“Bu ildən Azərbaycan Premyer Liqasının 2-ci liqasında çıxış etmək hüququ qazanmış “Cəbrayıl” ftbol klubu üçün qarşımıza böyük hədəflər qoymuşuq”.
Modern.az-ın məlumatına görə, bunu “Cəbrayıl” ftbol klubunun nümayəndəsi Səbuhi Səfiyarlı bildirib. O, klubun inkişafı naminə arzu və istəklərini dilə gətirib.
“Klubda rəsmi vəzifə tutmasam da, Cəbrayıla qayıdışın bir parçası olan bu böyük layihədə müşavir kimi iştirak etmək həyəcanvericidir. Vaxtilə Avropa kuboklarında qrup mərhələsində sevimli “Qəbələ” ilə “Borussiya”ya, “Mainz”a, “Lill”ə və digər adlı-sanlı rəqiblərə qarşı oyunlarda necə həyəcan vardısa, indi “Cəbrayıl”la 2-ci liqada oynamaq, doğulub-böyüdüyüm şəhərin ilk peşəkar klubunda tımsil olunmaq o qədər həyəcanlıdır. Ad fərqli olsa da, uşaq ikən Azərbaycan Çempionatının 1-ci dəstəsindəki oyunlarına baxmaq üçün “jildom”dan stadiona qədər olan yolu necə həvəslə gedirdimsə, keçən il Region Liqasında komandamızı dəstəkləmək üçün Bakıdakı, rayonlardakı oyunlarda necə həvəslə azarkeşlik edirdimsə, bu gün də bu proyedə eyni həvəslə başlayıram. Klubun yaradıcısı Cavid Hüseynovla birlikdə böyüdüyümüz şəhərin komandasını ölkə futbolunda öncül mövqelərə gətirmək fikrindəyik. Cavid Region Liqasında qələbə qazanarkən “Cəbrayıl” azarkeçlərinin necə dəstək verdiyini gördükdən sonra əmin oldum ki, rayonumuzun komandası ölkə futbolunda daha yuxarı liqalarda təmsil olunmaq prespektivinə malikdir və buna layiqdir. Rayon rəhbərliyinin, bu işdə həvəslə yardım etmək istəyən cəbrayıllı dostlarımızın dəstəyini gördükdən sonra 2-3 ilə “Cəbrayıl”ı peşəkar klub olaraq ən yaxşı şəkildə təmsil edəcəyimizə şübhəm qalmayıb. Cəbrayılın işğalı ilə 1-ci dəstədə yarımçıq qalmış işimizi azad Cəbrayılın təmsilçisi kimi yenidən böyük futbol səhnəsinə qayıtmaqla bərpa edirik.
Qaldığımız yerdən, qaytardığımız yurddan işimizə davam…”, – deyə S.Səfiyarlı qeyd edib.