Sülhü Rusiya yox, ABŞ gətirəcək

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Təxminən 20 dəqiqə davam edən görüşün yekununda hər hansı sənəd imzalanmayıb, yalnız sülh gündəliyi nəzərdən keçirilib. 

 

Görüşün nəticələrini Modern.az-a şərh edən britaniyalı məşhur politoloq Neil Watson Moskva və Vaşinqtonın təklifləri dəyərləndirib, eləcə də tərəflər üçün hansı sülh variantının məqbul olmasına aydınlıq gətirib. 

 

Onun sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistana sülh müqaviləsinin imzalanması prosesində yardım etməkdə maraqlıdır:

 

“ABŞ administrasiyası kommunikasiyaların yenidən açılması nəticəsində hər iki xalq arasında münasibətlərin normallaşacağını düşünür. Eyni zamanda Cənubi Qafqaz və daha geniş region üçün sülhün dəyərini anlayır. Bu gün Azərbaycan enerjisi və Orta Dəhliz kimi təklif olunan ticarət əlaqələri Avropa üçün vacibdir. Bu məqamda Qərb və ya Amerika ancaq tərəflər arasında münasibətlərin normallaşmasını dəstəkləyə bilər. Bundan başqa, Azərbaycan İkinci Qarabağ müharibəsində ona uğur qazandıran İsraillə yaxındır. Bir ölkə İsrailə yaxındırsa, nəticədə ABŞ-a yaxındır”.

 

 

Politoloq Moskvanın sülh səylərinə də toxunub. Kremlin Ermənistanı himayəsində saxladığını bildirən Neil Watson sülhün Rusiyanın təşəbbüsü ilə əldə olunmayacağını vurğulayıb: 

 

“Digər tərəfdən, Rusiya Azərbaycanla Ermənistan arasında sabitliyin və sülhün əldə olunmasında maraqlı deyil. Dünən Moskvada keçirilən üçtərəfli görüşə baxmayaraq, Rusiya qeyri-sabitlik, “parçala və hökm sür” siyasətini davam etdirir. Rusiya Ermənistanı Sovet İttifaqının süqutundan bəri öz himayəsində saxlamağa nail olub. 

 

Bundan əlavə, Rusiya son 30 illik işğal ərzində mövcud status-kvonu saxlamaq üçün əlindən gələni edib. Hesab edirəm ki, sülhün əldə olunmasında Rusiyaya etibar etmək olmaz. Üstəlik, Rusiyanın Ukraynaya baxışı başa düşülsə belə, onun təcavüz və işğal rejimi o deməkdir ki, heç vaxt sülh prosesinin məqbul hissəsi ola bilməz. Lakin son nəticədə qərar Prezident İlham Əliyev və Baş nazir Paşinyanındır. Onlar sülhün təcili zərurətini arzulayır və başa düşürlər, nəticədə sülh qalib gələcək”.  

 

 

Zəngəzur dəhlizinin açılmasında Amerikanın maraqlı olub-olmadığına gəlincə, politoloq deyib:

 

“Şübhəsiz ki, Zəngəzur dəhlizi termini Ermənistan üçün əsas məsələdir və bunu dünən Paşinyanın Moskvadakı çıxışı nümayiş etdirdi. Avropa İttifaqı və Rusiya prezidentinin İlham Əliyevin Laçın yolu ilə Zəngəzur dəhlizi arasında qarşılıqlı əlaqə təklifini dəstəklədiyi açıq görünür. ABŞ regionda bütün ticarət və kommunikasiya əlaqələrinin yenidən açılmasını və münasibətlərin normallaşmasını görməkdə maraqlıdır, ona görə də inanıram ki, Vaşinqton tədbirlər paketinin bir hissəsi kimi Zəngəzur dəhlizinin açılmasını dəstəkləyəcək”. 

 

Xatırladaq ki, Prezident İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir. 

Mənbə

Share: