“6 kapitan bir gəmini batırar” – Ərdoğan müxalifətə sataşdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətə müraciət ünvanlayıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə sahibkarlıqla bağlı tədbirdə çıxışında danışıb.

 

“6 kapitan bir gəmini batırar, 1 kapitan isə onu xilas edər. Pultla hərəkət edən namizədə “səs verin” demək millətin ağlını ələ salmaq olar”, – deyə Ərdoğan bildirib.

 

“Mən “Cümhur İttifaqı”nın namizədi olaraq aylardır ki, millətimizin hüzurundayam. Amma ər meydanı olan seçki meydanında mübarizə 1 namizədlə olmur”, – deyə Ərdoğan müxalifəti namizədini açıqlamağa çağırıb.

 

Qeyd edək ki, Türkiyə növbəti prezident seçkilərinə hazırlaşır. Bu il baş tutacaq prezident seçkilərində iqtidar düşərgəsinin namizədi artıq bəllidir. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dönəmdə də ölkəyə rəhbərlik etmək üçün seçki marafonuna qoşulacaq. O, AKP və MHP-nin təmsil olunduğu Cümhur ittifaqının namizədi kimi irəli sürüb.İqtidardan fərqli olaraq müxalifət cəbhəsi hələ də Ərdoğana qarşı dura biləcək namizədini müəyyən edə bilməyib. Ehtimal olunur ki, Ərdoğanın rəqibi “Altılı masa”dan və ya kənardan seçiləcək.

 

Hazırda 6 müxalifət partiyasının birləşdiyi “Altılı masa”da Kamal Kılıçdaroğlunun sədrlik etdiyi Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin sədrlik etdiyi İyi Partiya (İYİ), Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası (SP) və Gültekin Uysalın sədrlik etdiyi Demokrat Partiyası (DP), həmçinin AKP-dən istefa verib yeni partiyalar yaradan keçmiş baş nazir Ahmet Davutoğlunun Gələcək Partiyası və sabiq xarici işlər və iqtisadiyyat naziri olmuş Ali Babacanın Demokratiya və Atılım Partiyası (DEVA) təmsil olunur. 

Mənbə

Share: