“Bu məsuliyyətli və şərəfli işi mənə havalə etdiyi üçün klub rəhbərliyinə təşəkkür edirəm”.
Bunu “Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədov təqdimat mərasimində jurnalistlərə açıqlamasında deyib.
47 yaşlı mütəxəssis ümidləri doğruldacağına inamını ifadə edib: “Kəpəz”in tarixi, adı var. Gəncə futboluna da məhz iddialı komanda yaraşır. İşlərimizi sağlam və şəffaf şəkildə görəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək”.
O, komandanın büdcəyə uyğun formalaşdırılacağını söyləyib: “Biz də daha səviyyəli futbolçuların alınmasını istərdik. İnanırıq ki, “Kəpəz”ə sponsorluq etmək istəyən gəncəlilər tapılacaq. Özü getmək istəyən futbolçuları saxlamağa ehtiyac yoxdur. Biri də var ki, kimlərəsə artıq pul təklif olunur, onlar da bundan istifadə edirlər. Düzdür, yaxşı futbolçuların gedişinə təəssüflənirik. Amma həyatın sonu deyil. Gedənlərin yerlərini dolduracağıq. Bu mövsüm mümkün qədər yuxarı pillələri tutmağa çalışacağıq”.
Məmmədovun sözlərinə görə, komandada hər mövqeyə oyunçu lazımdır: “Danışıq apardığımız futbolçular var. Əlimizdəki büdcə ilə mehriban və mübariz kollektiv yaratmağa çalışacağıq. Gəncə elə şəhərdir ki, burada futbolçu öz-özünə yetişir. Sadəcə, şəhər futbolda bir neçə il itirdiyi üçün müəyyən boşluqlar yaranıb. Ötən mövsüm “Kəpəz”dən ayrılan gəncəli oyunçuları qaytarmağa çalışacağıq”.