“Rusiya heç zaman öz xalqının belə, rifahı üçün çalışan bir dövlət olmayıb…”

“Bu dövlət bütün dövrlərdə öz əhalisini, xalqını kölə vəziyyətində saxlayıb. Və Rusiya əhalisinin hazırkı durumu da göstərir ki, həmin köləlik sistemi yenə də davam edir…”

 

“Rusiya heç zaman öz xalqının belə, rifahı üçün çalışan bir dövlət olmayıb. Rusiya həmişə kölə dövlət olub. Bu ölkəni həmişə qeyri-ruslar idarə ediblər. Rus xalqının özü də Qızıl Orda dövlətindən sonra onların sistemi ilə idarə olunan dövlətlərin idarəçiliyi və tabeçiliyində yaşayıb. Yəni Rusiyanın başqa ölkələri, xalqları müstəmləkəyə  çevirdiyi vaxtlarda rus əhalinin özü də kölə vəziyyətində yaşayıb”. 

 

Bu fikri Moderator.az-a açıqlamasında ixtisasca tarixçi olan, tarix elmləri namizədi, Milli İstiqlal partyasının fəxri lideri Etibar Məmmədov “Bu gün – iyunun 12-də Rusiya gününü dövlət bayramı kimi qeyd edən Rusiya dövləti nə vaxtsa, müstəmləkəsi altında olan xalqlar bir yana, öz xalqı, yəni rusların rifahı, firavanlığı üçün çalışan bir dövlət olubmu?” sualını cavablandırarkən ifadə edib.

 

“Yalnız 1861-ci ildə çar  tərəfindən təhkimçilik hüququnun ləğvi haqqında qanun qəbul olunduqdan sonra Rusiyada əhalini qismən azad etməyə başlayıblar. Yenə də insanlar sona qədər azad olunmayıb, xalq daim kölə durumunda yaşayıb. 1917-ci ilin böyük oktyabr sosialist inqilabı adlanan inqilabdan sonra da  Rusiya xalqı da və tədricən digər keçmiş sovet ölkələrinin əhalisi də təkrar başqa formada kölə vəziyyətinə salınıblar. Təsəvvür edin ki, keçmiş SSRİ-də yalnız Xruşşovun baş katib olduğu dövrdə bütün əhaliyə vətəndaşlıq pasportu verilməyə başlanıb. O dövrə qədər böyük şəhərləri çıxmaq şərti ilə Azərbaycanda da insanlar pasportsuz, yəni vətəndaşlıqları olmadan yaşayıb. Bu minvalla SSRİ-də də təhkimçiliyə bənzər bir köləlik sistemi mövcud olub. Kənddən şəhərə gəlmək üçün xüsusi icazə tələb olunurdu. Şəhərdə qeydiyyata düşmək icazə ilə idi, məhdudlaşdırılmışdı. Şəhərdə yaşamaq hüququ hər kəsə verilmirdi. Bir sözlə,  Rusiya dövləti bütün dövrlərdə öz əhalisini, xalqını kölə vəziyyətində saxlayıb. Və Rusiya əhalisinin hazırkı durumu da göstərir ki, həmin köləlik sistemi yenə də davam edir”,- deyə siyasətçi davamında vurğulayıb.

 

Sultan Laçın 

 

Mənbə

Share: