“Sərhədlərin konkret bir ilin xəritələri ilə müəyyənləşməsi Paris və İrəvanın təklifidir…”

“Sərhədlərin konkret bir ilin xəritələri ilə müəyyənləşməsi Paris və İrəvanın təklifidir…”

“Ancaq dünyada tətbiq olunan əsas üslub  sərhədlərin müxtəlif illərin təcrübəsi və xəritələri əsasında müəyyənləşdirilməsidir. Çünki sərhəd yalnız hansısa xətt demək deyil; illərlə formalaşmış müəyyən tarixi, iqtisadi və digər əsaslar da nəzərə alınmalıdır…”

 

“Iyunun 1-də Kişinyovda keçirilmiş Azərbaycan-Ermənistan danışıqlarından sonra belə bir vəziyyət yaranıb ki, artıq sərhədlərin delimitasiyası üçün dünyada hansı təcrübə var, Azərbaycan və Ermənistan arasında da o, tətbiq olunacaqdır. Və əslində beynəlxalq miqyasda bütövlükdə iki ölkə sərhədi üçün delimitasiya və demarkasiyanın konkret hansısa ilin xəritəsi əsasında aparılması təcrübəsi yoxdur”. 

 

Bu fikri Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov ifadə edib. 

 

“Belə başa düşürəm ki,  sərhədlərin hansısa konkret ilin xəritələri əsasında müəyyənləşdirilməsinin hər iki tərəfdən qəbul olunması və bunun əsasında delimitasiya və demarkasiya prosesinin başlanması Fransa və Ermənistanın təklifidir. Ancaq dünyada tətbiq olunan əsas üslub  sərhədlərin müxtəlif illərin təcrübəsi və xəritələri əsasında müəyyənləşdirilməsidir. Çünki sərhəd yalnız hansısa xətt demək deyil; illərlə formalaşmış müəyyən tarixi, iqtisadi və digər əsaslar da nəzərə alınmalıdır. Məhz bu baxımdan da ölkələr arasında sərhədlə bağlı danışıqlar çətin gedir və  bəzən delimitasiya və demarkasiya prosesi on illərlə çəkə bilir”, -deyə açıqlamasının davamında politoloq bildirib. 

 

“Uzun müddət ermənilər Alma-Ata deklarasiyasından istifadə edərək demək istəyirdilər ki, guya 1991-ci ildə SSRİ dağılarkən  Azərbaycan və Ermənistan arasında konkret sərhəd xətləri olub. Əslində isə onlar ikiüzlü bir siyasət həyata keçirirdilər. Ona görə ki, eyni zamanda bəzi məqamlarda qeyd edirdilər ki, artıq 1988-1991-ci illərdə İrəvanın əlində keçmiş Dağlıq Qarabağ vilayəti ərazisinin Ermənistana birləşdirilməsi barədə sənədlər olub. Amma deklarasiyanı götürsək, orada əsasən ümumi prinsiplər bəyan olunur. Və Azərbaycan tərəfi də həmin prinsipləri qəbul edir. Bunlardan biri də sərhədlərin sovet dönəmində olan administrativ sərhədlər əsasında müəyyən olunmasıdır. Ancaq konkret hansı ildə? Bu da çox vacib və maraqlı sualdır.  Çünki keçmiş sovet respublikaları, o cümlədən Azərbaycanla Ermənistan arasında müxtəlif illərdə müxtəlif inzibati sərhədlər olub. Və bəzən indi gündəmə gələn və Rusiya tərəfindən bəyan olunan bir məqam da odur ki, müttəfiq respublikalar hansı şəkildə keçmiş Sovet İttifaqına daxil olublarsa, SSRİ dağılandan sonra da həmin sərhədlərlə ayrılmalıydılar.  Bizim tarixi götürsək,  bu,1922-1936-cı illərdə Azərbaycanın Gürcüstan və Ermənistanla birgə daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası dövrünü əhatə edir”- Tofiq Zülfüqarov qeyd edib.

 

“Və bir daha Kişinyov görüşünün nəticələrinə qayıtsaq, biz görərik ki, Paşinyan eyni xətti davam etdirməklə 1991-ci ilin problemlərini və Azərbaycanın, həmçinin beynəlxalq müşahidəçilərin  etirazlarını  nəzərə alaraq 1975-ci il xəritələrindən danışmağa başlayıb və guya ki, Azərbaycan tərəfi  də bunu qəbul edib. Amma Azərbaycan XİN-in bəyanatında da göstərilir ki, sərhədlərin  heç də konkret hansısa bir ilin xəritələri əsasında müəyyənləşdirilməsindən danışmaq düzgün deyil, beynəlxalq təcrübə tətbiq olunmalıdır. Yəni sərhədlərin müxtəlif sahələri üzrə müxtəlif illərin xəritələrindən istifadə edilə bilər. Və hesab edirəm ki, bu çox vacib bir mərhələdir ki, artıq Azərbaycan və Ermənistan  arasında olan ümumi postkonflikt vəziyyəti müəyyən edir. Ancaq, deyəsən, siyasi şərhçilər bu məsələyə çox da böyük diqqət etmirlər. Lakin belə düşünürəm ki, Kişinyov görüşündən sonra yeni bir vəziyyət formalaşacaq və bu, praktik mövzulara da aid olacaq.  Məsələn, kommunikasiyaların bərpası, onların işlək vəziyyətə gətirilməsi, delimitasiya və demarkasiya prosesi, humanitar mövzuların müzakirəsi. Bu üç istiqamət daha aktual görsənir. Yəni artıq hiss olunur ki, çərçivə sazişi mövzusu gündəmdən yavaş-yavaş çıxır. Çünki problem ondadır ki, həmin bu prinsiplərin implementasiyası, yənu həyata keçirilməsi heç də bu sazişdən sonra asanlıqla keçməyəcək. Və tərəflər bunu nəzərə alaraq indi bu məsələyə yeni bir baxış və mövqelərdən yanaşırlar”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.

 

Sultan Laçın

 

Mənbə

Share: