“Bəzi insanların söz və ifadə azadlığının “çətiri altında” gizlənməsinə imkan verilməməlidir” – RƏY

“Baş Prokurorluğun reketlərə qarşı mübarizəsi yüksək qiymətləndirilməlidir. Amma mən “reket jurnalist” ifadəsi ilə razı deyiləm. Çünki reketçilik soyğunçuluqdur, quldurluqdur. Bu, peşə ilə bağlı məqam deyil”.

Bu sözləri Milletinsesi.az-a açıqlamasında “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdəki belə halların artmasının səbəbi bəzi insanların söz və ifadə azadlığının “çətiri altında” gizlənməsidir:

“Lakin nəzərə almaq lazımdır ki, Konstitusiyada hüquqlar müəyyənləşdiyi kimi, buna uyğun olaraq vəzifə və məsuliyyətlər də öz əksini tapıb. Həmçinin Azərbaycanın da qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində ictimai təhlükəsizliyə, dövlət təhlükəsizliyinə zərbə vuran informasiyaların yayılmasına məhdudiyyətlər nəzərdə tutulub. Bu mənada reketçiliyə qarşı atılan bütün addımlar mövcud hüquqi baza əsasındadır”.

E.Mirzəbəyli bildirib ki, söz və ifadə azadlığı xaos kimi başa düşülməməlidir:

“Söz və ifadə azadlığından sui-istifadə edən insanlarla bağlı onların əməllərinə görə cəza tədbirləri görülməlidir. Yəni, söz və ifadə azadlığı belə məsələlərdə fundamental əhəmiyyət daşımır. Biz adi həyatda necə yaşayırıqsa, sosial şəbəkədə də günümüzü elə keçirməliyik. Sosial şəbəkə cəzasızlığın hökm sürdüyü ayrıca dünya deyil. Sosial şəbəkələrdə insan şəxsiyyətləri var və qanun hər yerdə olduğu kimi, sosial platformalarla da insanların şəxsiyyətini qoruyur. Hüquq hər yerdə öz mövqeyini ifadə etməlidir. Heç bir yerdə məsuliyyətdən yayınmağa imkan verilməməlidir”.

Baş redaktorun fikrincə, cəza siyasətinin fəlsəfəsində çəkindiricilik məqsədi dayanmalıdır. O hesab edir ki, bu, bir növ cəmiyyətə mesaj olmalıdır:

“Bir insana verilən cəza nəticəsində digərləri də “qırmızı xətt”in harada olduğunu bilməlidir. Yəni qanunvericilik nəyi tələb edirsə, o da olmalıdır. Ümumiyyətlə, reketçiliyə qarşı mübarizə daimi xarakter daşımalıdır. Bu, peşəkar medianın da xeyrinədir. Çünki adətən pis davranışlar daha “yoluxucu” olur. Beləliklə, insanlar peşəkar mətbuat ətrafında toplaşmaq əvəzinə, əks istiqamətə, yəni zərərli tərəfə yönəlirlər. Beləliklə, həm də rəqabət prinsipi pozulur. Deməyim odur ki, hər kəs hüquq qarşısında bərabərdir. Kiməsə söz və ifadə azadlığından sui-istifadə etməyə imkan verilməməlidir”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə qeyri-dəqiq məlumatlar yayan insanlara rast gəlinir. Onlar bu yolla ictimai şüuru səhv istiqamətə yönəltməklə yanaşı, həm də jurnalistikanın cəmiyyətdəki nüfuzuna zərbə vururlar. Baş Prokurorluq son günlər belə neqativ hallara qarşı uğurlu mübarizə aparır. Beləlikə, tarixi ənənələrə malik peşəkar mətbuata olan etimadın azalmasının qarşısı alınır.

Share: