70 il evli olan cütlük uzun və xoşbəxt münasibətlərin sirrini açıqladı

İngiltərənin Staffordşir qraflığının Kannok Çeyz dairəsindən olan evli cütlük 70 ildir davam edən xoşbəxt münasibətlərinin sirrini açıqlayıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, 1951-ci ildə evlənərkən Ayriş 19 yaşında olub. O, gələcək ərinə ilk baxışdan vurulduğunu deyir.

“Mən onu görən kimi düşündüm: “Bu odur”. Mənə başqa heç kim lazım deyildi. Bütün bu illər ərzində onu çox sevmişəm”, – deyə qadın etiraf edir.

Ayriş hesab edir ki, uğurlu münasibətlərin sirri xasiyyətdəki fərqlilikləri qəbul etməkdədir. Əri də onunla razılaşaraq deyib:

“Fərqli fikirlərimiz var, sadəcə bununla barışmaq lazımdır. Axı biz hamımız fərqliyik. Və küsülü yatmaq olmaz. Bu hər kəslə bölüşmək istədiyim ən vacib tövsiyədir”.

Ayriş hər şeyin sevgi ilə görülməli olduğunu əlavə edib:

“Qarşı tərəfə səbrli olmalı, çətinliklərin öhdəsindən birlikdə gəlməli və hər zaman bir-birinizin yanında olmalısınız”, – deyə o, vurğulayıb.

Evli cütlüyün iki övladı var: 61 yaşlı Ceyn və 57 yaşlı Robert. Bundan başqa, onların altı nəvəsi də var.

Ayrişdən ərinin hansı xüsusiyyətlərini sevdiyini soruşduqda kişi onun əvəzinə zarafatla cavab verib:

“Mənim o qədər gözəl xasiyyətim var ki, sadalamaq üçün bütün günü burada qalmalıdır”.

Ayriş isə gülərək ərini hətta kaprizli olanda belə sevdiyini deyib.

“Düşünürəm ki, deyinməyini eşitməsəm, onun üçün darıxaram”, – deyə qadın bildirib.

Qeyd edək ki, 97 yaşlı Uilfredlə 89 yaşlı xanımı Ayriş Maylzın evlilik ildönümü ilə əlaqədar Böyük Britaniya kraliçası II Elizabet də təbrik məktubu yazıb.

Share: