Paşinyan Putinin İrəvanda həbsinə əsas verəcək qərarla bağlı iki daş arasında qaldı…

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Ermənistan hakimiyyət orqanları üçün əsl başağrısına çevrilib.

 

Moderator.az  xəbər verir ki, bunu “Johovurd” qəzeti yazır.

 

Hakim “Vətəndaş sazişi”  partiyasında öz mövqelərini müəyyən edə bilmirlər: konvensiyanı ratifikasiya etsələr, Rusiya Federasiyasını incidəcəklər, ratifikasiya etməsələr, Qərbi məyus edəcəklər.

 

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi bəyan etmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən Roma Statutu ölkə Konstitusiyasına uyğundur və Ermənistan hökuməti sazişin ratifikasiyası prosesini davam etdirə bilər.

 

Problem bundan ibarətdir: 

 

Roma Statutunun qaydalarına əsasən, Beynəlxalq Cinayət Məhkəməsi(BCM) tərəfindən təqib edilən şəxslərə heç bir amnistiya və ya əfv tətbiq edilə bilməz. Və martın 17-də Haaqa Məhkəməsi Rusiya prezidenti V.Putinin həbsinə order verib.  Belə çıxır ki, Ermənistan Roma Statutuna qoşulmaqla Haaqa məhkəməsinin bu qərarına əməl etməyi və Ermənistana daxil olarkən Putini həbs etməyi öhdəsinə götürür. Martın 24-də Roma Əsasnaməsi Konstitusiya Məhkəməsində ratifikasiya edildikdən sonra sənəd hökumətdədir: o, yekun təsdiq üçün üç ay ərzində parlamentə göndərilməli idi.

 

Ermənistan Konstitusiyasının 116-cı maddəsinə əsasən, beynəlxalq müqavilələr Milli Assambleya tərəfindən ratifikasiya olunur, yəni parlamentin təsdiqi olmadan Roma Statutu qüvvəyə minə bilməz. Sənəd üç ay ərzində parlamentə təqdim edilməli idi: üç ay keçdi, gələn həftə Milli Məclisin iclasları başlayır, yəni qərar qəbul etmək üçün son müddətdir…

 

Erməni nəşrinə müsahibəsində hüquq ekspertləri izah ediblər ki, hökumət sənədi parlamentə göndərməyə bilər, bu isə o deməkdir ki, hazırda onun ratifikasiyasını məqsədəuyğun hesab etmir.

 

Bir sözlə, Paşinyanın lideri olduğu partiya rəhbərliyi nə edəcəyini bilmir. Bəziləri hesab edir ki, sənədi Milli Məclisə göndərmək yox, prosesi dondurmaq lazımdır, çünki onsuz da gərgin olan bu vəziyyətdə Rusiya ilə münasibətləri daha da gərginləşdirməyə ehtiyac yoxdur. Moskva artıq rəsmi şəkildə bəyan etmişdi ki, o, Ermənistanın BCM-nin Roma Statutuna mümkün qoşulmasını qəbuledilməz hesab edir.

 

“Vətəndaş sazişi” partiyasının digər bir hissəsi Statuta qoşulmanın Azərbaycana qarşı beynəlxalq arenada mübarizədə Ermənistana kömək edə biləcəyini düşünür.

 

“Əldə etdiyimiz məlumata görə, Paşinyan silahdaşlarıyla söhbətində Rusiyanı özünə qarşı qoymamaq üçün sənədin ratifikasiyası prosesini müvəqqəti olaraq dondurmağın daha yaxşı olacağına eyham vurub. Mənbələrimizə görə, hazırda hökumətdə Roma Statutu ilə bağlı yekun qərar yoxdur, ola bilsin ki, sənəd parlamentə çatmasın”, – deyə erməni qəzeti bildirir.

 

Sultan Laçın

 

Mənbə

Share: