Bu gün Xətai rayonun, 55 nömrəli orta məktəbdə Gənclər günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Prezident İlham Əliyevin gənclərlə bağlı səsləndirdiyi fikirlərdən ibarət videoçarx, ardınca 10″A” sinif şagirdi Kəmalə Sənayevanın Gənclər günü ilə əlaqədar ictimaiyyət arasında apardığı sorğu izlənilib.
Moderator.Az xəbər verir ki, şagirdlərin gənclər haqqında hazırladıqları əyləncəli səhnəciklər, “sosial şəbəkələr” mövzusunda dialoqlar, müxtəlif kompozisiyalar səsləndirilib. Tədbirdə məktəbin gənc müəllimləri Məhbubə Qarayeva, Vüsalə Həsənova, Ravil Abdullayev öz həyat hekayələrindən bəhs edərək uğura gedən yoldan danışıblar. Məktəbin Əməkdar müəllimi Cəmilə Mahmudova gənclərə tövsiyələr verərək onları təbrik edib.
Tədbirin qonaqları, Xətai rayonu Yeni Azərbaycan Partiyasının əməkdaşı Ülvi Abbasov, Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Orucov, məktəbin məzunları Çinarə Fətəliyeva, Elvin Abdullayev, paraolimpiyaçı Rəsul Zəkiyev çıxış edərək 2 fevral Gənclər günü münasibətilə gəncləri təbrik ediblər.
Sonda məktəbin direktoru Yaqut Kərimli tədbirdə iştirak edən qonaqlara və tədbirin təşkilatçılarına, şagirdlərə təşəkkürünü bildirib. Xatirə şəkli çəkilib.