“İllərdir dublyajla məşğulam. Məni heç vaxt dublyaj sıxmayıb. Əksinə, o qədər özünə çəkdi ki, dublyajda qaldım. Bir-neçə filmdə obrazlarım var. Amma o qədər dublyaja öyrəşmişdim ki, bəzi film dəvətlərindən imtina etdim. İşimdən, peşəmdən çox razıyam”.
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nəcibə Hüseynova deyib. Nəcibə Hüseynova bildirib ki, bu illər ərzində neçə-neçə film səsləndirsə də “Təhminə” filmi onun vizit kartına çevrilib.
“Bir gün mənə dedilər ki, Rasim Ocaqov səni axtarır. O dostumuzun vasitəsilə məni tapdı. Dedi ki, “filmi çəkmişəm, Təhminəni sən səsləndirəcəksən”. Meral Konrat filmdə çalışırdı ki, bizim dildə danışsın, amma ləhcəsi çox pis idi, Azərbaycan dilində çox pis danışırdı. O sadəcə mətni əzbərləmişdi. Orada artikulyasiya məsələsi var idi, o üst-üstə düşürdü. Buna görə ona hər zaman təşəkkür edirəm. Bilirsiniz ki, həmin filmdə bəzi səhnələrdə söyüşlər var. Onları dublyaj edəndə utanırdım, məni buna hazırladılar. Rasim müəllim dedi ki, “bu sözlər deyilməlidir, çox xahiş edirəm bunları de”. Mən də özümü ələ alıb dublyaj etdim. 50 ilə yaxındır mən bu sənətdəyəm, amma “Təhminə” filmi mənim vizit kartıma çevrilib. Hara gedirəmsə, “Təhminə”dən danışırlar. Halbuki Rasim Ocaqovun bir neçə filmini səsləndirmişəm” deyə sənətkar bildirib.
Nəcibə Hüseynova dublyajın bu günki vəziyyətindən də danışıb.
“Aktyorun səsi yaxşı, xoşagələn, təmir diksiyası olmalıdır ki, o dublyaj etsin. Təbii ki, səsində qüsuru olan aktyor dublyaj edə bilməz. Mən həmişə deyirəm ki, ürəklə beyin eyni anda işləməlidir. Bu gün nədənsə teatra, kinoya olan münasibəti dublyaja qarşı görmürəm. Biz dublyaj ediriksə bu da kinonun bir qoludur. Ona qarşı da münasibət yaxşı olmaldır. Ümid edirəm ki, nə vaxtsa bu sahədə olan çatışmazlıqlar aradan qalxacaq” deyə sənətkar bildirib.