“Qulaqlarımda “Xocalı, Xocalı” səsi eşidildi”
“Gözümüz aydın olsun. Sağ olsun Müzəffər Ali Baş Komandan, Müzəffər Ordumuz var olsun. Bizə bu sevinci yaşatdılar. Şad xəbəri bu gün mənə qızım verdi. Mən sanki havaya uçdum, özümdə olmadım. Dedim ki, yalan olar, bir də yenidən oxu. Dedi ki, ana artıq ordumuz Xocalıya daxil olub. Mən özümü həyəcanlandırmamaq üçün nəfəs alıb dayandım. Qulaqlarımda “Xocalı, Xocalı” səsi eşidildi. Çox qəribə hiss keçirdim. Özümdən asılı olmayaraq bir anlıq ağladım. Ürəyim sıxıldı, pəncərəni açıb havada dayandım. Dərhal gözümün önünə evimiz, Xocalı, o müsibət gün gəldi. Mənim şəhid şəhərim Xocalı bu gün azad olacaq. Biz Xocalıya qayıdacağıq. Xocalıya dönüşümüz də mübarək olacaq inşallah. Onu da deyim ki, biz Xocalıdan bir müsibətlə, ağır yara ilə çıxdıq ki. Qayıdışımız da müsibət olacaq. O evlərə dönəndə çoxunun işığı yanmayacaq. İtirdiklərimizi görməyəcəyik. Mən şəxsən valideynlərimi görməyəcəm. Həyat davam edir”
Bunu Moderator.az-a açıqlamasında 8 gün əsirlikdə qalan Xocalı sakini Dürdanə Ağayeva deyib. O daha sonra əlavə edib.
“Xocalı faciəsi vaxtı erməni mənə hərtərəfli ziyan vurub. Əsirlik həyatımda bütün sağlamlığımı, cavanlığımı, gəncliyimi itirdim. Bunu bütün respublika bilir. Getdiyim bütün xarici ölkələrdə bunu demişəm. Erməninin mənə vurduğu zərbənin bu gün də əziyyətini çəkirəm. Çox acı, ağrı çəkirəm. Mən 8 gün əsirlikdə qaldım, 8 gündə hər şeyimi itirdim. Mən Xocalıda rabitəçi olmuşam, gəlib Bakıda o peşənin təhsilini davam etdirə bilmədim. Halbuki peşəmi çox sevirdim. Mən yenə də deyirəm ki, vətən sağ olsun. Özümü həmişə ölü kimi bilirdim. Bu gün dirildim” deyə Dürdanə xanım bildirib.
Xocalı sakini onkoloji xəstəlikdən əziyyət çəkdiyini də bildirib.
“Mən onkoloji xəstəyəm. Süd vəzisi xərçəngindən əziyyət çəkirəm. O da sümüklərimə metastaz verib. Bu ayın 28-də inşallah əməliyyata girəcəm” deyə müsahibimiz bildirib.
Dürdanə Ağayeva bildirib ki, düşmənlə birlikdə yaşamaq istəmir.
“Düşmənin düşmən olduğunu unutmamalıyıq. Nə vaxt unutmuşuq başımıza hadisə gəlib. Mən lap əvvəldən demişəm ki, Qarabağ ermənisiz olsun. Ermənilərlə bir yerdə yaşaya bilmərəm, üz-üzə gələ bilmərəm. Mən orada işgəncə görmüş, ölüb-dirilmiş bir qadınam. İndinin özündə də qara maska taxan adam, birinin əlində bıçaq görəndə qorxuram. Çünki əsirlikdə o bıçağı dəfələrlə boğazıma dirəyirdilər. Necə mən ermənilərlə üz-üzə gələ bilərəm?” deyə Xocalı sakini deyib.