Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələri İranla nüvə sazişindən – Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Guradian” qəzeti Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallığın diplomatlarına istinadən yazıb.
Buna səbəb kimi Tehranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satması göstərilir.
Nəşrin məlumatına görə, üç ölkə İrandan ballistik raketlərin tədqiqi, inkişafı və istehsalına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina edəcək. Sanksiyaların müddəti oktyabrın 18-də başa çatır.
Məhdudiyyətlərə, həmçinin BMT Təhlükəsizlik Şurasının əvvəlcədən icazəsi olmadan 300 km-dən çox uça bilən dronların (və ya onların hissələrinin) İrana satışına və ya İrandan alınmasına qadağa da daxildir.
Nəşr qeyd edir ki, İran sazişin digər şərtlərini pozub. Razılaşmada uranın zənginləşdirilməsinin yuxarı həddi 3,67% nəzərdə tutulurdu, lakin fevral ayında İranın nüvə obyektini yoxlamaq üçün ziyarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın uranı 60%-ə qədər zənginləşdirdiyini bildirib.
JCPOA 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran tərəfindən imzalanan nüvə sazişidir. Müqaviləyə əsasən, Qərb ölkələri İranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı sanksiyaları ləğv etməli idi. 2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxdığını elan etdi. Buna cavab olaraq İran nüvə sınaqlarını bərpa edib.