsi sona erincə 19-cu tüməni (diviziyanı) qurmaq üçün Tekirdağa göndərilmiş, 18 mart 1915-ci ildə Çanakkala Boğazını keçməyə çalışan İngilis və Fransız donanması ağır itkilər verib Qelibolu yarmadasına hərbi qüvvə çıxarmağa qərar vermiş, 25 aprel 1915-ci ildə Arıburnuna çıxan düşmən qüvvələrini Mustafa Kamalın komandanlıq etdiyi 19-cu tümən Conkbayırında durdurmuş, bu qələbədən dolayı Mustafa Kamal “albay” (polkovnik) rütbəsinə yüksəlmişdi. 6-7 avqust 1915-ci ildə İngilislər yenidən Arıburnuna hücuma keçmiş, Anafartalar Qrupu Komandanı albay Mustafa Kamal 9-10 avqustda “Anafartalar Zəfəri”ni qazanmışdı. Bu qələbəni 17 avqustda Kirəçtəpədə, 21 avqustda 2-ci Anafartalarda da təkrar edən albay Mustafa Kamalın əsgərlərinə “Mən sizə hücumu əmr etmirəm, ölməyi əmr edirəm” əmri cəbhənin taleyini dəyişdirmişdi. Mustafa Kamal Çanakkalada bir qəhrəmanlıq dastanı yazmış, Müttəfiq dövlətlərinə “Çanakkala keçilməz” dedirtmişdi.
Mustafa Kamal Çanakkala Savaşlarından sonra 1916-cı ildə Ədirnə və Diyarbəkirdə görəv almış, 1 aprel 1916-cı ildə General-leytenant rütbəsinə yüksəlmiş, rus ordularına qarşı savaşaraq Muş və Bitlisi geri almış, Şam və Hələbdəki qısa sürəli görəvlərindən sonra 1917-ci ildə İstanbula gəlmiş, vəliəhd Vəlidəddin Əfəndi ilə Almaniyaya gedərək cəbhədə incələmələrə başlamış, bu səyahətdən sonra xəstələnərək Viyana və Qarisbada gedərək müalicə olunmuş, 15 avqust 1918-ci ildə 7-ci Ordu Komandanı olaraq Hələbə dönmüş, bu cəbhədə İngilis ordularına qarşı başarılı müdafiə savaşları yapmış, “Mondoros Mütarəkəsi” imzalandıqdan bir gün sonra 31oktyabr 1918-ci ildə “İldırım Orduları Qrupu” Komandanlığına gətirilmiş, bu ordu ləğv edildikdən sonra 13 noyabr 1918-ci ildə İstanbula gələrək Hərbi Nazirlikdə görəvə başlamışdı.
Qərbin imperialist dövlətləri dünya xəritəsini yenidən cızmaq və Osmanlı İmperatorluğunun ərazilərini paylaşmaq məqsədilə 1914-cü ildə I Dünya müharibəsini başlatmış və sonda 30 oktyabr 1918-ci ildə “Mondoros müqaviləsi”ni Osmanlı İmperatorluğuna imzaladaraq ona ağır şərtlər yükləmiş, bununla da onu tarix səhnəsindən silmiş, Osmanlı idarəsindəki Ərəb ölkələrini də öz nüfuz dairələrinə almışdılar. Bütün bunlarla kifayətlənməyən Qərb imperialistləri yunan və erməni birləşmələrini də arxalarına alaraq Türklərin ana yurdu Türkiyə ərazisini də işğala başlamış və bir çox ərazilərini də işğal etmişdilər. Fransızlar Adana və Anadolu dəmiryolu boyunca ən önəmli yerləri işğal etmiş, Güney Anadolu bölgəsindəki Urfa, Maraş, Ayıntap İngilislər tərəfindən işğal edilərək Fransızlara verilmiş, Antalya və Konyanı İtalyan orduları, Merzifon və Samsunu İngilis əsgərləri işğal etmiş, İstanbul müttəfiq qüvvələr tərəfindən işğal edilmiş, fürsətdən istifadə edən Yunanlar İzmiri işğal edərək məmləkətin içlərinə doğru irəliləməyə doğru başlamışdılar. Belə bir vəziyyətdə Türklər Mustafa Kamal Paşanın öndərliyində qurtuluş savaşına başlamış və qərbin imperialist güclərinə qarşı Cümhuriyyətin qurulmasına gedən yolu açmışdılar. Bütün bunları Mustafa Kamal Paşa o dövrdə belə dəyərləndirmişdi:
“İstila fikri ilə başlanan Cahan Hərbini xitama erdirən qaliblər təklif etdikləri sülh şərtləri ilə ana torpaqlarımızı, istiqlal və hürriyyətimizi əlimizdən almağa, əsrlərdən bəri İslam və Türklüyün fədakar mühafizi olan millətimizi əsir dərəcəsinə endirməyə qalxışdılar… İtilaf dövlətləri bəzi müstəqil bir dövlət halında yaşamağa qabiliyyəti olmayan bir millət hesab edir və bu yanlış düşüncə bəhanəsilə məmləkətimizi parçalamaq və millətimizi əsarət altına almaq istəyirdilər. Düşmənlərimiz istila etdikləri məmləkətimizdə hər növ müdafiə vəsaitindən təcrid edilmiş olan millətdaşlarımıza qarşı bu günə qədər fasiləsiz olaraq təhrib, yağma, qətl kimi zülmləri tətbiq etməkdə heç bir tərəddüd göstərmədilər. Düşmənin bu insafsız qərarı və zülmü qarşısında millət olaraq…yeddidən yetmişə, qadın kişi, gənc qoca –hər kəs birlik çağırışına qoşuldu. Birlik bizi zəfərə ulaşdırdı” (Bax: Atatürkün Söylev ve Demeçleri, II cilt, səh.18).
Türkiyə Cümhuriyyətinin memarı, Türk dünyasının XX əsrdə yetişdirdiyi ən böyük dövlət xadimi Mustafa Kamal Atatürk XX əsrin üçüncü onilliyində milli demokratik bir dövlət yaratmaq uğrunda mübarizə apararaq öz ideal məqsədini gerçəkləşdirməyə nail olmuşdu. Belə ki, 1915-ci ildə Çanakkala savaşında, 1916-cı ildə Doğu cəbhəsində qazandığı böyük başarılardan dolayı 1917-ci ildə “İldırım Orduları” qrupunun bir bölümü olan 7-ci ordu komandanlığına təyin edilən Mustafa Kamal Paşa Alman generalı Falkenhaym ilə anlaşmadığına görə istefa verərək 1917-ci ilin oktyabr ayında İstanbula dönmüşdü. Nəhayət 15 may 1919-cu ildə Qara dəniz sahillərində Türklərlə Pontusçu Rumlar arasında çıxan davamlı mücadiləni yatırmaq üçün Mustafa Kamal Paşaya bəzi əlavə səlahiyyətlər də verilərək ordu müfəttişi təyin edilmiş, ona mühüm vəzifələr tapşıraraq oraya göndərilmişdi. Ona bu səlahiyyətləri verənlər vəziyyəti tam mənası ilə anlamamış və Mustafa Kamal Paşaya tapşırılmışdı ki, bölgədə asayiş və əmniyyəti təmin etsin, silahları topladaraq depolarda mühafizəsini təşkil etsin, müxtəlif yerlərdə qurulan cəmiyyətlərə silah və ordu yardımını önləsin.
Mustafa Kamal Paşa ordu müfəttişi olduğu üçün iki diviziyalı 3-cü və 15-ci Korpuslar da onun əmrində idi. Trabzon, Ərzurum, Sivas vilayətləri ilə Ərzincan və Samsun müstəqil sancaqları da Müfəttişliyin sərhədləri daxilində idi. Müfəttişliyə sərhəd olan qonşu vilayət və sancaqlar ilə kolordular (korpuslar) da Müfəttişliyin müraciətini nəzərə almaq məcburiyyətində idilər. Müfəttişlik Hərbi Nazirliyə bağlı olsa da, daha yüksək məqamlarla da görüşüb məsləhətləşmək haqqına sahib idi.
Mustafa Kamal Paşa bu vəzifə və səlahiyyətlərlə 19 may 1919-cu ildə Samsuna gəldiyi zaman artıq məmləkətin hər tərəfində məhəlli müdafiə cəmiyyətləri qurulmuş və yeniləri də qurulmaqda idi. Belə ki, Ədirnə və ətrafında “Trakya və Paşaeli Cəmiyyəti”, Ərzurum və Əlazizdə “Vilayəti-Şərqiyə Müdafiəyi-Hüquqi Milliyə Cəmiyyəti”, Trabzonda “Müdafiəyi-Hüquq Cəmiyyəti”, İstanbulda “Trabzon və Həvalisi Adəmi-Mərkəziyyət Cəmiyyəti” və s. artıq fəaliyyətdə idilər. İzmirin Yunanlar tərəfindən işğalından sonra İzmirlilər buna qarşı “Rəddi-İlhaq” prinsipini irəli sürərək mitinq təşkil etmiş və İzmirin Yunanıstana birləşdirilməsinə qarşı 3 cəbhə yaratmışdılar. Güney Anadolunun işğalından sonra 21 yanvar 1919-cu ildən etibarən Adana və Maraş cəbhələri də yaradılmışdı.
Mustafa Kamal Paşa bir milyonluq Osmanlı ordusundan 1919-cu ilə qalan 50 minlik ordunun üç yerə bölünmüş olan 3-cü ordusunun müfəttişi idi. Ona mərkəzi Ərzurumda yerləşən və komandanı Kazım Qarabəkir Bəy (Paşa) olan 15-ci Kolordu və mərkəzi Sivasda yerləşən və komandanı Rəfət Bəy olan 3-cü Kolordu tabe idi. Mustafa Kamal Paşa taktiki gediş edərək öncə bunlarla deyil, digər ordulara bağlı Kolordu komandanları və vilayət valiləri ilə danışıqlara başlamış, daha sonra bu fəaliyyətini hüquqiləşdirmək və millət tərəfindən qəbul ediləcək bir hala gətirmək üçün seçilmiş nümayəndələrdən ibarət bir məclis toplamaq və o məclisin qərarlarını əsas götürərək fəaliyyətə başlamaq istəmişdi. Bu məqsədlə Mustafa Kamal Paşa 22 iyun 1919-cu ildə Amasyada bir “Bildiriş” hazırlayaraq hər tərəfə göndərmiş, toplantı yerinin Ərzurum olduğunu bildirmiş, toplantı tarixinə qədər digər vilayətlərin nümayəndələrinin Sivasa vara bildikləri təqdirdə Ərzurum Konqresinin üzvlərinin də Sivas Konqresinə qatılacaqlarını bildirmişdi.
Mustafa Kamal Paşanın bu “Bildiriş”i yayması işğalçı qüvvələri narahat etmiş, İstanbul hökumətindən onun rəsmi vəzifəsinə son verib İstanbula gətirilməsi istənmişdi. Lakin Mustafa Kamal Paşa xalq tərəfindən sevgi ilə qarşılanmış və o, öncə Sivasa, oradan da Ərzuruma keçərək 23 iyul 1919-cu ildə orada Doğu vilayətləri Konqresini gerçəkləşdirmiş və İstanbula bir teleqram göndərərək öz vəzifəsindən istefa verdiyini rəsmən bildirmişdi. 14 gün davam edən Ərzurum Konqresi Mustafa Kamal Paşanı Konqres sədri seçmiş, bir “Nizamnamə” qəbul etmiş və bir “Bəyannamə” yayınlamışdı. Əsası Mustafa Kamal Paşa tərəfindən irəli sürülən, “Nizamnamə” və “Bəyannamə”də təsbit edilən əsas prinsiplər bunlar idi:
1) Milli sərhədlər daxilində vətən torpaqları bir bütündür, bölünə bilməz;
2) Osmanlı Hökumətinin çökməsi halında bütün millət bir olaraq hər cür yabançı işğal və müdaxiləyə qarşı çıxacaq;
3) Mərkəzi Hökumət vətənin və istiqlalın mühafizəsinə qadir olmadığı təqdirdə qayənin təmini üçün müvəqqəti bir hökumət təşkil ediləcəkdir. Bu hökumət milli bir Qurultay tərəfindən seçiləcəkdir;
4) Əsas məsələ milli güc və milli iradəni hakim qılmaqdır;
5) Xristian ünsürlərə siyasi hakimiyyət və ictimai sabitliyi pozacaq imtiyazlar verilə bilməz;
6) Heç bir mandat və himayə qəbul edilə bilməz.
Ərzurum Konqresi “Nizamnamə”yə uyğun olaraq Qurultayın qərarlarını yerinə yetirmək üçün bir təmsil heyəti seçmiş və bununla da işini bitmiş hesab etmişdi.
Ərzurum Konqresindən sonra bütün məmləkəti əhatə edə biləcək yeni bir Qurultayın keçirilməsi üçün çalışmağa başlanmış, Mustafa Kamal Paşa 2 sentyabr 1919-cu ildə Sivasa gəlmiş, 4 sentyabrda Sivas Konqresi öz işinə başlamışdı. 7 gün davam edən Sivas Konqresi “Nizamnamə”yə əlavə olaraq bütün məmləkəti təmsil etdiyini bəyan etmiş, “Şərqi Anadolu Müdafiəyi-Hüquq Cəmiyyəti”nin adını dəyişərək “Anadolu və Rumeli Müdafiəyi-Hüquq Cəmiyyəti” adlandırmış, Qurultayda seçilən təmsil heyətinə bütün ölkəni təmsil etmə hüququ vermişdi.
Bu dövrdə İstanbulda Damad Fərid Paşa kabinəsini Əli Rza Paşa kabinəsi əvəz etmiş, Dəniz Naziri Salih Paşa rəsmi olaraq Anadoluya göndərilmiş, Amasyada 20-22 oktyabrda 3 gün sürən danışıqlar nəticəsində Salih Paşa Mustafa Kamal Paşanın Sivas Konqresi tərəfindən təsbit edilən aşağıdakı prinsiplərini qəbul etmişdi:
1) Türklərlə məskun yerlərdə mandat və himayənin qəbul olunmaması;
2) Müsəlman olmayanlara Türk torpaqlarında siyasi hakimiyyət və ictimai asayişi pozacaq imtiyazlar verilməməsi;
3) Anadolu və Rumeli Müdafiəyi-Hüquq Cəmiyyətinin hüquqi bir təşkilat olaraq İstanbul Hökuməti tərəfindən rəsmən tanınması;
4) Müttəfiq dövlətlərlə Osmanlı dövləti arasındakı sülh konfransına gedəcək təmsilçilərin…seçilməsi;
5) Deputat Məclisinin yabançı qüvvələrin işğalı altında olan İstanbulda toplanmasının doğru olmadığı.
Salih Paşa qəbul etdiyi bu maddələri kabinə yoldaşlarına da qəbul etdirməyə vəd versə də sözünü yerinə yetirə bilməmiş, nəhayət 12 yanvar 1920-ci ildə Osmanlı Parlamenti son toplantısını keçirmiş, Məclisdə Müdafiə Hüquq Cəmiyyəti güclü bir qrupla təmsil edildiyindən “Misaki-Milli” (“Milli Pakt”) deyilən Milli Pakt və milli müdafiə proqramı elan edilmişdi. Milli iradəni təmsil edən bu Milli Pakt aşağıdakı məzmunda bir “Bəyannamə” yayınlamışdı:
1) Osmanlı Dövləti, Ərəb çoxluğu ilə məskun olan və müqavilə bağlandıqda müttəfiqlərin işğalında olan ərazilərdən vaz keçəcək və bu ərazilərin müqəddəratı əhalisinin rəyləri ilə təyin ediləcəkdir. İşğal edilməmiş Türk əraziləri bölünməz bir bütündür.
2) Doğu bölgəsində öz rəyləri ilə Ana vətənə qatılmış olan Qars, Ərdəhan və Batum üçün lazım gələrsə, təkrar xalq rəyinə müraciət edilə bilər.
3) Batı Trakyanın hüquqi durumu o bölgə əhalisinin sərbəstcə verəcəkləri rəylərinə görə təsbit ediləcəkdir.
4) Xilafət və səltənətin mərkəzi olan İstanbul ilə Mərmərə dənizi hər cür təhlükədən uzaq olmalıdır. Bu əsas mühafizə edilmək şərti ilə boğazlar keçişə və ticarətə açıq olacaq və bu məsələ Türkiyə ilə əlaqəli dövlətlərin birlikdə verəcəkləri qərarla təyin ediləcəkdir.
Müttəfiq qüvvələr İstanbul hökumətindən bir çox adamların işdən azad edilməsi və mərkəzdən uzaqlaşdırılmasını tələb etmiş, 16 mart 1920-ci ildə isə İstanbulu faktiki olaraq işğal etdikdən sonra bəzi deputatları da həbs etmiş, həbs edilə bilməyənlərdən bir qismi Ankaraya qaçaraq milli mücadiləyə qatılmış, 5 aprel 1920-ci ildə bütün etirazlara baxmayaraq Damad Fərid Paşa xaricilərin əli ilə yenidən sədarətə gətirilmişdi. Damad Fərid Paşa sədarətə gətirilən kimi “Kuvayi-Milliyə”, yəni milli mücadiləyə başlayanların əleyhinə bir çox əmrlər vermiş, İstanbulda toplanan hərbi məhkəmə 11 may 1921-ci ildə Mustafa Kamal Paşa və yaxın yoldaşlarını qiyabi ölümə məhkum etmiş, milli mücadiləni davam etdirənlərin üzərinə hərbi qüvvələr göndərilmiş, İzmit, Bolu və Trabzonda milli mücadiləçilərə qarşı üsyanlar tərtib etmiş, “Kuvayi-İnzibatiyə” (“İnzibati Dəstə”) adı ilə yaratdıqları birliklər səbəbsiz yerə bir çox qardaş qanı tökülməsinə səbəb olmuş, lakin milli mücadilə tərəfdarları bu təhlükəli təşəbbüsləri anında aradan qaldırmağı bacarmış, Ankaradakı İstiqlal Məhkəməsi də Damad Fərid Paşa və tərəfdarlarını vətənə xəyanət suçundan qiyabi olaraq ölümə məhkum etmişdi. Mustafa Kamal Paşa 8 apreldə yayınladığı bildiridə Damad Fərid Paşanın Aydın elini Yunanıstana təslim etdiyini, təcavüzə uğrayan Türklərin müdafiəsinə əngəl olduğunu, Müttəfiq dövlətləri hərbi işğala dəvət etdiyini, lakin millətin bu dəfə tədbirli və hazırlıqlı olduğunu, Damad Fəridi və hökumətini tanımayacağını açıqlamışdı.
İstanbul işğal altında olduğundan normal fəaliyyət göstərə bilməyən Millət Məclisi Ankarada toplanmaq üçün hər cür tədbir görmüş, 19 mart 1920-ci ildə hər tərəfə “Bildiriş” göndərilmiş, yapılan seçkilər nəticəsində millət vəkilləri Ankarada toplanmış, 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi öz işinə başlamışdı. Mustafa Kamal Paşa təcili olaraq bir hökumət təşkil edilməsini təklif etmiş, Məclis qurucu məclislərin sahib olduqları bütün haqlara sahib olduğu üçün Hökumət təşkil etmiş və hökumət vəzifəsini də icra etmiş, Mustafa Kamal Paşanı Məclis başqanı seçmiş, beləliklə o, həm dövlət, həm də hökumətin başçısı olmuşdu.
Birinci Böyük Millət Məclisinin Ankarada toplandığı 23 aprel 1920-ci ildən 24 iyul 1923-cü il Lozan sülh anlaşmasına qədərki dövr Milli Mücadilə, başqa sözlə, yeni Türkiyə Cümhuriyyətinin quruluş dövrüdür. Bu dövr ağır bir dövr olmaqla yanaşı həm də Türk millətinin nəyə qadir olduğunu tarixə sübut etmə dövrüdür. Bu dövrdə yunanlar üzərində qələbə çalınmış, onlar Türk torpaqlarından çıxarılmış, quzey-doğu Türk hüdudlarında ermənilər zərərsizləşdirilmiş, güneydə fransızlara qarşı başarılı mücadilələr verilmiş, Türkiyənin əlaqəli dövlətlərlə başladığı sülh anlaşmaları ilə quzey-doğu və güney sərhədləri təyin edilmiş, Rusiya ilə 16 mart 1921-ci ildə Moskva, 11 oktyabr 1921-ci ildə Qars müqavilələri bağlanmışdı. Bir-birini təqib edən bu zəfər və anlaşmalarla yeni Türkiyə hüquqi cəhətdən tanınmış, İstanbul hökuməti tərəfindən bağlanan bütün müqavilələr hökmsüz sayılmış, Osmanlı dövlətinin yerini Böyük Millət Məclisi və yeni Türkiyə Hökuməti almış, Lozan sülh konfransında yeni Türkiyə nümayəndəsi iştirak etmiş və bu konfransda Türk görüşü qəbul edilmişdi.
7 noyabr 1922-ci ildə Sultan Vəlidəddinin bir ingilis hərb gəmisinə minərək ölkəni tərk etməsi ilə xilafətdən kənarlaşdırılaraq yerinə Əbdülməcid Əfəndi keçirilmişdi. Tarixi görəvini yerinə yetirən Birinci Böyük Millət Məclisi də seçimlərin 1 aprel 1923-cü ildə yenilənməsinə qərar vermiş, 11 avqust 1923-cü ildə toplanan İkinci Böyük Millət Məclisi 23 avqustda Lozan anlaşmasını onaylamış, 6 oktyabr 1923-cü ildə Türk hərbi qüvvətlərinin İstanbula daxil olması ilə vətənin bütünlüyü faktiki olaraq gerçəkləşmişdi. Artıq ən uyğun dövlət şəklini elan etmək zamanı gəlmiş, 1921-ci il Anayasasının bəzi maddələri genişləndirərək hakimiyyətin qeyd-şərtsiz millətə aid olduğu, idarə şəklinin xalqın öz müqəddəratını təyin etmə əsasına dayanan Cümhuriyyət olduğu 29 oktyabr 1923-cü il tarixli 364 sayılı qanunla gerçəkləşdirilmiş, Qazi Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətinin ilk Cümhurbaşqanı seçilmişdi.
Cümhuriyyətin qəbul və elanından qısa bir zaman sonra xilafətin ləğv edilməsi və Osmanlı xanədanının ölkə xaricinə çıxarılmasına dair Türkiyə Böyük Millət Məclisi 3 mart 1924-cü ildə qanun qəbul etmiş, demokratiya və layiqlik yönündə mühüm bir siyasi addım atılmışdı. Mustafa Kamal Paşa Osmanlı İmperatorluğu kimi kosmopolit bir dövlətdən devr aldığı toplum üzərində məcburi bir mədəniyyət dəyişimi və gəlişimi başlatmış, Cümhuriyyətə xas bir ideologiya gerçəkləşdirərək kosmopolit Osmanlı mədəniyyətindən fərqli olaraq Cümhuriyyət mədəniyyətini də bu ideologiya əsasında oluşdurmağa çalışmış və bu ideologiya və mədəniyyəti xalq arasında yaymağa başlamış, Cümhuriyyət kültürünün toplumsal tabanını yaratmağa müvəffəq olmuşdu.
Mustafa Kamal Paşanın öndərliyində qurulan Türkiyə Cümhuriyyəti ulusçu bir yapıya sahib bulunduğundan yeni oluşmaqda olan mədəniyyətin də ulusçu olması gərəkirdi. Mustafa Kamal Paşa yeni bir toplum, yepyeni bir Türk ulusu yaratmaq üçün yola çıxmış, tarixdə ilk Türk mədəni inqilabını gerçəkləşdirən öndər olmuşdur. O, keçmiş ilə gələcək arasında çağdaş bir mədəniyyət sintezinə gedən yolu açmış, bunun üçün həm dövlətin, həm də millətin bütün güclərini səfərbər etmiş, ölkədə mədəniyyət məktəbləri olan Xalq evləri, müasir tələblərə cavab verəcək Universitet və fakultələr, Konservatoriya, konsert salonları, Gözəl Sənətlər Akademiyası, rəsm qaleriyaları, mədəniyyət mərkəzləri açdırmış, çağdaş bir eyitim üçün çaba göstərmiş, çeşidli elmi araşdırma mərkəzləri yaratmış, Şərq və Qərb ayırımı yapmadan Türk ulusunun tarixdən gələn özəlliklərinə uyğun bir Cümhuriyyət kültürü meydana gətirmiş,çağdaş, ulusçu və demokratik bir kültür sintezi üçün dövlətin bütün imkanlarından istifadə etmişdi.
Mustafa Kamal Paşa özünəqədərki fikir cərəyanları olan Osmanlıçıların, İslamçıların, Qərbçilərin, İctimai-Məslək tərəfdarlarının, Sosyalistlərin və Türkçülərin fikirlərindən və onların mənsublarının durumu və fəaliyyətlərindən xəbərdar olduğundan bu cərəyanların Milli Mücadiləyə verə biləcəkləri yönü və yönsüzlüyü bilmiş və buna uyğun da hərəkət etmişdi. Özü də bir Türk milliyətçisi olan Mustafa Kamal Paşa çıxış və bildirilərində işlətdiyi “milli şüur, milli mücadilə, milli birlik, milli iradə, milli təşkilat, milli istiqlal, milli müqəddərat, milli şura, milli idarə, milli müdafiə, milli dava, milli siyasət, milli fəaliyyət, milli hərəkat, Milli Məclis, milli kabinə, milli hökumət, milli dövlət, milli sirr, milli hiss, milli arzu, milli istək, milli amal, milli qayə, milli müqavilə, milli dəstə, milli komanda, milli hüquq, milli əksəriyyət, milli qurultay, milli məqsəd, milli vəzifə, milli məsələ, milli mövcudiyyət, milli cərəyan, milli təşəbbüs, milli adət-ənənə, milli sərhəd, milli etimad, milli vəhdət, milli mənfəət, milli mənafe, milli mübarizə, milli heysiyyat, milli ruh, milli məfkurə, milli mülk, milli güc, millətin istiqlalı, vətənin bütövlüyü, məmləkətin müqəddəratı, vətənin mənafeyi, vətənpərvər təşəbbüs, vətənin xilası, mübarək vətən” və s. kimi Türkçülərin gündəmə gətirdiyi ifadələrlə həyat və fəaliyyətinə yön vermiş, millətini Türkçülüyə məxsus bu qayələrlə silahlandırmış, məhz buna görə də milli mücadiləni başarı ilə sona çatdırmış, ulusçu bir Cümhuriyyət qurmağa nail olmuşdu.
İmperialist dövlətlərin Türk torpaqlarını zəbt etməsinin mahiyyətini açıqlayan Mustafa Kamal Paşa göstərmişdi ki : “Qərbin heç bir zaman əfv etməyəcəyim zalımları məmləkətimiz Türkiyəni parçalamaq, bu torpaqlarda yaşayan millətimizin heysiyyatını, istiqlalını payimal etmək üçün verdikləri əsrlik qərarı ən nəhayət tətbiq etdilər. Müttəfiq dövlətləri torpaqlarımızı çeynəməyi xristianlıq adına bir xidmət hesab edirlər. Qərblilərin yunan və ermənilərə sıcaq davranıb bizi parçalamalarına yardımçı olmalarının səbəbi də bu anlayışdır” (Bax: Atatürkün Söylev və Demeçleri, V cilt, səh.27)
Qərblilərin Türklərə qarşı hisslərini bu qədər açıq şəkildə ifadə edən, onların niyyətlərinin, düşmənçiliklərinin mahiyyətini dərindən bilən Mustafa Kamal Paşa İstiqlal savaşını başarı ilə sona çardırdıqdan sonra duyğularından daha çox ağlını işlətməyə başlamış, daxili siyasətdə olduğu kimi xarici siyasətdə də böyük uğurlar qazanmışdır. Daxili siyasətlə bağlı yeni Türkiyə Cümhuriyyəti Mustafa Kamal Paşanın Cümhurbaşqanlığı dönəmində demokratiya, yeniləşmə, layiqlik, ictimai və mədəni dəyişikliklə əlaqədar olan bir sıra qanunlar qəbul edilmişdi. Belə ki, ölkənin adı “Türkiyə”, dövlətin adı “Türkiyə Cümhuriyyəti”, rəsmi dövlət dili “Türk dili”, Millət Məclisi “Türkiyə Böyük Millət Məclisi” adlanmış, 25 oktyabr 1925-ci ildə “Qiyafət qanunu”, 30 noyabr 1925-ci ildə “Dərviş təkkələri və mədrəsələrin qapanması, xocaların dövlət tərəfindən yetişdirilməsi qanunu”, yeni “Təhsil qanunu”, 26 dekabr 1925-ci ildə “Millətlərarası təqvim qanunu”, 17 fevral 1926-cı ildə “Müasir Türk Mədəni qanunu”, 3 noyabr 1928-ci ildə “Ərəb əlifbasından latın əlifbasına keçmək haqqında qanun”, 8 oktyabr 1929-cu ildə “Torpaqsız kəndlilərə tiorpaq verilməsi qanunu”, 26 mart 1931-ci ildə “Yeni ölçülər qanunu”, 21 iyun 1934-cü ildə “Türk soy adı alma qanunu”, “Cəza qanunu”, “Ticarət qanunu”, “Borclar qanunu”, “Hakimlər qanunu”, “Dövlət Şurası haqqında qanun” və s. kimi qanunlar qəbul edilmiş, 19 fevral 1932-ci ildə “Xalq evləri” açılmış, 15 aprel 1931-ci ildə “Türk Tarix Qurumu”, 12 iyul 1932-ci ildə “Türk Dil Qurumu” yaradılmışdı.
24 noyabr 1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamal Paşaya “Atatürk” soyadı vermişdi.
Atatürk dövrü Türkiyə xarici siyasəti və diplomatiyası da təqdirə layiqdir. Ümumiyyətlə, Atatürk dövrü Türkiyə xarici siyasəti və diplomatiyasını üç dövrə bölmək olar. Milli Mücadilə dövrü olan birinci dövr 1920-1923-cü illəri əhatə edir. Bu dövrdə ilk diplomatik təmas Sovet Rusiyası ilə yapılmış, Mustafa Kamal Paşa Rusiyanın siyasi dəstəyindən imperialist dövlətlərə qarşı bir kozır kimi istifadə etmiş, lakin Sovetlərin quzey-doğu Türk torpaqlarında ermənilərin ərazi sahibi olmalarını dəstəkləməsi ilə ilk görüşlər başarılı olmamışdı. Lakin Kazım Qarabəkir Paşanın komandanlığı altındakı Türk ordusu ermənilərə qarşı hücuma keçərək 29 sentyabr 1920-ci ildə öncə müttəfiq orduları tərəfindən işğal edilərək ermənilərə verilən Sarıqamışı, oktaybrın sonunda isə Qarsı azad etməsi ilə 2 dekabr 1920-ci ildə Türkiyə ilə Ermənistan arasında “Gümrü müqaviləsi” imzalanmışdı. Bu müqavilə yeni Türk dövlətinin imzaladığı ilk millətlərarası anlaşma idi. Bu müqavilə Ankara ilə Moskva arasında da uzlaşmaya yol açmış, 16 mart 1921-ci ildə Moskvada “Türk-Rus dostluq və qardaşlıq müqaviləsi” (tarixdə məşhur “Moskva müqaviləsi”-A.M.) imzalanmışdı. Bu müqaviləyə əsasən Batumun Rusiyaya qaytarılması müqabilində Rusiya Türkiyəyə silah və para yardımında bulunmuş, sonra Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstanın 13 oktyabr 1921-ci ildə “Qars müqaviləsi”ni birgə imzalamaları ilə Türkiyənin quzey-doğu, Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədləri müəyyənləşmişdi. “Qars müqaviləsi”nə əsasən vaxtilə ingilislərlə amerikalılar, daha sonra isə bolşevik Rusiyasının Naxçıvanı ermənilərə vermək istəməsinə son qoyulmuş, Naxçıvan Muxtar Vilayət şəklində gələcəkdə də heç bir dövlətə tərk edilməmək şərtilə Azərbaycanın himayəsinə verilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal olunandan sonra Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk uzaqgörən siyasəti ilə Türk etnosunun ən qədim dövrlərdən gələn potensialını özündə cəmləşdirmək üçün Sovet Rusiyasının tərkibində olan böyük Türk dünyası ilə əlaqələri, etnik-mədəni bağları möhkəmləndirmək, Osmanlı İmperatorluğunu parçalayıb ərazilərinə sahib çıxan, Türkiyə ərazisini işğal edən imperialist dövlətlərə qarşı mücadilə aparmaq məqsədilə Sovet Rusiyası ilə səmimi münasibətlər yaratmış, bu yolla Türk millətinin müstəqil demokratik dövlət qurmaq istedadını bütün dünyaya nümayiş etdirmişdi.
Atatürkün Azərbaycan siyasəti onun ümumi xarici siyasətinin mühüm tərkib hissəsi olmuşdur. Onun 14 oktyabr 1921-ci ildə Azərbaycanın Türkiyədəki səfiri İbrahim Əbilovun etimadnaməsini qəbul edərkən söylədiyi məşhur “Azərbaycan Türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün onların muradlarına nail olmaları, hür və müstəqil olaraq yaşamaları bizi çox sevindirir” və 18 oktyabr 1921-ci ildə Ankaradakı Azərbaycan səfirliyi qarşısındakı mitinqdə söylədiyi “Bu gün Azərbaycanın istiqlalını təmsil edən bayrağını qaldırarkən əllərimin buraxdığı hissiyyat və təəssürat ilə hərəkətdə olduğunu duyuyorum. Çünki bu bayrağı qaldıran mənim əllərimdir… Bugünkü bayramda mənən müştərək olan bütün Türkiyə xalqının həqiqi və səmimi qardaşlıq hissiyyatı idi. Azərbaycan bayrağının Türkiyə bayrağının yanında, Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır” (Bax: Nizami Cəfərov, Mehmet Akif Tural, Atatürkün Azərbaycan siyasəti (öz dili ilə), Bakı 2008, səh.5) -fikirləri bunu bariz şəkildə göstərməkdədir.
Yunanlar üzərində qazanılan 9-10 yanvar 1921-ci il birinci İnyönü, 30 mart-1aprel 1921-ci il ikinci İnyönü, 21 avqust-13 sentyabr 1921-ci il Sakarya zəfərləri əlaqəli dövlətləri də Türkiyə ilə müqavilə bağlamağa məcbur etmiş, Fransa Türkiyə ilə 20 oktyabr 1921-ci ildə “Ankara anlaşması”nı imzalamış, müqaviləyə əsasən Fransızlar Çuxurova bölgəsindən çəkilmiş, Adana, Mersin, Osmaniyə, Kilis və Antəpi boşaltmış, beləliklə öncə imperialist dövlətlər tərəfindən “Sevr anlaşması” ilə tənzim edilmiş Türkiyənin güney sərhədləri də Türkiyənin lehinə dəyişdirilmişdi.
Türkiyə 1922-ci il yanvar ayında Ukrayna ilə, 23 aprel 1923- cü ildə müttəfiq dövlətlərlə bağladığı “Lozan müqaviləsi” ilə xarici siyasətindəki birinci dövrü uğurla başa çatdırmışdı.
Atatürkün Cümhurbaşqanlığı dövründəki xarici siyasətinin ikinci dövrü 1923-1930-cu illəri əhatə edir. Bu dövrdə Mustafa Kamal Paşa uzun sürən müharibə illərində dağıdılmış ölkəni bərpa etmək və xalqı səfərbər etmək üçün bir sıra inqilabi reformlar həyata keçirməyə başlamış, 28 oktyabr 1923-cü ildə Yuqoslaviya, 15 dekabr 1923-cü ildə Albaniya, 18 oktyabr 1925-ci ildə Bolqarıstanla dostluq müqavilələri imzalayaraq Balkan dövlətləri ilə işbirliyi üçün zəmin hazırlamışdı.
17 dekabr 1925-ci ildə Parisdə Sovet Rusiyası ilə bir-birinə saldırmamaq haqqında Paktı, 22 aprel 1926-cı ildə Tehranda İranla tərəfsizlik Paktı imzalamış Türkiyə 5 iyun 1926-cı ildə İngiltərə ilə imzaladığı anlaşma ilə Mosulun İraqın tərkibində qalmasına razılıq vermiş, bununla da İngiltərə və Fransa, hətta İtalya ilə münasibətləri tənzimləmiş və 30 may 1928-ci ildə İtalyada da Türkiyə ilə dostluq müqaviləsi bağlamışdı ki, bu da Yunanıstanla bir dostluq anlaşmasının yapılmasına yol açmış və 1930-cu ildə Türkiyə-Yunanıstan dostluq anlaşması imzalanmışdı. 1928-ci ildə Ankaranı ziyarət edən Əfqanıstan kralı Əmənullah Xanla da Türkiyə-Əfqanıstan dostluq müqaviləsi bağlanmışdı.
Atatürk dövrü Türkiyə xarici siyasətinin üçüncü dövrü 1930-1939-cu illəri əhatə edir. Bu dövrdə Türkiyə dünya iqtisadi böhranının meydana gətirdiyi çətinliklərlə qarşı-qarşıya qalmışsa da Osmanlı borcları haqqında 1932-ci ildə Parisdə Fransa ilə anlaşmaya nail olmuş, 9 fevral 1934-cü ildə Yunanıstan, Yuqoslaviya və Rumınya ilə “Balkan Birliyi”, 20 iyul 1936-cı ildə Montreuksda Bolqarıstan, Fransa, Yaponiya, İngiltərə, Rumınya, Yunanıstan, Yuqoslaviya və Sovet İttifaqı ilə “Boğazlar sözləşməsi”ni, 9 iyul 1937-ci ildə İran, İraq və Əfqanıstanla “Səadabad Paktı”nı imzalamış, 1938-ci ilin sentyabr ayında qurulan bağımsız Xatay Dövləti 29 iyun 1939-cu ildə Xatay Millət Məclisinin qərarı ilə Türkiyəyə birləşdirilmişdi.
Türkiyə Cümhuriyyəti dahi Atatürkün zəkası sayəsində gücləndikcə çevrəsindəki bölgə ölkələri ilə sülh yolunu çözmüş, “ölkədə və dünyada sülh” şüarını yeni Cümhuriyyətin xarici siyasətinin əsasına çevirmiş, 1932-ci ildə Millətlər Cəmiyyətinin üzvü olmuşdu.
Yeni Cümhuriyyəti iqtisadi cəhətdən yüksəltməyə çalışan Atatürk şəxsi təşəbbüs və qarışıq iqtisadiyyatdan daha çox dövlət iqtisadiyyatına ağırlıq vermişsə də sosialist bir dövlət qurmamışdı. Qərb imperialistlərinə qarşı Sovetlərlə dostluq müqaviləsi bağlamasına və ölkədə bir Kommunist Partiyasının yaradılması və fəaliyyət göstərməsinə icazə verdiyinə baxmayaraq incə bir siyasət yürütmüşdür. Lakin Atatürkü və qarşılıqlı olaraq “Kamalizm”in mahiyyətini dərindən anlamayan və bütün bunları əldə dəstavuz edən Atatürk düşmənləri onu kommunistlikdə və hətta ateistlikdə ittiham etmişlər. Halbuki Atatürk hələ sağlığında dəfələrlə bu mövzularla bağlı məsələlərə öz münasibətini açıq şəkildə bildirərək göstərmişdi ki: “Biz nə bolşevikiz, nə də kommunist. Biz nə biri, nə də digəri ola bilməriz. Çünki biz milliyyətpərvər və dinimizə hörmətkarız. Və lisanımızda bu hökumət “Xalq Hökuməti” deyə yad edlir. Bolşeviklərə münasibətimizə gəlincə, biz onlarla bir dostluq müqaviləsi bağladıq. Başlıca şərtlərdən biri budur ki, ruslar məmləkətimizdə propaqanda və təhrikat yapmayacaqlar. Çünki Sovet təşkilatı ilə bizim təşkilatımız arasında əsaslı ixtilaf vardır”. “Kommunizm ilə rus dostluğu arasında bir münasibət varmıdır?” sualına da cavab olaraq bildirmişdi ki: “Kommunizm ictimai bir məsələdir. Məmləkətimizin halı, ictimai şəraiti, dini və milli ənənələrin güclü olması Rusiyadakı kommunizmin bizə tətbiqinə müsaid olmadığı qənaətini təyin edən bir mahiyyətdədir… Hətta rusların müttəfiqləri də bizim üçün bu həqiqətin sübutuna qail bulunurlar. Bizim ruslarla olan münasibət və müqaviləmiz ancaq iki müstəqil dövlətin ittihad və ittifaq əsasları ilə əlaqədardır” (Bax: Atatürkün Söylev ve Demeçleri, III cilt, səh.51; V cilt, səh.84; II cilt, səh.20).
Atatürkün bolşevik Rusiyası ilə dostluq müqaviləsi bağlamasını sonralar Rusiya imperiyası tərkibində yaşayan Türklərə bir zərbə olduğunu irəli sürən və bunu səhv hesab edən Atatürk təftişçilərinə qarşı hələ vaxtında Azərbaycan Xalq Cümhuriyyətinin başçısı olan Məmməd Əmin Rəsulzadə tutarlı cavab verərək göstərmişdi ki: “Türkiyəni bolşeviklərlə müqavilə bağlamağa məcbur edən səbəb Lloyd Corc (Lloyd Corc 1916-cı ilin sonundan 1922-ci ilədək Böyük Britaniya koalisiya hökumətinin baş naziri olmuşdur-A.M.) və Klemanso Jorj Benjamen (Klemanso 1906-1909-cu və 1917-1920-ci illərdə Fransa Nazirlər Şurasının sədri, həmçinin 1917-1920-ci illərdə Fransanın Müdafiə naziri olmuşdur-A.M.) Avropasının qələbə nəşəsi ilə kor olan siyasəti idi. Bu siyasət var ikən Türkiyə Böyük Millət Məclisinin rəhbərlərini bolşeviklərlə anlaşdıqları üçün kimsə ittiham edə bilməz. Bolşevik siyasətinin Türkiyə üçün bir manevr olduğunu qəbul etməmək dünya məsələlərini çox dar bir gözlüklə görmək olardı” (Bax: M.Ə.Rəsulzadə, Azərbaycan Cümhuriyyəti, Bakı 1990, səh.88).
“Kamalizm”in əsas məqsədi Türk millətini yüksəltmək, onu inkişaf etmiş xalqlar səviyyəsinə qaldırmaqdır. Kamalizm ideologiyasının əsasını bağımsızlıq, milliyyətçilik, cümhuriyyətçilik, xalqçılıq, dövlətçilik, dünyəvilik, sülhsevərlik təşkil edir. Kamalizm imperializmə qarşı mübarizə aparmaq, Türkiyəni çağdaş uyqarlıq səviyyəsinə qaldırmaq deməkdir. Çox təəssüflər olsun ki, sonrakı iqtidarlar Atatürkün bu müqəddəs ilkələrini qoruya bilməmiş, Türkiyəni imperialist dövlətlərdən asılı vəziyyətə salmış, Atatürkün min zəhmət bahasına qurduğu Cümhuriyyət kültürünə qarşı dini, siyasi və ideoloji kültür oluşdurmağa çalışmaqdadırlar. Bütün bunlar da siyasi çatışmalara səbəb olmuş, Türkiyə toplumunu qarşı-qarşıya gətirmiş, Türk və Türkiyə düşmənlərinin istəklərinə xidmət etmişdir.
Bugünkü Türkiyə Cümhuriyyəti həm tarixdən gələn, həm də içində bulunduğu şərtlərin özəlliklərini Atatürk ideyaları əsasında bir araya gətirərək onu həyata keçirmək məcburiyyətindədir. Xarici qüvvələrin təsiri, siyasi, dini və ideoloji yönlərlə Türk cəmiyyətinin sorunlarını həll etmək, onu ana cizgilərdən, Atatürk ilkələrindən ayırmaq ölkəni və xalqı çıxılmazlıqlara sürükləmək deməkdir. XXI əsr Türk dünyası içinə düşdüyü siyasi və mədəni xaosdan qurtulmaq üçün Atatürkün başlatdığı, fəqət sona çatdıra bilmədiyi yolu davam etdirməli, qloballaşmanın yaratmaqda olduğu dağıdıcı təsirlərə qarşı yeni bir siyasi və mədəni dönəm başlatmalıdır. Əks təqdirdə böyük Atatürkün söylədiyi kimi “Milli mədəniyyətin yox olması millətin tarix səhnəsindən silinməsi deməkdir”. Ona görə də “Milli mədəniyyətimizi müasir mədəniyyət səviyyəsinin üstünə çıxarmalıyız. Bunu Türkün mədəni vəsfini ortaya qoyaraq elmlə, irfanla, çalışmayla yapmalıyız”- deyən Atatürkün bu vəsiyyətini həyata keçirmək XXI əsr Türkünün ən ümdə vəzifəsi olmalıdır.
Atatürk 1937-ci ildə ona məxsus əkin sahələrini dövlət xəzinəsinə, bir hissə daşınmaz əmlaklarını Ankara və Bursa Bələdiyyələrinə bağışlamış, öz şəxsi mirasından yeganə bacısı Makbulə Xanıma, mənəvi övladlığa götürdüyü Afət İnana, Səbihə Gökçənə, Fikriyyəyə, Ülküyə, Nəbiləyə, Ruqiyəyə, Zəhraya və Musa adlı çobana, himayəyə götürdüyü Əbdürrəhim və Ehsan adlı cocuqlara, həmçinin yaratdığı Türk dili və Türk Tarixi Qurumlarına pay ayırmışdı.
Yaxınlaşan II Dünya müharibəsini öncədən görən Atatürk sülh yolu ilə bölgədə savaşa qarşı önləmlər almış, ölümündən sonra Türkiyə Cümhurbaşqanı olan silahdaşı İsmət İnönü Atatürkün xarici siyasətini davam etdirərək Türkiyənin II Dünya müharibəsinə qatılmasına icazə verməmiş, ölkəni bu böyük təhlükədən yara almadan qurtarmağa nail olmuşdu.
Atatürk Türk millətinə ən böyük xidmətlərini yapdıqdan, ona hüzur, nizam-intizam gətirdikdən və ona çalışma həvəsini aşıladıqdan sonra 10 noyabr 1938-ci ildə serroz xəstəliyindən İstanbulda Dolmabaxça Sarayında saat 9, 05 dəqiqədə vəfat etmiş, 21 noyabr 1938-ci ildə törənlə müvəqqəti istirahətgahı olan Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, “Anıt Qəbir” yapıldıqdan sonra 10 noyabr 1953-cü ildə cənazəsi yüksək bir törənlə Ankarada “Anıt Qəbir”də əbədi istirahətgahına gömülmüşdü.
Atatürk Türk millətinin qəlbində əbədi yaşayacaqdır. Çünki Atatürk dünya Türklərinin XX əsrdə qarantı olan Türkiyə Cümhuriyyətini yaratmış, sönməkdə, əriməkdə olan Türklüyü özünə qaytarmışdır.
Ruhu şad olsun.
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Share: