Prezidentin çıxışı separatçıları qorxuya saldı

Prezident İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı Qarabağdakı qondarma qurumun “məmurları”nın bağışlanması məsələsinə aydınlıq gətirdi. Dövlət başçısı çıxışı zamanı bildirdi ki, onlar üçün qalan yeganə yolu qalır, bu da təslim olmaqdır. 

 

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ – red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”, – Prezident deyib.

 

Ali Baş Komandanın xəbərdarlıq mesajı separatçıları təşvişə salıb, onların Azərbaycana təslim olub-olmayacağı məsələsi sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə mövzusuna çevrilib.

 

Separatçıların yaydıqları bəyanatlardan görünür ki, revanşist qüvvələr təslim olmaq niyyətində deyillər. Bəs belə olduğu halda Azərbaycan hansı addımları atacaq? Bakının “B” planında nələr var?

 

 

Mövzu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Prezident İlham Əliyevin mövqeyini bu cür açıq şəkildə sərgiləməsi faydalı, həm də önənlidir.

“Çünki istər-istəməz orada yaşayan insanlar, yəni ermənilər gələcəyin necə olacağını düşünür. Azərbaycanın dövlət başçısı çox aydın şəkildə dilə gətirdi ki, ermənilər hansı yolu seçməlidir. Amma onu da söyləmək lazımdır ki, ən yaxşı döyüş silahsız qalib gəldiyindir. İlham Əliyev hansı vəziyyətin hakim olduğunu və əbəs yerə erməni cavanlarının qarşıdurmaya cəlb edilməməsini qarşı tərəfin diqqətinə çatdırdı. Təbii ki, onların silahı yerə ataraq təslim olması bizə də xeyirdir”.

 

T.Zülfüqarov vurğulayıb ki, separatçıların müsbət cavab verməsi gözlənilmir: “Burada əsas məsələ Qarabağda yaşayan etnik ermənilərin bizim sorğumuza müsbət cavab verməsidir. Mən əminəm ki, sadə əhali düzgün seçim edəcək. Hesab edirəm ki, Azərbaycan onlara fikirləşmək üçün vaxt verməlidir. Kimlər ki, bizə qarşı partizan müharibəsi aparmaq istəyir, onların aqibəti yaxşı olmayacaq. Ümumuyyətlə, indi tam fərqli bir vəziyyət hökm sürür. Azərbaycan bütün Qarabağ ərazisinə nəzarət edir. Bizə müqavimət göstərmək istəyənlər isə məhv olacaq. Onu da qeyd etmək lazımdır ki, qeyri-rəsmi şəkildə ermənilərlə təmasları davam etdirmək lazımdır”.

Hərbi ekpsert Elxan Şıxəliyevin fikrincə, Prezidentin Laçındakı çıxışından sonra yeni normativlər yaranıb.

O fikirlərini belə əsaslandırıb: “Biz əvvəl qeyri-qanuni birləşmələrin torpaqlarımızı tərk etməsini tələb edirdiksə, indi Qarabağdakı separatçılar Azərbaycanın yeni yol xəritəsini anladılar. Bu ondan ibarətdir ki, separatçılar silahsızlaşdırılmalı və ərazilərdən uzaqlaşdırılmalıdır. Ermənilər isə vəziyyəti başqa yöndə gərginləşdirmək istəyir. Moskvada keçirilən son görüşdə Nikol Paşinyan Rusiya prezidentinə yeni təklif səsləndirib. Bu da guya rus sülhməramlılarının ermənilərin təhlükəsizliyini təmin edə bilməməsi və Qarabağa beynəlxalq missiyanın yerləşdirilməsi ilə bağlıdır”.

 

 

E.Şıxəliyev düşünür ki, separatçıların ağ bayraq qaldırmaqdan başqa yolu yoxdur: “Bütün bunlardan həvəslənən separatçılar qəsdən əziyyəti gərginləşdirərək Qarabağda beynəlxalq missiyanın olmasının vacibliyini göstərməyə çalışır. Xüsusilə separatçıların Kişineu görüşündən öncə belə aktivləşmələri təsadüfi deyil. Onlar qəsdən təxribat törədərək danışıqlardan yayınmağa cəhd edirlər. Göründüyü kimi, saxta səhnəcik qurub Avropa nümayəndələrini Qarabağa gətirmək niyyətindədirlər. Təbii ki, bu məsələ Azərbaycan tərəfindən qəbuledilməzdir. Bizim hətta sülhməramlıların da Qarabağdan çıxarılması ilə bağlı mesajlarımız qüvvədədir. Sadəcə onların 2025-ci ilə qədər vaxtları var”.

“Ümumiyyətlə, separatçıların ağ bayraq qaldırmaqdan başqa yolları qalmır. İlham Əliyevin Laçındakı çıxışından sonra separatçılar hər gün stres içində Azərbaycan Ordusunun nə vaxt hərəkətə keçəcəyini düşünürlər. Qorxu içindədirlər. Təbii ki, onlar qorxudan əsgərlərimizə atəş açaraq, yeni mövqeylər yaratmağa çalışaraq, bizi cavab tədbirləri görməyə təhrik edəcəklər. Qarabağda ümumi olaraq 140-a yaxın hərbi hədəflər mövcuddur. Ancaq indki mərhələdə ermənilərin qurduğu oyuna düşməmək üçün ordumuz səbr nümayiş etdirir. Şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələri zamanı çatanda antiterror əməliyyatı həyata keçirəcək”. 

 

 

Hərbi ekspert Ədalət Verdiyev isə söyləyib ki, separatçılar Azərbaycanın təklifini qəbul etməsələr, Azərbaycanın cavab addımları qaçılmaz olacaq:

 

“Azərbaycanın suveren ərazilərində ölkəmizə qarşı silahlı müqavimət göstərən erməni silahlılarının təslim olmaları üçün verilən iki il yarımdan çox artıq başa çatıb. Lakin hələ də onlar nə silahlarını təhvil verib, nə də təslim olublar. Ali Baş Komandanın verdiyi təklifi qəbul etməsələr, bu addım Qarabağın erməni silahlılarından təmizlənməsi ilə nəticələnəcək. Bunu müxtəlif əməliyyatlarla həyata keçirmək mümkündür. Güc yoluna əl atmaq Azərbaycan üçün ən son variant olaraq qəbul edilir. Biz bu işin qansız və itkisiz başa çatmasının tərəfdarı olsaq da, əks tərəfdən adekvat addımların atılmaması bizi Ordumuzun xidmətlərindən istifadə etməyə məcbur edir. Əlbəttə, bu da separatçı rejimə və onları dəstəkləyən Ermənistana hakimiyyətinə ağır nəticələr vəd edir”.

Mənbə

Share: