34 yaşlı başçı, bir zəhmət Lerikdən Xanagaha get

Lerik rayonuna 34 yaşlı gənc icra başçısı təyin edildi. Təbrik edirəm!
Indiyə qədər Lerikə hər yaşda, hər bölgədən rəhbər təyin edilib, elə leriklilərdən də.. Amma Leriklilərin boğazacan yığılmış problemlərinin həlli tapılmır ki, tapılmır..

Lerikin 160-dan artıq kəndi var, 100-dən çox kəndində qaz yoxdur..Bir maşın odun isə 200 manatdır.

Lerikin demək olar ki, kəndlərində aptek yoxdur. Həkim problemi var, ağır vəziyyətdə olanlar üçün təcili tibbi yardım maşını gəlmir, insanlar xəstələrini şəxsi maşınları ilə yaxın rayon xəstəxanasına çatdırırlar.

Lerikin heç bir kəndinə marşrut xətti yoxdur. Adi bir manatlıq periksi almaq kəndliyə 20 manata başa gəlir.

Lerik -Xanagah yoluna ayrılan milyonlar talan edildi, çəkilən keyfiyyətsiz yol istismara qəbul edilməmiş dağıldı.

Lerikin əksər kəndlərində telefon xətti yoxdur, poçt xidməti göstərilmir. Bu səbəbdən Lerikdən və Yardımlıdan(Yardımlı da eyni gündədir) Bakıya və ətrafyanı rayonlara köç başlayıb. Kəndlərdəki evlərin yarıdan çoxunun ağzı qıfıllıdır. Qıfıllı olmayan evlərin sahibləri isə Bakıdan gələn mövsümlə əlaqədar bir iki aylıq qalanlar, müəllimlər və yaşlı insanlardır.

Yeni başçı bir zəhmət Lerikdən Xanagah kəndinə getsin; yol və əhalinin siması ona hər şeyi deyəcək.

Gənc başçıya təkliflər:
1. Lerik-Xanagah yolunun yenidın təmirinə başlamaq.

2. Heç olmasa həftədə iki gün Rayonla kəndlər arası marşrut xəttinin açılmasına nail olsun.

3. Qaz olmayan kəndlərin qaz çəkilməsinin sürətləndirilməsinə nail olmaq və qaz olmayan kəndlərdə insanların pulsuz odun təminatını təşkil etmək.
4. Bütün kəndlərdə həkim çatışmazlığını aradan qaldırmaq .

5. Əkin və biçin vaxtı texnika üçün növbələr yaranır, kəndlər texnika ilə təmin olunsun.

6. Yay vaxtı bəzi çaylar və bulaqlar quruyur, bu da əkin sahələrinin məhvinə və heyvanların susuz qalmasına səbəb olur. Su problemini aradan qaldırmaq.

Talıb Əhədov

Share: