Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradaraq, qazandığı parlaq qələbədən ötən 3 ilə yaxın zaman ərzində Ali Baş Komandan, Prezident İlham Əliyevin tarixi günləri, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd etməsi artıq bir ənənə halını alıb. Haqq savaşından sonra Müzəffər Ali Baş Komandan Şuşaya elə ilk səfəri zamanı bütün dünyaya “Biz bu torpaqları yenidən dirildib, həyat verəcəyik. Bu yerləri cənnətə çevirəcəyik” mesajını verdi. Sözünə, vədinə hər zaman əməl edən ölkə Prezidentimiz “İndi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək” dedi. Və 2023-cü il mayın 28-də Prezident İlham Əliyev Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ilə birlikdə Laçında qeyd etdi.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, xalqımız üçüncü ildir ki, Müstəqillik Gününü qalib xalq kimi qürurla, fəxrlə qeyd edir. Bu il isə Müstəqillik Günü ikiqat bayrama çevrilib. Ölkə Prezidenti Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim edərkən bildirib ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.
Erməni qəsbkarlarının 30 il ərzində ağlasığmaz vandalizm aktlarını həyata keçirdiyi tarixi torpaqlarımıza yenidən həyat qaytarılır. Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti ilə illərlə işğal altında qalan yurd yerlərimiz yenidən cənnətə çevrilir. Düşmənin 1992-ci il 18 may ayında işğal etdiyi, vəhşicəsinə dağıtdığı, etnik təmizləməyə məruz qoyduğu Laçın rayonu da sürətlə dirçəldilir. Böyük Qayıdışın növbəti ünvanı Laçında geniş quruculuq işləri aparılır, yol, enerji, su və digər kommunikasiya layihələri gerçəkləşdirilir. Tarixi-dini abidələrimizin bərpası və yaxud yenidən qurulması sahəsində mühüm addımlar atılır.
Əlamətdar gündə ölkə Prezidentimiz Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlini qoydu, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını etdi. Zabux kəndində aparılan tikinti işləri, Laçın şəhərinin baş planı ilə, Aqro və Sənaye Parkında aparılan işlərlə tanışlıq, ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimi, rayon ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimi düşmənin viran qoyduğu ərazilərin yenidən dirçəldiyinin real təsdiqidir.
“Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.Prezident İlham Əliyev Laçına qayıdan əhali ilə görüşündə qeyd etdiyi kimi Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Bir sözlə, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq bütün başqa rayonlar kimi Laçın rayonu da bərpa olunur, laçınlılar da öz doğma yurd-yuvalarına qayıdır.
Pərvin Kərimzadə onu da vurğulayıb ki, 28 il işğalçı Ermənistanın hərbi cinayətlərinə məruz qalan Laçın şəhərində artıq doğma yurdlarına qayıtmış insanların danışıq və gülüş səsləri də eşidilir. Böyük Qayıdışın növbəti ünvanı olan Laçında uzun illərin həsrətindən sonra doğma torpaqlara qovuşmuş laçınlıların çöhrəsindəki xoşbəxt təbəssüm hər bi elini, obasını sevən azərbaycanlıya qürur, fəxr hissi yaşadır.
Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi, indi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, – halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, – göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.
Bəli, erməni faşizminin “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. “Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”. Müstəqil Azərbaycanın Müzəffər Ali Komandanı, Prezidenti İlham Əliyevin söyləduyi bu fikirlər tarixi reallıqdır.
Müstəqil Azərbaycan tarixi ədaləti bərpa etdi, işğalçı dövlətə yerini göstərdi. 44 günlük Vətən müharibəsində birliyimizi, gücümüzü dünyaya nümayiş etdirən Azərbaycan xalqı artıq işğaldan azad olunan torpaqlarımızı cənnətə çevirir. – deyə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə qeyd edib.