Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə – Laçın şəhərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması üçün işlərə başlanılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanlarının qiymətləndirilməsi üçün onlarla görüşlər keçirilir.
Artıq 38 ailə ilə görüşlər keçirilərək qiymətləndirmə aparılıb, onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilib.
Bu əsasda növbəti mərhələdə Laçın sakinlərinin münasib vakansiyalar üzrə işlə təminatı, özünüməşğulluq proqramına cəlbi, eləcə də sakinlərdən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə peşə hazırlığı kurslarının təşkili işləri aparılacaq.
Laçında fəaliyyət göstərən işəgötürənlərlə birgə müxtəlif dəstək proqramlarının həyata keçirilməsi də planlaşdırılır.