İlon Mask “Twitter”də məhdudiyyətləri davam etdirir. Tweet baxış limitindən sonra “Twitter” hesablarını idarə etmək üçün faydalı olan “Tweetdeck”in ödənişli olacağı açıqlanıb.
Modern.az-ın məlumatına görə, artıq “Twitter” istifadəçiləri “TweetDeck” onlayn idarəetmə panelindən istifadə etmək üçün öz hesablarını təsdiqləməlidirlər. İ.Mask yeni siyasətin 30 gün ərzində qüvvəyə minəcəyini söyləyib.
Məşhur və əvvəllər pulsuz olan alət istifadəçilərə izlədikləri hesabları müxtəlif sütunlarda təşkil edərək məzmunu asanlıqla izləməyə imkan verir. O, istifadəçilər, eləcə də biznes və xəbər təşkilatları arasında çox populyardır. “Tweetdeck”, tezliklə yalnız “Twitter Blue” abunəçilərin istifadəsinə veriləcək.
İ.Maskın açıqlamasına görə, süni intellekt şirkətlərinin öz sistemlərini öyrətmək üçün “Twitter” daxil olmaqla sosial media platformalarından məlumat toplaması istifadəçi təcrübəsinə təsir edir və bu məhdudiyyətlər müvəqqəti təcili tədbirdir. Bu arada “Twitter Blue” abunəçilərinin sayı sürətlə azalır.