Allahı gözlə görmək mümkündürmü?..- II hissə

Allahı gözlə görmək mümkündürmü?..- II hissə

“İnsanın gözü ruh, cazibə qüvvəsi, sevgi, nifrət kimi anlayışları görə bilmir. Bunların hamısı mücərrəd və qeyri-maddi məfhumlardır. Ona görə Allahın da gözə görünməməsini təbii qəbul etməliyik…”

 

 

II hissə

 

Allahın Musa Peyğəmbərə (ə) xitabən: “Bu dağa bax. Əgər o, yerində dura bilsə, sən də məni görə bilərsən” – buyurması əslində bu işin qeyri-mümkünlüyünə əvvəlcədən verilmiş işarə kimi qəbul edilməlidir. Xalq dilində “qulağının ardını görəndə (və ya dəvənin quyruğu yerə dəyəndə), filan hadisəni də görərsən” ifadəsi hansı mənanı bildirirsə, Allahın bu kəlamı da oxşar mənanı bəyan edir. Allahı görmə probleminin ikinci hissəsi axirət aləmi ilə bağlıdır. Belə ki, əhli-sünnə mənbələrində Allahın Qiyamət günündə möminlərə görünəcəyi qəti şəkildə bildirilir. Bu fikrin əsas dəlili isə Qurani-Kərimin aşağıdakı ayəsidir:

 

“O gün neçə-neçə üzlər sevinib güləcək, öz Rəbbinə baxacaq” (Qiyamət, 22-23).

 

Lakin şiə məzhəbində bu iddiaya aşağıdakı cavablar verilir: Əvvəla, ayədəki “nazirə” kəlməsi ərəb dilində yalnız “baxmaq” deyil, həm də “gözləmək, intizarında olmaq, nəsə ummaq” mənalarını ifadə edir. Bu mənada möminlərin Qiyamət günündə Allahdan mükafat gözləmələri, Cənnət nemətlərinin intızarında olmaları tamamilə təbii haldır. İkincisi, hətta “nəzər” kəlməsini “baxmaq” kimi qəbul etsək belə, bu, heç də hər baxanın görməsi mənasını bildirmir. Bəzən insan nəyə isə baxır, amma onu görə bilmir. Məsələn, buludlu havada Ayın görünməli olduğu istiqamətə nə qədər baxsaq da, onu görmürük. Deməli, qiyamətdə möminlərin Allaha sarı, daha doğrusu, Onun qüdrət və əzəmətinin zahir olduğu məqama sarı baxmaları, heç də Allahı görmələri anlamına gəlmir. Bəziləri Allahı Axirətdə görməyin mümkünlüyünü “Yaxşı işlər görənləri cənnət və daha artıq mükafat gözləyir” (Yunus, 26) ayəsindəki “daha artıq” kəlməsi ilə əlaqələndırir, bəzi hədislərə istinad edərək, həmin kəlmənin Allahı görmək neməti olduğunu söyləyirlər. Aydındır ki, bu cür təfsir Quran ayəsinin zahiri mənasına dayaqlanmadığı üçün öz-özlüyündə tutarlı sübut sayıla bilməz. Qiyamətdə möminlərin Allahı görəcəyini iddia edənlər Həzrət Mühəmməd Peyğəmbərin (s) bəzi hədıslərini də sübut gətirirlər. Məsələn, Səhih əl-Buxari (529-cu, 547-ci və 4570-ci hədislər), Səhihü Müslim (211 (633)-cü hədis), Sünənü Əbu Davud (4729-cu hədis) və Sünən əl-Tirmızidə (2551-ci və 2554-cü hədislər) Peyğəmbərin on dörd gecəlik Aya baxaraq belə buyurduğu rəvayət edilir: “Siz bu Ayı gördüyünüz kimi, Rəbbınizi də əyani şəkildə görəcəksiniz və Onu görməkdə çətinlik çəkməyəcəksiniz”. Adı çəkilən bütün mənbələrdə bu hədis Cərir ibn Abdullah Bəcəli adlı səhabənin dilindən rəvayət edilib. Amma o, şiə məzhəbli hədisşünaslar tərəfindən qeyri-mötəbər ravi kimi xarakterizə edilib. Cərir Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından az əvvəl İslama gəlmiş, sonralar Kufə şəhərində məskunlaşmışdı. Həzrət Əli ibn Əbu Talib (ə) onu elçi kimi Müaviyənin yanına yollayır. Cərir isə öz öhdəsinə düşən vəzifəyə səhlənkarlıqla yanaşır və Müaviyənin hiylələrinə aldanır. Bu hərəkət İmama elə pis təsir edir ki, hətta Cəririn Kufədəki evini sökdürür (Seyid Əbülqasim Xoyi. Möcəmü rical əl-hədis, IV, 362, 2096-cı sıra sayı). Deyirlər ki, İmam Mühəmməd Baqir (ə) Kufədə yerləşən bir neçə məscidi “lənətlənmiş” adlandırırdı ki, bunlardan biri də Cəririn tikdirdiyi məscid idi (Şeyx Küleyni. Üsul əl-Kafi, III, 489-490)./..

 

Şiə məzhəbinə əsasən, Allah-təala nə bu dünyada, nə də axirətdə görünməz. Çünki O, cism deyil. Yalnız maddi olan, fiziki ölçüyə və rəngə malik cismlər görünə bilər. İnsanın gözü ruh, cazibə qüvvəsi, sevgi, nifrət kimi anlayışları görə bilmir. Bunların hamısı mücərrəd və qeyri-maddi məfhumlardır. Ona görə Allahın da gözə görünməməsini təbii qəbul etməliyik. Qurani-kərimdə bu barədə belə buyurulur: “Gözlər onu dərk etməz (görməz). O, gözləri dərk edər. O, lətifdir (cism xüsusiyyətlərindən uzaqdır), (hər şeydən) xəbərdardır” (Ənam, 103). Şiə məzhəbinin ən mötəbər hədis mənbələrindən sayılan “Üsul əl-Kafi” kitabında Allahı gözlə görməyin batil olduğuna dair ayrıca bab ayrılmış və burada 12 hədis verilmişdir.

 

Mənbə: //islam.az

Mənbə

Share: