Xalq Cümhuriyyəti digər xalqlara örnək olub

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir:

 

“Möhtərəm cənab Prezident!

 

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması mühüm tarixi hadisə kimi digər xalqlara örnək olmuşdur.

 

Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olan Azərbaycan Respublikası Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı, xüsusilə də sülhün, sabitliyin və əməkdaşlığın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.

 

Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminliklə qeyd etmək istəyirəm ki, türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq ruhu daha da dərinləşəcək və Təşkilatımız yeni-yeni uğurlara imza atacaqdır.

 

Bu əlamətdar bayram münasibətilə yaranmış fürsətdən istifadə edərək, Zati-alinizə davamlı uğurlar arzulayır, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm”.

Mənbə

Share: