“31 Martın qarşısının alınması üçün Bakının rus-erməni şəhəri olmasıyla razılaşmalıydıq…”

“31 Martın qarşısının alınması üçün Bakının rus-erməni şəhəri olmasıyla razılaşmalıydıq…”

“İranla Türkiyəni qarşı-qarşıya qoymağı da nəzərdə tutan bu layihə 17 maddədən ibarət idi…”

 

MART SOYQIRIMININ BƏZİ MƏSƏLƏLƏRİNƏ DAİR…

                                       

Hər ilin bu vaxtlarında xalqımız Mart soyqırımının ildönümünü müxtəlif idarə və müəssisələrdə, təhsil ocaqlarında geniş qeyd edir. “Bu zəruridirmi” sualına birmənalı şəkildə bəli deyirik. Məlumdur ki,   hazırda  dünyada 4500-5000-ə yaxın xalq yaşayır. Onlardan yalnız 196-nın  müstəqil dövləti var. Bunlardan biri də təsadüfən yaranmayan, kiminsə bizə hədiyyəsi olmayan Azərbaycan dövlətidir. Dövlətimiz aparılan ağır, məşəqqətli mübarizədən, çoxsaylı dəhşətli qurbanlardan sonra yaranmışdır. Hər il xalqımıza qarşı həyata keçirilən soyqırımların qeyd edilməsinin elmi, tərbiyəvi və siyasi əhəmiyyəti var. Belə tədbirlər insanlarımızın vətənpərvərlik tərbiyəsinin düzgün formalaşması və istiqamətləndirilməsi baxımından da vacibdir. Tarixi təcrübə və müqayisəli elmi təhlillər göstərir ki, dövlətin gücü, digər amillərlə yanaşı,onun vətəndaşlarının şüurluluq səviyyəsinin yüksəkliyi, dövlətinə, millətinə bağlılığı,sədaqəti, sevgisi ilə əlaqəlidir. Hər il belə soyqırımların qeyd edilməsi nəticəsində vətəndaşlarımız dövlətimizin nə qədər böyük qurbanlardan sonra yarandığını aydın dərk edərək ona daha çox bağlanır, bunu qiymətləndirir, bu dövlətin bir fərdi, vətəndaşı olması ilə fəxr etməyə başlayır. Bu səbəblərdən hər il belə tədbirlərin geniş qeyd edilməsinin vacibliyi heç kəsdə şübhə doğurmamalıdır… 

 

Mart soyqırımına aid arxiv materiallarının, araşdırmaların, hadisə şahidlərinin müqayisəli, obyektiv, tənqidi təhlili göstərir ki, bu soyqırım təsadüfən, bəzi başıpozuq silahlı dəstələrin, irticaçı rus-erməni millətçi qüvvələrin impulsiv hərəkətlərinin nəticəsi olmayıb, ciddi şəkildə düşünülmüş, əvvəlcədən işlənib hazırlanmış hərbi əməliyyatların nəticəsində baş vermiş bəşəri bir cinayətdir. Təhlillər göstərir ki,soyqırımın təşkilatçısı Sovet Rusiyası, Lenin başda olmaqla Rusiya Xalq Komissarları Soveti olmuşdur. Onların əsas məqsədi müstəqilliyimizə mane olmaq, Vətənimizi soyqırımdan əvvəlki illərdəki kimi Rusiyanın daxili quberniyasına, Bakını isə adi rus şəhərlərindən birinə çevirmək idi. Ümumiyyətlə, bu siyasət Rusiyanın Şərq, türk-müsəlman dünyasına qarşı yeritdiyi siyasətin tərkib hissəsi olmuşdur. Soyqırımın icraçıları burada olan rus əsgərləri ilə yanaşı, erməni hərbi hissələri, “Daşnaksütyun”partiyası və erməni qriqoryan kilsəsi olmuşdur. Ermənilərin məqsədi xalqımızı qırıb məhv etdikdən sonra onlara məxsus olan torpaqlara sahib olmaq, bu ərazilərdə özlərinə dövlət yaratmaqdan ibarət idi.  

    

“Mart soyqırımı baş verməyə bilərdimi” sualına müsbət cavab verən M.Ə.Rəsulzadə bildirirdi ki, bəli, bundan qaçmaq olardı. Ancaq bunun üçün həm yüz ildən çox çarizmin əsarətində hüquqsuz vəziyyətdə yaşayan Azərbaycan xalqı, həm də  onların fikir və düşüncələrini, istək və arzularıni dilə gətirən siyasi qüvvələr milli idealların gerçəkləşdirilməsi uğrundakı şərəfli  mübarizədən, müstəqillikdən imtina edib əvvəlki illərdə olduğu kimi, Vətənimizin Rusiyanın adi, sıradan bir daxili quberniyası, Bakının isə rus-erməni şəhəri olmasına razı olmalı idilər. Bu isə mümkünsüz idi…                                                                                                                                                               

      

Soyqırımla bağlı aktual məsələlərdən biri də onun konkret olaraq “Mart soyqırımı” adlandırılması ilə bağlıdır. Bəziləri səhv olaraq belə güman edirlər ki, soyqırım yalnız 1918-ci ilin mart ayında baş verdiyindən belə adlandırılmışdır. Bu, yanlış düşüncədir. Əslində ermənilərin xalqımıza qarşı növbəti vəhşilikləri  1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının, mayda Rusiya müsəlmanlarının qurultaylarında qəbul edilən qərarlardan sonra başlamış, Cümhuriyyətin qurulmasına qədər davam etmişdir. İlk dəfə Cümhuryyət zamanı milli idealların gercəkləşdirilməsi uğrunda günahsız yerə öldürülən on minlərlə insanın əziz xatirəsini simvolik olaraq  bir günlə qeyd etmək qərara alınmışdır. Uzun müzakirələrdən sonra 1918-cil mart ayının 30, 31 və aprelin 1-də erməni- bolşevik tandeminin Bakıda daha qəddarcasına, çoxsaylı adamların qətlə yetirdyi bu günlərin ortasındakı rəqəm, yəni 31 mart qəbul edilmişdir. 1919-cu il mart ayının 28-də “Müsavat” partiyasının mərkəzi bürosunun binasında “Müsəlman əmələ və kəsbkarlarının“ konfransında 300 nəfərin iştirakı ilə keçirilən iclasda M.Ə.Rəsulzadə “Mart matəmi” mövzusunda çıxış edərək ilk dəfə 31 Martı soyqırım kimi qeyd etmənin zəruriliyini bildirmişdi. ”Bu gün bizi buraya toplayan məsələ mart matəmidir…. İştə mart faciəsi hürriyyət  və muxtariyyət əvəzinə bizə xərabəlik vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən binlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri-hürriyyət və istiqlalının qurban və şəhidləridir. Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli, ruhlarına fatihə oxumaqla qanımız bahasına alınan hürriyyətimizi qanımızı tökməklə olsa da mühafizə edəcəgiz, deməliyiz “Azərbaycan”qəzetinin 2 aprel 1919-cu il tarixli sayında  M.Ə.Rəsulzadənin “Nümuneyi-imtisal bir gün” adlı yazısından aydın olur ki,matəm səhər saat 8-dən axşam saat 6-ya qədər davam etmişdir. Parlamentin göstərişi və hökümətin qərarı ilə  1919- cu il mart ayının 31-i qeyri-iş günü elan edilmiş,günahsız yerə öldürülənlərin xatirəsi böyük bir ehtiramla yad edilmişdir…

       

Sovet işğal rejimi dönəmində rus-erməni birliyinin həyata keçirdiyi soyqırım xalqın yaddaşından silinməyə cəhd edilmişdi. Hətta onların əxlaqsızlığı o həddə çatmışdı ki, günahsız yerə öldürülənlərin dəfn edildiyi Çəmbərəkənd qəbristanlığı yerlə bir edilmiş, yerində isə sovetsayağı “Dostluq parkı salınmış, restoran tikilmişdi… 

     

Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən mart ayının 31-i yenidən Cümhuriyyət zamanındakı kimi azərbaycanlıların soyqırımı günü keçirilməyə başlanılmışdı. ”Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə -1918-ci mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələtinə siyasi qiymət vermək borcunu tarixin hokum kimi qəbul edir”.  Bu fərman soyqırımın daha dərindən araşdırılmasına,təbliğinə təsir göstərmişdi.          

 

Soyqırımla bağlı əhəmiyyətli hesab etdiyimiz digər bir məsələ, ermənilərin bu soyqırımı etiraf etmələri, bunu ideoloji cəhətdən əsaslandıraraq özlərinə haqq qazandırmalarıdır. Məlumdur ki, Lozanna sülh konfransından sonra erməni millətçiləri İranda ciddi şəkildə düşünülmüş bir plan əsasında fəaliyyətə başlamışdılar. Bu planın ana xəttini soyqırımın ermənilər tərəfindən türklərə qarşı bilərəkdən, ”ariyanizm” və “paniranizm”nəzəriyyələrini əsas götürdükləri üçün həyata keçirdiklərini etiraf etmələri təşkil edir. Olduqca məkrli məqsəd güdən bu nəzəriyyələrin yayılmasında erməni düşüncələrinin tərənnümçüsü olan “Droşaq”la yanaşı, həmin dövrdə İranda çap edilən “Təbriz”,”Pərvəriş”qəzetləri də onlara yardımçı olmuşdular. Ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırıma haqq qazandırmaq məqsədi ilə ortaya atdıqları ideloji nəzəriyyənin mürtəceliyi M.B.Məmmədzadənin “İran və ermənilər” adlı əsərində, həmçinin bu dəyərli əsərin təhlilinə həsr edilmiş geniş və hərtətəfli məqalələrdə geniş təhlil edilmişdir.     

 

Ermənilərin gələcəkdə antitürk istiqamətindəki fəaliyyətləri, İran və Avropa xalqları ilə yaxınlaşması zərurəti barədə Rəşt şəhərində nəşr olunan «Pərvəriş» qəzetində Türkiyə ermənisi P. Yeğigyanın «Bütün dünya iranlılarına yaddaş» adlı yazısı çox xarakterikdir. İranla Türkiyəni qarşı-qarşıya qoymağı da nəzərdə tutan bu layihə 17 maddədən ibarət idi. Onun fikrincə “İran irqindən olan millətlərin ittihadında İranın oynayacağı rol, Prussiyanın alman ittihadında oynadığı rol kimi olmalıdır» .

Yeğigyan hələ o dövrdə Türkiyədə yaşayan kürdləri yaşadıqları dövlətə qarşı qiyam qaldırmağa, bu işdə İranın onlara lazımi yardım etməsinə səsləyən, uzaq məqsəd güdən fikirlər yaymışdı. O, İran irqindən olan millətlər sırasına kürdləri də daxil edərək yazırdı: «Türkiyədə özlərinə müstəqil bir dövlət yaratmaq üçün mübarizə edən və cahan millətləri içərisində özlərinə müstəqil bir mövqe qazanmağa can atan və bu yolda heç bir fədakarlıq və qurbandan qorxmayan kürdlər dəxi daxildir».

  Əslində «…Yeğigyan müstəqil Ariyan ittihadını federasiya üsulunda görmək istəyir və bu federasiyada ermənilərə və kürdlərə də xüsusi bir mövqe verir” Bu layihədə günümüzlə səsləşən başqa bir məsələ – Hindistanla ittihad da diqqəti cəlb edir. Yeğigyan erməni hiyləgərliyi ilə «Eyni Ariyan nəslindən olan millətlərin ittihadından sonra  Hindistanla ittihad» fikrini irəli sürüb bildirir ki, «İran irqindən olan millətlərin ittihadından sonra Hindistanla dost və müttəfiq olmalıdır» .

Erməni hiyləgəri belə hesab edir ki, İranı idarə edənlər «ermənilərin xatiri üçün…Hindistan vasitəsi ilə qüvvətli bir Avropa dövlətinə arxalanmaq və ondan sonra… bir çox  və  millətləri silib xəritədən çıxarmaq məcburiyyətində qalacaqdır». Ermənilərin düşüncələrinin tərənnümçüsü olan «Droşaq» bildirir ki, guya İran ermənilərin ikinci vətənidir və onlar iranlılarla qardaş olduğundan «İranın hürriyyət» hərəkatında ermənilər rəhbər və avanqard rolunu oynamışlar».

«Droşaq» iddia etmişdir ki, guya ermənilər və Daşnaksütyun partiyası İrandakı fəaliyyətlərində erməni mənafeyi, erməni millətinin hansısa məqsədi üçün deyil, «…yalnız İranı əsarət və zülm altından qurtarmağa çalışmaqla vətəni vəzifəsini» yerinə yetirmişdi».

 

Erməni ideoloqları İran dövlətinə «sədaqətlə» xidmət etmələrinin səbəbini də riyakarcasına belə izah edir: «…dünyada yalnız İran milliyyətidir ki, bizim böyük qardaşlarımız və səmimi dostumuz olmuş və o şəkli ilə də qalır».

«Droşaq»  bildirir ki, İranda ermənilərin imtiyaz əldə etmələri, bir çox dövlət idarələrində yüksək vəzifə tutmaları onların arasındakı «qardaşlıq və səmimiyyətin» təzahürüdür. 

 

Erməni ideoloqları və yazarları iddia edirlər ki, ermənilərin İrana “sədaqət və fədakarlıqla» xidmət etmələrinin əvəzində, İran hökuməti də onlara nəinki daxildə imtiyazlar, güzəştlər vermiş, hətta erməniləri xaricdə də himayə etmiş, bacardığı qədər müdafiə etmişdir.   

 

Erməniləri idarə edənlərin iddialarına görə, İranın bu köməyi siyasi fikirlərdən irəli gəlməyib «qardaşlıq və  qandaşlıqdan» doğmuşdu. Guya məhz bu qandaşlığın nəticəsi imiş ki, İran Gürcüstan və Azərbaycan respublikalarından əvvəl Ermənistanın müstəqilliyini tanımış, İrəvana səfir təyin etmişdi.

 

Bütün bu «səmimi, dostluq və qardaşlıq» haqqında riya dolu sözlərdən, belə demək mümkünsə, hazırlıqdan sonra onlar əsil məqsədlərini açmağa başlayır. «Droşaq» qəzetinin yazdığına görə ermənilərlə İran arasında səmimi əlaqələr irq və qardaşlıqdan da çox «…bu iki milliyyəti birləşdirən, tarixlərini müştərək bir şəklə salan həqiqi mənafe olmuşdur»…

 

Ermənilərin regionunun iki böyük dövlətini, millətini qarşı-qarşıya qoymaq niyyəti «Droşaq»da açıq şəkildə verilmişdir. «Bu iki milləti daima bir xarici düşmən təhdid etmişdir. Müştərək və ümumi bir düşmən bu iki millətin həyat işığını keçirməyə səy etmiş və bununla bu iki milləti birləşdirmişdir.Bu düşmən də türk milllətidir».

 

Göründüyü kimi, ermənilər «panariyanizm», «paniranizm» haqqında yüksək fikirlərdən, bunlara daxil olan millətlərin «səmimi və etibarlı dostluğundan», bunu doğuran şərtlərdən sonra bu millətlərin guya gələcəkdə «xoşbəxt» yaşamasına mane olan amilləri, türk millətini və onların birliyini düşmən obrazında göstərmişdir…

 

(Davamı var)

 

                                                                   Ədəbiyyat :                                                                                                                      1.Əziz.B. Cümhuriyyətə gedən yol:milli azadlıq hərəkatının aktuallığı, mənbələri, dövrləri və cərəyanları.B., 2020, Çapar yayınları, 360 s.                                                                                                          

 

2.Aziz B.Mart faciasından Hocalıya Azerbaycanda ermenilerin türk soykırımı.İstabbul,2013,İQ kültür sanat yayınçılıq, 263 s.                                                                                                                                
3.Aziz B.Turkish massacre realized by the Armanians in Azerbaijan in XX centuru (1918-1992). Bochum,2015,                                                                                                                                              
 4. İsgəndərov A. Azərbaycan türk-müsəlman soyqırımı problemlərinin tarixşünaslığı:1918-1920. B., 2006, 396 s.                                                                                                                                                                                                  

5.Rüstemova-Tohidi Solmaz Ali k.1918.Azerbaycanlılara yapılan katliamlar fotoqraf ve belgelerde.B., 2012, 208 s.                                                                                                                       
6.Rəsulzadə M.Ə.Əsərləri V c. (1918-aprel 1920) B., 2014 ,Qanun, 564 s. 

 

7.Rəsulzadə M.Ə. Unudulmaz faciə.” Azərbaycan” qəz.31 Mart 1919-cu il.                                         

 

8.Məmmədzadə M.B. Ermənilər və İran. B., 1993, Azərnəşr, 42 s.  
 

9.Məmmədzadə M.B. Mart.   ” Azərbaycan” qəz.31 mart 1920-ci il.           

 

10.Əziz B., Nəcəfova K. Güney Azərbaycanda ermənilərin törətdiyi söyqırımın ideoloji əsaslarının ifşası M.B. Məmmədzadənin əsərində (I h.) AXC-nin 100 illikyubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları.B., 2018, s209-213                                                                
11. Əziz B. Güney Azərbaycanda ermənilərin törətdiyi türk soyqırımının ideoloji əsaslarının ifşası M.B.
    Məmmədzadnin əsərində. (II h.) “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi.31 Mart tariximizin 
    faciəli səhifəsi. Bey. elmi konfr. Materiallar.B., 2019,  s. 185-199 

 

12.Hacıbəyli Ü. 31 Mart.  ”Azərbaycan”  qəz.31 mart 1919- cu il.

 

13.Mart qırğını. ”Azərbaycan” qəzetinin xüsusi buraxılışı. №11. Mart 1993.
   

 

Boran Əziz, Tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosenti.

 

Mənbə

Share: