Yuxuma niyə gəmirsən? – Anar Niftəliyevdən vəfat edən xanımına

Bu gün Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi, həkim səhlənkarlığının qurbanı olan Elnarə Tofiqqızının vəfatından 6 il ötür.
Onun həyat yoldaşı, tanınmış jurnalist Anar Niftəliyev öz feysbuk səhifəsində kövrək bir yazı paylaşıb.

Milletinsesi.az  həmin yazını təqdim edir:

Bu 6 ildə ilk dəfə sənə yazılı hesabat verməyə cəsarət etdim. Bəlkə ona görə ki, artıq “utanacağım” böyük qalmadı ailəmizdə – Vüqar ötən il, mama bu il getdi.

Hər il dərd üstünə dərd gəldi.

Bəlkə ona görə ki, çox oldu, bir az da yaşlandım. Gücüm azalır deyəsən. Bəlkə ona görə ki, sən də dua edəsən, gücüm olsun, ayaqda qala bilim. Çünki bu dünyada üzərimə qoyduğunuz öhdəliklər var.

Bağışla, daha əvvəlki kimi hər həftə ziyarətinə gələ bilmirəm. Canım sözümə baxmır, hərdən yaman ağrıyıram, hərdən də yoruluram – yaşamaqdan.

Bezməmişəm, əmanətlərini atasız qoymaq ağlımdan keçmir, narahat olma. Yəni əlimdə, ixtiyarımda olan qədər. Sən də sənsiz qoymazdın, bilirəm, əlində, ixtiyarında olmadı.

Gözəllər böyüyür, İnci artıq 3-cü sinfə gedir. Mənə də nəzarət edir. Günlük siqaretimi sayır ki, müəyyən etdiyi normanı keçməyim. Hərdən oğurlanıb artırıram, o saat hiss edir, bir mərəkə qopur ki!

Sənə çox oxşayırlar, xarakterləri də. Sən də elə uşaq idin, necə deyirdim sənə? “Ruh adamı!”

Elə əvvəldən “bu dünyanın adamı” deyildin, o qədər romantik idin ki! Mən də “praqmatik”: “İnsan da hər şeyə bu qədər ağılla yanaşar?”

Bu sözlərdən sonrakı gülüşün indi də qulağımdadır…

Nəyi deyim? Nəsə bilmək istəyirsənmi? Ümumiyyətlə, bizi görürsənmi?

Ümid edirəm!..

Hər günkü hesabatımdan başlayaq: Bugünümdən razı qaldınmı?

Bu suala 6 ildir cavab ala bilməsəm də, nə vaxtsa cavab alacağıma inanıram. O cavabın müsbət olması üçün çalışıram.

Hələ ki sənə verdiyim sözləri tutmaq üçün əlləşirəm. İşdən evə qaçıram, gözəllərsiz heç yerə getmirəm, səni əvəz etməyə çalışıram. Ancaq mümkündürmü? Ananı əvəz etmək mümkün deyil, səni isə ümumiyyətlə.

Bu il 15 sentyabr bazara düşdü, 16 sentyabrda dərs başladı. Hüseyn bu il birə getdi, anan onun məktəbinə gedəsi oldu, gəlmədi bizə, mamam da dünyasını dəyişib.

Bu il ilk dərs günü üçün İnci saçını özü düzəltdi.

Bilirsən, sıraya düzüləndə baxdım ki, İncinin sinif yoldaşlarının hamısının saçı gözəl hörülüb, qəşəng ağ bantiklər bağlanıb, iki tərəfdən, “keçi” kimi. İncidə elə deyildi.

Gərək gecə düzəltdirəydim. Ağrıdım, gedə bilmədim, həm də gözəllər dedi, yatacağıq, səhərə qarışacaq. Hörülsə, bəlkə də qarışmazdı.

Nə bilim?!

Sən olsaydın, ən gözəl saç forması İncidə olacaqdı.

Əslində, hər gün İnci saçını düzəldəndə onu düşünürəm. Özüm cəhd edirəm, yığıram, bant vururam, amma bəyənmir, dərhal açır: bir hirslənir ki! Həm də lağ edir mənə ))

Paltarlarını seçməkdə çox çətinlik çəkirəm. Şükür, ikisi də sənə oxşayıb, gözəl zövqləri var. Mənim zövqüm yoxdur ki! Özün necə deyirdin? “Zövqün yoxdur ki, məni seçmisən )”

Cavabım “əla”ydı amma: “Sənin də ağlın yoxdur. Ağlın olsa, mənim kimi evsiz-eşiksiz lütə gəlməzdin ki!”

Mənim zövqüm olmasa da, zövqün özünü seçmişdim – indi ağlıma gəldi, heyf, bunu sənə heç vaxt deməmişəm.

İndi deyirəm, eşidirsənmi?

…Siqaret çəkməyə çıxdım, həmişə uşaqlar yatandan sonra olduğu kimi, yenə balkonda, yenə “üzü sən olduğun tərəfə”. Hər gün düşünürəm ki, evinin balkonunun üzü Hövsana tərəf bəlkə də təsadüfən düşməyib. Hər gecə “üzü o tərəfə” – sənin yatdığın məzarlığa gecənin qaranlığında səslənirəm, səninlə danışmağa çalışıram.

Hər gün üzü Hövsana dedikərimi eşidirsənmi?

Yəqin canımda-qanımdakı mövhumatdandır, guya o tərəfə baxanda daha tez eşidərsən deyə, şüuraltı bir hissim var.

İndi yaxşıdır uşaqlar. Niyə indi?

Artıq sənsizliklə yaşamağa öyrəşmişik.

Hər zaman dediyim kimi: itki bizdən canımızın bir hissəsini, bədənimizin bir üzvünü alır: ayağı, qolu olmayan sonradan ayaqsız-qolsuz yaşamağa necə öyrəşirsə, itkisiz yaşamaq da elədir – hər gün o itkini hiss edirsən, amma artıq qolsuz daş qaldırmağı, ayaqsız yeriməyi öyrənirsən. Amma gözün əlli-ayaqlı insanların “əlində-ayağında” olur…

Yadıma düşmüşkən, yuxuma niyə gəlmirsən? Yəni sözün yoxdur?

Mənim sözünə ehtiyacım var axı!

Yadında, sənə deyirdim, atam yuxuma gəlmir demək olar ki! Bir-iki dəfə Vüqardan sonra gəldi, heç nə demədi-danışmadı, ancaq gördüm ki, narazıdır. Hiss elədim, sanki yaxşı qardaş olmadığımı demək istəyirdi.

Bilmirəm niyə! Mən Vüqarı dünyalar qədər istəyirdim, istəyirəm.

Sən də bircə dəfə gəlmisən, heç unutmuram, Eltonla bağlı. Narahat olma, gücüm çatdığı qədər qohumluğa xəyanət etmirəm.

Sən bilirsən, mən xəyanətkar adam deyiləm.

Düşünürəm, elə yaşayım ki, yanınıza gələndə üzüm ağ olsun. Nə qədər yaşasaq da, 10 il, 20 il, 30 il – sonu oradır. Və bu illər o qədər tez keçir ki! Əgər indi 40 il əvvəlki həyatımı, uşaqlığımı “dünənmiş” kimi xatırlayıramsa, hətta bundan sonra 40 il də yaşasam, bu günə “dünən” kimi baxmalı olacam. Belə çıxır, dünya heç 5 gün də deyil. Gərək, üzüqara olmayım – həm də Allahın yanında.

Bunu özümə deyirəm, hər gün – yadımdan çıxmasın! Səhvlərsə edirəm, heyf ki! Çalışıram, gücüm çatdığı qədər qabağını almağa çalışıram.

Bayaq səhhətimdən danışdım – dişlərim də “getdi”. Sən deyirdin, dişlərinə nə qədər qulluq edirsən? Adam da dişini bu qədər sevər?

Mən sevdiklərimi və məni sevənləri qoruya bilmirəm ki!

Hərdən düşünürəm, məni sevənlərin artıq heç biri yoxdur həyatda. Mənim ta buralıq işim qalmadı.

Amma elə deyil, yəqin ki! Əmanətlərin, gözəllər bəs? Mən onlarla nəfəs alıram, çox güman, onlar da məni sevir!

İnşallah, böyüyüb xoşbəxt olarlar, mənim də buralıq işim bitər!

…Hə, yadındadır, atamın şeirlərini toplayasıydıq, kitab etməyə. Qaldı. Sənin də yazılarını toplamaq istəyirəm, qalır. Çatdıra bilmirəm. İş, uşaqların dərsi, ev qayğıları…

Yeri gəlmişkən, bir yemək bişirə bilmirəm, bir də paltar ütüləməyi bacarmıram. Qalan hər şeydə ”40 ilin arvadı”ndan geri qalmıram ))

Gözəllər böyüsün inşallah, yəqin, belə qayğıları üstümdən götürərlər.

İnanıram ki, fürsətim olar, sizin kitablarınızı hazırlamağa ömrüm və vaxtım çatar.

Belə, sənin sevdiyin, az qala hər gün dinlədiyin mahnıda deyildiyi kimi, “bu qayğılarla başım dərddə, həyat iştə, yuvarlanıb gediyor…”

Sənə sözlərim bitən deyil. Nə vaxtsa qismət olsa, hamısını da olmasa, bir hissəsini yazacam.

İndisə bir az iş qaldı, onları bitirib yatım. Sabah tezdən duracağıq, dərs günüdür. İşdən də tez qayıtmalıyam, səni ziyarətə gedəcəyik.

Sabah, daha doğrusu, bu gün ildönümündür axı!

Hələlik, inşallah, görüşərik…

Share: