Prezidentin çıxışı bizdə böyük ümid yaradıb

Bu yaxınlarda yolu azaraq Ermənistan ərazisinə keçən və orada əsir götürülən Azərbaycanın iki hərbçisinin – Aqşin Bəbirov və Hüseynov Axundovun geri qaytarılması dövlətimiz üçün prioritet məsələdir. Belə ki, Prezident İlham Əliyev mayın 28-də Laçında səfərdə olarkən bu məsələyə də toxunub və Ermənistana tərəfindən ciddi mesajlar verib. 

 

“İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər, əgər kimsə yolu azsa, əgər belə bir hal baş verərsə, maksimum iki günə o adamlar qaytarılmalıdır. Biz buna əməl edirdik. Onları maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarırdıq, mülki vətəndaşları da, hərbçiləri də. Görün, onlar nə etdilər?! Onlar, birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Ondan sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?”, – dövlət başçısı deyib.

 

Mayın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə bunun dözülməz olduğunu bildirdiyini deyən Prezident İlham Əliyev Ermənistana çağırış edərək bildirib: “Əgər siz bu razılaşmanı pozursunuzsa, bunun acısını siz özünüz çəkəcəksiniz”.

 

Dövlət başçısının əsirlərlə bağlı çıxışı Hüseyn və Aqşinin ailələrində onların azad olunmasına böyük ümid yaradıb.

 

 

Hüseyn Axundovun anası Şəlalə Axundova Modern.az-a açıqlamasında iyun ayı ərzində övladının geri qaytarılacağını ümidlə gözlədiyini deyib.

 

“Prezidentimizin çıxışı bizdə böyük ümid yaratdı. Mən övladımın tezliklə azad olunacağına inanıram. Hesab edirdim ki, yaxın günlərdə əsirləri dəyişib övladımı geri gətirərlər. Böyük ümidlə gözləyirik. Amma heç bir məlumat verilməməsi bizi çox narahat edir”.

 

 

Aqşin Bəbirovun anası Dürdanə Bəbirova həsrətlə övladının yolunu gözlədiyini bildirib:

 

“Bizim ümid yerimiz cənab Prezidentimizdir. Onun çıxışı məndə böyük inam yaratdı. Ümid edirik ki, Prezidentin tapşırığı ilə əsirləri dəyişib, övladımı qaytaracaqlar. Artıq 57 gündür ki, övladımdan ayrı düşmüşəm. Nəfəs alacaq vəziyyətdə deyilik. Hər an xəbər gözləyirik. Hər kəs qaytaracaqlar deyir. Amma mən hələ də övladımın hansı halda olduğunu, yaşayıb yaşamadığını belə bilmirəm. Ümidlə yaşayır, gözləyirik. 57 gündür oğlumun nə şəklini görmüşəm, nə də səsini eşitmişəm. Heç bir xəbər yoxdur. Demək ki, övladlarımızın vəziyyəti yaxşı deyil. Danışdıqca yaramız qanayır. Heç bir anaya belə hala düşməyi arzulamıram. Ümidimiz cənab Prezidentədir. Yalvarıram, bizi övladımıza qovuşdursunlar. İnanıram ki, Ali Baş Komandamız bizi tezliklə sevindirəcək”.

 

 

Fotoda: Əsirlikdə saxlanılan Aqşin Bəbirov və Hüseyn Axundov

 

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bu yaxınlarda keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

 

Ermənistanda saxlanılan əsirlərlə bağlı sonuncu xəbəri ötən ay Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) onların ailələrinə çatdırıb. Belə ki, əsir hərbçilərin yazdıqları məktublar Bakıya göndərilib, lakin ailələrin telefon əlaqəsi saxlamaq tələbi yerinə yetirilməyib.

 

Aytac Əsədova

Mənbə

Share: