Azərbaycanda qeyri-filiz yataqları auksion, filiz yataqları isə müsabiqə qaydasında istifadəyə veriəcək.
Modern.az xəbər verir ki, bu, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanına dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Yer təkinin istifadəyə verilməsi ilə bağlı keçirilən müsabiqə açıq və ya qapalı, auksion isə açıq elan olunur. Açıq müsabiqədə və auksionda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər. Qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
Qapalı müsabiqə aşağıdakı hallarda keçirilir:
– istifadəyə verilən yer təki sahəsinə dair geoloji informasiya məxfi hesab edildikdə;
– radioaktiv xammalın çıxarılması məqsədilə yer təki istifadəyə verildikdə;
– konversiya proqramını həyata keçirən müdafiə müəssisələri iştirakçı qismində çıxış etdikdə.