13 il baş nazir işlədi,  üç dəfə prezident seçildi

Özbəkistanda növbədənkənar prezident seçkilərinin ilkin nəticələri artıq bəllidir. MSK-nın elan etdiyi nəticələrə əsasən, prezident seçkilərində hazırkı dövlət başçısı Şavkat Mirziyoyev səs çoxluğu ilə öndədir. Səsvermənin yekun nəticəsində dəyişiklik olmazsa, Mirziyoyev üçüncü dəfə prezident postunda qalacaq.

 

Məlumat üçün bildirək ki, bundan əvvəl o, 2021-ci ilin oktyabrın 24-də keçirilən prezident seçkilərində Liberal-Demokrat Partiyasının namizədi olaraq seçicilərin 80,1 faizinin səsini qazanmışdı. Mirziyoyev ilk dəfə 2016-cı ildə dövlət başçısı postuna seçilib. O. 7 il əvvəl keçirilən seçkilərdə 88,61 faiz səs toplayaraq ali kürsüyə yiyələnib.

 

Dünən baş tutan seçkilər onu deməyə əsas verir ki, Özbəkistanda növbəti müddətə prezident səlahiyyətlərini Şavkat Mirziyoyev yerinə yetirəcək və daha 7 il ölkənin birinci şəxsi olacaq.

 

Modern.az oxucuların marağını nəzərə alaraq, prezident postundan əvvəl 13 il Baş nazir olan Mirziyoyevin tərcümeyi-halını təqdim edir:

 

Mirziyoyev 24 iyul 1957-ci ildə həkim ailəsində anadan olub, milliyətcə özbəkdir. O, ali təhsil olaraq Daşkənd mühəndisləri institutunu bitirib. İxtisasca mühəndis-mexanik, texnika elmləri namizədi, dosentdir.

 

1981-ci ildə Daşkənd mühəndislər institutunda əmək fəaliyyətinə başlayıb, tədris işləri üzrə prorektor, kiçik elmi işçi, baş müəllim, dosent olub.

 

Mirziyoyev 1990-ci ildə Respublika Ali Sovetinin deputatı seçilib. Daha sonra 1996-2001-ci illərdə hakim vəzifəsində çalışıb, 2001-ci ildə isə Səmərqəndə təyinat alıb və iki il orada işləyib.

 

O, icra hakimiyyəti orqanlarında işləyərkən, 1995-2003-ci illərdə Özbəkistan Respublikası Ali Məclisinin deputatı kimi ölkənin siyasi, sosial-iqtisadi inkişaf və demokratik islahatların həyata keçirilməsinə yönəlmiş mühüm qanunvericilik sənədlərinin işlənib hazırlanmasında və qəbul edilməsində fəal, səmərəli iştirak edib.

 

Mirziyoyev 2003-ci ildə Özbəkistanın Baş naziri təyin olunub. O, bu posta ardıcıl üç dəfə – 2005, 2010, 2015-ci illərdə Ali Məclisin palataları tərəfindən təsdiqlənib. İndiyədək 4 siyasi partiyanın üzvü olub.

 

Şəxsi həyatına gəldikdə isə Prezidentin iki qızı, bir oğlu və beş nəvəsi var. Həyat yoldaşı Ziroatxon Xoşimova ixtisasca mühəndis-iqtisadçıdır.

 

Hazırda evdar xanımdır. O, ölkənin birinci xanımı kimi iki dəfə ordenlə təltif edilib.

 

 

Mənbə

Share: