Afelandra vətəni Mərkəzi Amerika və Braziliya hesab olunan tropik bitkidir, rütubətli mühitə qarşı kifayət qədər dözümlüdür. Bitkinin adı yunan dilindən tərcümədə “sadə kişi” deməkdir.
Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, gülçülüklə məşğul olanlar afelandranı xarakterik sarı naxışlı gözəl yarpaqlarına görə sevirlər. Payız yaxınlaşanda afelandranı uzunluğu 10-20 santimetr olan qozayabənzər hamaşçiçəklər bəzəyir və 6-8 həftə bitkinin üstündə qalır. Əlverişli mühit yaradılsa, il ərzində öz formasını saxlayır. Afelandra digər tropik bitkilərlə həmahənglik təşkil edir.
Ev şəraitində becərilən afelandra 30-50 santimetrə qədər böyüyür. Bitkini sakitlik dövründə budayırlar. Temperatur dəyişkənliyinə o qədər də tələbkar deyil. Onun becərildiyi otağın temperaturu 15-16 dərəcədən aşağı düşməməli, yayda isə 22-25 dərəcə aralığında olmalıdır.
Kifayət qədər işıqsevəndir, lakin bu heç də bitkinin birbaşa günəş şüaları altında saxlanılması demək deyildir, çünki həmin şüalar onu məhv edə bilər.
Afelandranın əkildiyi torpağı iki-üç ildən bir dəyişdirmək lazımdır. Onu yazın əvvəllərində toxumla da çoxaltmaq olar. Afelandra adətən payız mövsümündə çiçəkləyir.