Türkiyənin ən çox danışılan YENİ NAZİRLƏRİ

Türkiyənin ən çox danışılan YENİ NAZİRLƏRİ

Ötən gün Türkiyənin yeni hökumət üzvləri bəlli olub.

 

“Türkiyə Əsri”nin nazirlər kabinetinin tərkibini açıqlayan Prezident Rəcəb Tayyib Ərdoğan onları xalqa təqdim edib.

 

Modern.az hökumətdə təmsil olunan yeni nazirlərin fəalliyyətlərinə nəzər salıb. 

 

Yeni hökumət üzvləri arasında ən çox danışılan şəxslərdən ilki yeni XİN başçısı Hakan Fidandır. 

 

 

Belə ki, H.Fidan uzun müddət Türkiyə xarici siyasətinə rəhbərlik etmiş Mövlut Çavuşoğlunu əvəzləyəcək. Təcrübəli siyasətçini əvəzləyəcək Fidan da bu illər ərzində Türkiyə siyasətində söz sahibi olmuş şəxslərdən olub.

 

Onun bioqrafiyasına nəzər salaq:

 

Hakan Fidan 1968-ci il Türkiyənin paytaxtı Ankarada anadan olub. 1986-cı ildə astsubay (kiçik zabit – red.) kimi məzun olduqdan sonra 2001-ci ilə qədər 15 il müddətində Türkiyə Silahlı Qüvvələrində rabitə-kəşfiyyat zabiti olaraq xidmət edib. O, Quru Qoşunlarının Döyüş Məktəbindən sonra Dil Məktəbindən məzun olub.

 

Daha sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən üç il müddətinə Almaniyada NATO Çevik Hərəkat Korpusunun Baş Qərargahına təyin edilib. Bu təyinat zamanı o, Almaniyanın ABŞ-də yerləşən Merilend Universitetində bakalavr təhsili alıb. 2001-ci ildə Bilkent Universitetində beynəlxalq əlaqələr üzrə magistratura və doktorantura təhsilini başa vurub. Onun magistr dissertasiyası “Xarici siyasətdə kəşfiyyatın rolu”, doktorluq dissertasiyası isə “İnformasiya dövründə diplomatiya, beynəlxalq müqavilələrin yoxlanılmasında informasiya texnologiyalarının rolu” mövzusunda olub.

 

H.Fidan 2001-2003-cü illər arasında Avstraliyanın Ankaradakı səfirliyində siyasi və iqtisadi məsləhətçi kimi fəaliyyətə başlayıb.

 

O, 2003-cü ildən 2007-ci ilə qədər Türk Əməkdaşlıq və İnkişaf İdarəsində (TİKA) işləyib.

 

Eyni zamanda TİKA-nın sədrliyi dövründə Baş nazirin müavini və xarici işlər naziri vəzifələrində çalışan Abdullah Güllə yaxından əməkdaşlıq edib.

 

H.Fidan 14 noyabr 2007-ci ildə Baş nazirliyin xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşavir müavini vəzifəsinə təyin edilib.

 

8 mart 2008-ci ildə Beynəlxalq Əhməd Yəsəvi Universitetinin Qəyyumlar Şurasının üzvü təyin edilib. O, 2011-ci ilin fevralında bu vəzifədən istefa verib. Hacettepe və Bilkent universitetlərində dərs deyib.

Daha sonra Hakan Fidan 17 aprel 2009-cu ildə Milli Kəşfiyyat Təşkilatının müşavir müavini vəzifəsinə təyin edilib. Bir il sonra isə MİT müşaviri seçilərək 42 yaşında ən gənc müşavir olub. Ötən gün verilən qərarla Hakan Fidan 3 iyun 2023-cü ildə tarixində Türkiyənin xarici işlər naziri təyin edilib.

 

Türkiyə yeni hökumətində növbəti yeni və maraqlı şəxs Yaşar Gülərdir. 

 

 

O, bundan sonra Türkiyənin Milli Müdafiə Nazirliyinə rəhbərlik edəcək. Gülər bu vəzifədə uzun müddət Türkiyədə hərb sahəsində xidmətlər göstərmiş Hulisi Akarı əvəzləyib.

 

Yeni nazirin tərcümeyi-halına nəzər salaq:

 

Türkiyə Silahlı Qüvvələrində bir çox yerdə xidmət edən Y.Gülər 1954-cü ildə Ardahanda doğulub. 1974-cü ildə Hərbi Akademiyadan məzun olan Gülər, 1975-ci ildə Döyüş Məktəbini leytenant rütbəsi ilə bitirib.
 

1975-1984-cü illər arasında müxtəlif birliklərdə döyüş komandası və bölük komandiri vəzifələrində çalışan Yaşar Gülər, 1988-ci ildə isə Türkiyə Silahlı Qüvvələr Akademiyasını bitirib.

 

Qərargah zabiti kimi, 1986-1988-ci illərdə Daxili Regional Komandanlıqda əməliyyat rəisi, 1988-1991-ci illərdə Quru Qoşunlarının Təftiş və Qiymətləndirmə Rəhbərliyində Plan Mütəxəssisi, 1991-1992-ci illərdə 12-ci Piyada Diviziyasının Əməliyyat və Təlim Şöbə Müdirliyi vəzifələrində çalışıb. 1992-1994-cü illərdə Silopidə daxili komandan vəzifələrini icra edib.
 

Briqada generalı rütbəsi ilə 2001-2003-cü illərdə 10-cu Piyada Briqada Komandanlığı vəzifəsində çalışıb və 2005-ci ildə general-mayor rütbəsinə yüksəlib.
 

General-mayor rütbəsi ilə isə 2005-2007 illəri arasında MEBS Məktəbi və Təhsil Mərkəzi Komandanlığı, 2007-2009 illəri arasında isə Gnkur Təhsil şöbəsinin rəisi vəzifəsində çalışıb. 2009-cu ildə general-leytenant rütbəsi alıb. Eyni zamanda 2010-2011-ci illərdə 4-cü Korpus Komandanlığı, 2011-2013-cü illərdə Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. 2017-2018-ci illərdə Quru Qoşunlarının komandanı, son olaraq isə 9 iyul 2018-ci il tarixli Prezidentin sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib.

 

Digər maraqla qarşılanan ad isə İbrahim Kalın olub. 

 

 

Belə ki, ötən gün R.T.Ərdoğanın sərəncamı ilə Türkiyə kəşfiyyatının (MİT) başına İbrahim Kalın gətirilib. Kalın bu vəzifəyə qədər Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifəsində çalışıb.

 

Onun bioqrafiyası isə belədir:

 

İbrahim Kalın 1971-ci ildə İstanbulda dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix kafedrasında bakalavr təhsilini tamamlayıb.

 

Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsilini başa vurub. Daha sonra 2002-ci ildə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsinə yiyələnib. 

Kalın 2005-2009-cu illərdə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun qurucu sədri olub. Onun 2014-cü ildə “Ağıl və fəzilət”, 2015-ci ildə “Varlıq və idrak”, 2016-cı ildə isə “Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı kitabları nəşr olunub.

 

2011-ci ildə Əhməd Yəsəvi Universitetinin Qəyyumlar Şurasının üzvü təyin edilib. 2019-cu ildən isə İbn Haldun Universitetində İslam fəlsəfəsi sahəsində tələbələrə mühazirələr oxuyub. 29 may 2020-ci ildə professor elmi dərəcəsini alıb.

 

Siyasi həyatına gəldikdə isə 2009-cu ildə o, Baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilib. 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru olub. 2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri vəzifələrində də çalışıb. Ailəlidir və 3 övladı var.

 

Yeni kabinetdə yeganə qadın nazir isə Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş olub.

 

 

1982-ci ildə Brüsseldə anadan olan Göktaş “Libre de Bruxelles” universitetinin iqtisadi, siyasi və sosial elmlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, 2009-cu ildə Avropanın ilk hicablı millət vəkili olaraq Brüssel parlamentinə seçilib.

 

Göktaş 2019-cu ilə qədər Brüssel parlamentinin Sosial Xidmətlər Komitəsinin sədr müavini və Qadın və Kişilər üçün Bərabər İmkanlar Komissiyasının sədr müavini vəzifələrində çalışıb.

 

Ayrı-seçkilik və islamofobiya ilə mübarizədə fəal rol alan Göktaş 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını qəbul etmədiyi üçün 2015-ci ildə partiyasından xaric edilib və müstəqil deputat kimi vəzifəsini davam etdirib.

 

Göktaş 2019-cu ildə Belçikadakı fəaliyyətinə görə Kral Leopold Dövlət Ordeni ilə təltif edilib. O, 2020-ci ildə Türkiyənin Əlcəzairdəki səfiri təyin edilib. Fransız, ingilis və holland dillərini bilir. Evlidir və iki övladı var.

 

Daxili işlər naziri postu isə Süleyman Soyludan Ali Yerlikayaya təhvil verilib.

 

 

1968-ci ildə anadan olan Ali Yerlikaya İstanbul şəhərinin valisi olub. İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsinin məzunu olan siyasətçi əvvəllər Daxili İşlər və Səhiyyə Nazirliklərində işləyib. Yerlikaya İstanbuldan əvvəl Şırnak, Ağrı, Tekirdağ və Qaziantep şəhərlərinə rəbərlik edib.

 

İqtisadi olaraq çətinliklərlə üzləşən Türkiyədə Maliyyə naziri postuna Mehmet Şimşek gətirilib. 

 

 

O, bundan əvvəl də 2009-2015-ci illərdə maliyyə naziri olub. Bakalavr təhsilini Ankara Universitetində, magistr təhsilini isə Britaniyanın Ekzeter Universitetində tamamlayıb. “Emerging Markets” jurnalı tərəfindən 2013-cü ildə Avropanın ilin maliyyə naziri seçilən iqtisadçı bir müddət ABŞ-də və Avropada işləyib. 2016-cı ildə Baş nazirin müavini təyin edilib, yeni hökumətdə İqtisadi Koordinasiya Şurasına sədrlik edib, daha sonra bu vəzifədən azad edilib. Türkiyə parlamentinin 23, 24, 25 və 26-cı çağırışında deputat olan siyasətçi maliyyə bazarlarında çox müsbət qarşılanır. 

Mənbə

Share: