“Mətbuatımız tarixin bütün dönəmlərində milli şüurun inkişafında mühüm rol oynayıb”

“Mətbuatımız tarixin bütün dönəmlərində milli şüurun inkişafında mühüm rol oynayıb”

“Milli mətbuatın yaranmasından 148 il ötür.  “Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız  dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan “Əkinçi” qəzetinin Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub.Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki,  Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə “Əkinçi” qəzetinin nəşrə başlandığı gün– 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur”.

 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Millət vəkili qeyd edib ki, Sovet hakimiyyəti dönəmində ciddi senzura ilə qarşılaşan milli mətbuatımız ötən əsrin 80-ci illərindən başlayaraq azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.

 

Tamam Cəfərova bildirib ki, müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı ölkəmizin  dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və mətbuatın davamlı inkişafı, mətbuat və söz plüralizmi hər zaman   təmin olunur. Azərbaycan müstəqillik qazandıqdan qısa bir müddət sonra, Prezident Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi ilə Azərbaycan mətbuatının inkişafında yeni bir mərhələ başlanmış və kütləvi informasiya vasitələrinin rasionallığının artırılmasında ciddi addımlar atılmışdır. Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

 

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində medianın inkişafında keyfiyyət etibarilə yeni mərhələ başlanmışdır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu gün ölkədə 5 mindən çox media subyekti var. Onu da qeyd edək ki, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “ Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

 

Millət vəkili  qeyd edib ki, ölkə rəhbərliyinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur.

Mətbuat işçilərinin fədakarlıq və qəhrəmanlıq rəmzinə çevrildiyini deyən Tamam Cəfərova vurğulayıb ki,  həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində  və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. 1991-1992-ci illərdə yüksək peşəkarlıq və fədakarlıqla  vəzifələrini yerinə yetirərkən şəhid olmuş – Çingiz Mustafayev, Salatın Əsgərova, Alı Mustafayev, Osman Mirzəyev, Fəxrəddin Şahbazov, Kazımağa Kərimov və Arif Hüseynzadə Birinci Qarabağ müharibəsində, Sirac Abışov və Məhərrəm İbrahimov isə erməni işğalından azad edilmiş Kəlbəcər rayonunda 2021-ci ildə Şəhidlik zirvəsinə yüksəlmiş  jurnalistlərimizdir. Şəhid jurnalistlərimizi dərin hörmət və ehtiramla anır, hər birinə Allahdan rəhmət diləyirəm.

 

Onu da qeyd etməıiyik ki, məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi Ermənistanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün olmuşdur.  Təxminən iki il öncə öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri böyük Qələbədən sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olmuş ərazilərdə aparılan geniş miqyaslı bərpa-quruculuq işləri barəsində ictimaiyyətin məlumatlandırılması, qələbədən sonra ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində yorulmadan çalışırlar.

“Bu gün Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin “hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” sözlərini unutmadan onun mənəvi mirasını gələcək nəsillərə uğurla ötürür. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrini təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram”. Millət vəkili Tamam Cəfərova belə deyib.

 

Mənbə

Share: