Məhərrəm ayının ilk on günü dünyanın bir çox ölkələrində müsəlmanlar İslam peyğəmbərinin nəvəsi Həzrəti Hüseynin şəhid olması ilə əlaqədar təziyə (əza) məclisləri keçirir. Məscidlərdə din xadimləri imamın qətlə yetirildiyi Kərbəlada baş verən hadisələr və onların mahiyyəti ilə bağlı söhbətlər edir, ardınca mərsiyə deyənlərə çıxış verilir. Lakin bəzi belə təşkil edilən məclislərdə həqiqətlərə uyğun olmayan və qeyri-real hadisələrdən bəhs edən mərsiyələr oxunur. Bu isə neqativ halların yaranmasına, eyni zamanda çıxışların gülüş obyektinə çevrilməsinə səbəb olub. Artıq sözügedən ilk on günün geridə qalmasına baxmayaraq, Məhərrəm və Səfər ayı boyunca keçirilən məclislər barədə müzakirələr aktuallığını itirmir.
Musavat.com xəbər verir ki, mövzuyla əlaqədar ilahiyyatçı Təbriz Qasımov tənqidi fikirlərini bildirib.
O qeyd edib ki, Qərb ölkələrində keçirilən belə məclislər müsəlman ölkələri ilə müqayisədə müsbət mənada fərlənir:
“Qərb ölkələrində təşkil olunan əza məclisləri, küçə yürüşləri o qədər səliqəlidir ki, istər-istəməz insanların diqqətini cəlb edir: “Şou, artistlik, səmimiyyətsizlik yoxdur. Hələ indiyədək qərbmeyilli səhifələrdən hansısa birinin həmin məclislərdən videoçarx paylaşıb insanlarda məhərrəmliyə qarşı antitəbliğat apardığını görməmişəm. Təəssüf ki, eyni müsbət hala şiəliyin mərkəzi hesab olunan ölkələrdə rast gəlinmir. Şəbeh məclisləri biabırçı gündədir, oxunan mərsiyələr isə artıq eyş-işrət məclislərindəki musiqiləri xatırladır”.
Təbriz Qasımov bildirib ki, məhz buna görə qərbmeyilli sosial media səhifələri həmişə belə məclislərdən video materiallar paylaşaraq insanlarda məhərrəmliyə qarşı neqativ fikirlər oyatmağı bacarırlar: “Biz dindarlar isə adəti üzrə bu paylaşımlara təhqirlər yağdırmaqla qarşılıq verir. Lakin təhqir heç bir halda çıxış yolu deyil. Məgər biz özümüz başqalarında, hətta digər məzhəb nümayəndələrində xurafat, cəhalət gördükdə lağ-lağa etmirik? Edirik, vallah! Deməli, digərlərindən anlayış gözləmək düzgün deyil. Bu problemin yeganə həll yolu mövcud nöqsanları aradan qaldırmaq, xurafatlara son qoymaqdır”.
Xatırladaq ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Qeyd edək ki, tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin nəvəsi və səhabəsi İmam Hüseyn, onun digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.