
NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen alyansın bir neçə ölkəsinin Ukraynaya ordu yeridə biləcəyini düşünür.
Modern.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.
Rasmussenin fikrincə, əgər Kiyev NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində təhlükəsizlik zəmanəti ilə bağlı ciddi irəliləyişə nail olmasa, Polşa və Baltikyanı ölkələr öz qüvvələrini Ukraynaya yerləşdirə bilər.
Qeyd edək ki, Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq iyunun 6-da “Buxarest doqquzluğunun” Bratislava şəhərində keçirilən sammitində NATO-ya üzv ölkələrin yüksək səviyyəli gələcək görüşündə Ukraynaya yardımın aktivləşdirilməsi barədə razılıq əldə olunacağını bildirib. O, həmçinin iyunun 7-də Vaşinqtonda yerləşən CNAS mərkəzində çıxışı zamanı deyib ki, hazırda prioritet məsələ Ukraynanın NATO-ya üzvlüyü deyil, onun Rusiya ilə müharibədə qələbə qazanmasıdır.