
“Din bu deyil ki, etiraz edənə üzünü bozardasan, susdurasan. Din insanlar tərəfindən ancaq ağıl və dəlillə qəbul olunmalıdır…”- Həzrət Əli
İslamda söz azadlığı…
Səndən əgər düşünmək haqqını alırlarsa, onda sən yaşamırsan. Bu sadalananları edə bilirsinizsə, həyat budur. İnsan olmanın həqiqi zövqü budur. Əslində, bu cür olmalıdır. Peyğəmbərlər nə üçün gəlib? Zəncirləri qırmaq və rahat şəkildə özünüzü ifadə etmənizi təmin etmək üçün. Bu fikirləri ifadə edən hədislər çoxdur. İmamlarımızdan Peyğəmbərimizin(s.) davranışı barədə soruşurdular. İslam peyğəmbəri ona müxalif olan insanla necə davranırdı? Müzakirəyə gedirdimi? İmamlar deyiblər ki, İslam peyğəmbəri istər fərqli dinlərin daşıyıcısı, istərsə də dini mövqeyi olmayan şəxs olsun, gözəl şəkildə dinləyər və cavablandırardı…
Qurani–Kərimdə cidal deyilən bir anlayışa toxunulur. Yəni başqaları ilə rahat şəkildə fikir mübadiləsinə getmək, onları qane edəcək arqumentlər gətirmək. Cidal zamanı gətirilən arqumentlər əksəriyyət tərəfindən, ya da ən azı əks tərəfin yanında qənaətbəxş, mötəbər olmalıdır. Əlbəttə, cidal dedikdə əxlaq qaydalarına tam riayət edilən, qarşı tərəfin şəxsiyyətinə toxunmayan müzakirə nəzərdə tutulur. Əgər İslam insana düşünmək haqqı, söz haqqı tanımırsa, o zaman müzakirəyə, fikir mübadiləsinə dəvət edən ayələr nəyə dəlalət edir? Nəyə görə deyir ki, insanlara onların mötəbər bildiyi fikirlərə uyğun söz de? Bununla insanların qəbul etdiyi, dəyər verdiyi fikirlərə olan hörməti göstərməklə yanaşı, müxaliflərin sözünü dinləmək mədəniyyətini də öyrədir. Quranda bu mövzuda ayələr çoxdur.
İslam yalnız müsəlmanlara deyil, bütün ideoloji məktəblərin nümayəndələrinə söz azadlığı haqqı tanıyır. Buna dəlil olaraq İslam peyğəmbərinin müxtəlif zamanlarda fərqli inancdan olan insanlarla elmi diskussiyalarını qeyd etmək olar. Onlar peyğəmbərin yanına gəlib sərbəst şəkildə fikirlərini bildirirdilər. Bəzən fikirlərini çox sərt və çox tənqidi formada ifadə edərdilər. Bu zaman peyğəmbər səhabələrdən heç kəsə onları susdurmaq imkanı verməzdi. Özü səbirlə dinləyib onlara məntiqli cavab verərdi. Tarixdə belə diskussiyaların sonunda onların peyğəmbərə böyük rəğbətlə ayrıldıqları göstərilir. Eyni yanaşmanı biz Həzrət Əlinin xilafəti dövründə də görürük…
Mövzu ilə bağlı bir tarixi hadisə də qeyd edim. Həzrət Əlinin xəlifə olduğu bir dönəmdə məsciddə müxtəlif inanclı insanlar toplaşmış olur. Onu da qeyd edim ki, İslamın bərqərar olduğu ilk dönəmlərdə məscidlər sırf ibadət üçün nəzərdə tutulmuş məkanlar deyildi. Məscidlərdə elmi məclislər, müzakirələr təşkil olunar, dərslər keçirilər, hətta məhkəmələr qurulardı. Yəni bütün ictimai proseslər orada cərəyan edərdi.
Həzrət Əli insanların süst oturduqlarını, ciddi mövzulardan danışmadıqlarını görüb onları elmi, mənəvi, ciddi aktual mövzuların müzakirəsinə təşviq etmək istəyir, üzünü insanlara tutub deyir ki, “Məni itirməmiş məndən soruşun”. Bu zaman bir yəhudi ayağa qalxır. Üzünü xəlifəyə tutub deyir ki, “nə əsassız danışırsan, bu, nə böyük iddiadır. İndi səndən elə sözlər soruşaram ki, cavabında aciz qalarsan”. O yəhudi xəlifə ilə belə danışanda əmin idi ki, ona orada heç bir xətər toxunmayacaq. Və haqlı idi. Bəziləri yəhudiyə üzlərini turşudanda Həzrət Əli onlara irad bildirir. Deyir, “Din bu deyil ki, etiraz edənə üzünü bozardasan, susdurasan. Din insanlar tərəfindən ancaq ağıl və dəlillə qəbul olunmalıdır. Qoyun, öz fikrini desin. Həmin yəhudi suallarını verir və Həzrət Əli də hamısını cavablandırır. Cavabları qəbul edib-etməməsi də yəhudinin öz ixtiyarına buraxılır. Bellə hallar tarixdə kifayət qədərdir.
İbn Kəvva adlı biri dəstəmaz alırdı. Sudan lazımsız yerə çox istifadə edən biri olduğu üçün Həzrət Əli ona deyir ki, suyu israf etməsin, başqalarını da düşünsün. O da cavabında deyir: “Sənin müsəlmanların qanını daha çox israf edirsən”. İbn Kəvva Həzrət Əli ilə düşmənçiliyi olan, onu sevməyən biri idi. Ona görə Həzrət Əlinin dövlətin müdafiəsi, ictimai sabitliyin bərqərar olması üçün düşmənlərə qarşı vuruşduğunu bildiyi halda qərəzli surətdə, əsassız olaraq belə bir iftira atır. Dövrün xəlifəsinə bu cür qərəzli cavab vermək nə deməkdir? İnsan əmindir ki, kobud fikrinə görə onu heç bir cəza gözləmir və rahatıqla, heç bir psixoloji gərginlik duymadan xəlifəyə meydan oxuyur.
Başqa bir misal da çəkmək istəyirəm: Yenə də xəlifə olduğu dönəmdə Həzrət Əlinin zirehini oğurlayırlar. Bir müddətdən sonra bir qeyri-müsəlmanın əlində zirehini görən Həzrət Əli deyir ki, bu, mənim zirehimdir. Aralarında ixtilaf düşür. Həzrət Əli – xəlifə deyir ki, gedək hakimin yanına. Yəhudi də müqəssir olduğu halda heç çəkinmədən xəlifəyə qoşulub qazinin yanına gəlir və qazinin yanında xəlifənin üzünə durmağa hazır olur. Qazı hər iki tərəfi dinləyir və Həzrət Əlidən dəlil, yaxud şahid istəyir. Həzrət Əli şahid gətirə bilmədiyi üçün qazi zirehin həmin şəxsdə qalmasına hökm verir. Həzrət Əli də qazinin düz hökm çıxardığını deyir.
Bu hadisə o şəxsə o qədər təsir edir ki, məhkəmədən çıxan zaman geri qayıdır. Deyir ki, Ey Əli, sizin bu hakimiyyət üslubunuz adi insanların hakimiyyətindən çox fərqlənir, bu, əsl peyğəmbər, ilahi şəxsin hakimiyyət formasıdır. Sonra etiraf edir ki, bu zireh Siffin yolunda Həzrət Əlinin əlindən düşüb və o da onu götürüb. Bunu eşidən Həzrət Əli də zirehi geri almır, o şəxsə bağışlayır. Bu hadisədən sonra o şəxs Həzrət Əlinin tərəfdaşlarından olur, Nəhrivan döyüşündə Həzrət Əlinin tərəfində döyüşür.
Burada mövzumuzla əlaqəli mühüm bir məqamı da qeyd etmək lazımdır. Hökumət və qəzavət sisteminin Həzrət Əlinin dövründə tamamilə bir-birindən ayrı olması. Əgər belə olmasaydı, xəlifə həm də qazilik iddiasında olsaydı, bu, artıq diktatura olardı. Müasir dövrdə bütün demokratik ölkələrdə hakimiyyət strukturu ayrı, məhkəmə strukturu ayrıdır. Belə deyək, yəni hökuməti belə məhkəməyə vermək mümkündür. Həzrət Əlinin dövründə bu sistemlər indiki kimi bir-birindən ayrı idi və hökümət sistemi, dövrün xəlifəsi də qanunlara tabe idi…
Ümumiyyətlə, Həzrət Əlinin hakimiyyəti dövründə qaziyə müraciətlərin həddindən artıq olması da ədalət tərəzisinin işlədiyinin, insanların qəzavət sisteminin ədalətinə olan etimadlarının göstəricisi idi. Diktatura rejimində belə faktla qarşılaşmaq mümkün deyil. Elə dövlət başçısının zirehinin oğurlanması da buna bariz sübutdur. Nə sarayı, nə də mühafizəçiləri olmayan, camaatın arasında gəzib-dolaşan və əşyaları oğurlanan bir xəlifə təsəvvür edin. Bir dəfə də atının üzəngisini oğurlamışdılar. Böyük alınmaz qalalarda yaşayan, ətrafında yüz əsgərlə gəzən xəlifə olsaydı, heç bir oğru cürət edib ona yaxın düşə bilməzdi.
Oğrular da əmin idilər ki, Həzrət Əlidən onara zərər gəlməyəcək. Bu oğurluqdan ötrü əlləri kəsilməyəcək, şallaq vurulmayacaq, dəlil olmasa, zərər görməyəcək, günahı isbat olunduqda isə, Əlidir də, bir “bağışla” deməklə əfv ediləcəklər. Məhz buna görə dövrün xəlifəsindən oğurluq etməyə, hətta onun üzünə durmağa, məsciddəki yəhudi kimi meydan oxumağa belə cürət edirdilər. Həzrət Əlinin timsalında İslamın hakimiyyət sisteminə, hakimə olan baxışını görürük…
Bəzi tarixi faktlarda Həzrət Əlinin bir neçə dəfə məhkəməyə müraciət etdiyi göstərilir. Onun kimi yüksək ictimai, mənəvi nüfuza malik şəxsi görən qazi ona hədsiz hörmətlə yanaşıb əyləşməsi üçün yanında yer göstərdiyi zaman Həzrət Əli qazinin belə münasibətinə etiraz edərək deyir: “Sən yanına gələn şikayətçi və müttəhimə eyni şəkildə baxmalısan və hər bir şeydə ədalətə riayət etməlisən. Hətta birini özünə daha yaxın əyləşdirməyin belə, düzgün deyil”. Deyə bilərsiniz, bunun nə əhəmiyyəti var, əsas, mühakimə ədalətli olmalıdır. Həzrət Əli isə bu kiçik nüansa belə etiraz edərək bildirir ki, nəinki hökm vermədə, qazi hətta şəxsi münasibətində, danışığında, baxışında belə ədalətə riayət etməlidir…
Məhz buna görə də günümüzdəki islamafob münasibətin tam əksi olaraq, o dövrlərdə insanlar İslamı və onun müəllimlərini başqalarına söz haqqı verən, tənqidlərə açıq insanlar kimi tanıyırdılar. Hansısa müsəlmanda bunun əksini gördükdə çox təəccüblənərdilər. Bir örnək qeyd edim. Əbdülkərim ibn əbi Ovca adlı çox məşhur ateist olur. Əvvəllər Həsən Bəsrinin şagirdi olur, ondan dini mövzuları öyrənir. Daha sonra isə dindən üz döndərir, Allahı danır. O, bununla kifayətlənməyib öz fikirlərini kütləvi formada yaymağa başlayır. Bir çox tələbəsi olan Əbdülkərim çox acıdilli, fikirlərini sərt ifadə etməkdən çəkinməyən biri olur. Bir gün Əbdülkərim məsciddə əyləşib insanları başına toplayaraq peyğəmbər və Allah barədə inkarçı mövqeyini nümayiş etdirirdi. Bu zaman müsəlmanlardan biri ona sərt söz deyir. Əbdülkərim deyir: “Sən əgər İmam Cəfərin tələbələrindənsənsə, o bizimlə heç bir zaman bu cür sərt və kobud danışmır. İndi eşitdiklərindən də qat-qat sərt və küfr dolu sözlər demişəm, ancaq o, səbir və təmkinlə sözlərimi sonadək dinləyir. Sözümü tam bitirəndən sonra mehribancasına öz arqumentlərini deyir. Əgər sən də onun davamçılarındansansa, rəhbərinə uyğun formada davran”.
Tarixdə bəzi xəlifələrin zamanında da müxtəlif düşüncəli insanların azad surətdə fikir söylədikləri elm məclislərinin təşkil olunduğunun şahidi oluruq. Xəlif Məmunun İmam Rzanın iştirakı ilə təşkil etdiyi belə məclislər çox məşhurdur. Bu məclislərdə bütün ideoloji məktəblərin nümayəndələri gəlib öz fikirlərini rahat deyər, islamın müxtəlif konsepsiyaları barəsində olan düşüncələrini izhar edərdilər.
Digər bir məqamı da vurğulamaq istəyirəm: “Məni itirməmiş məndən soruşun” iddiası. Həzrət Əlinin səsləndirdiyi bu iddia bütünlükdə İslama xas olan, çox böyük bir iddiadır. Əgər insanın bir sahədə müəyyən boşluğu olsa, bu iddianı səsləndirsə belə, yaranmış ilk fürsətdən istifadə edib suallardan yayınacaq. Həzrət Əlinin israrla yəhudiyə danışması üçün şərait yaratması onun öz elminə əminliyinin göstəricisi idi. Qurani-Kərimdə belə bir mövqe var – təhəddi. Yəni güc sınamağa çağırış, mübarizəyə dəvət. Qurani-Kərim təhəddi edərək deyir ki, məna, məzmun və forma baxımından eyni ağırlıqda olan bircə ayə gətirin, bizim fikirlərdən üstün bir model ortaya qoyun, qüsurlarımızı göstərin, biz məktəb olaraq kənara çəkilməyə hazırıq. Bu iddia on dörd əsrdir ki, qüvvədədir. Heç bir ideoloji məktəb belə bir iddia irəli sürməyib, çünki davamlı olaraq təkmilləşməyə çalışdıqlarını qəbul ediblər. İslam isə kamil bir model ortaya qoyduğunu iddia edir, sonra isə deyir ki, buyurun, rahat düşünün, təhlil edin, fikirlərinizi deyin, iradlarınızı bildirin. İslam açıq debatın, şəffaflığın tərəfdarıdır və yanaşması belədir: əgər hansısa məktəbdə bir boşluq varsa, qoy elmi diskussiya nəticəsində o boşluq ortaya çıxsın. Əgər bir məktəb opponentlərin iradları nəticəsində sarsılacaqsa, davamçıları şəkk-şübhəyə düşəcəklərsə, yaxşısı budur, o məktəb elə aradan getsin və davamçıları da gedib əmin olduqları bir ideologiyaya xidmət etsinlər. Bu məktəb özündə qətiyyən qüsur və boşluq görmür və yarandığı gündən iddiası ortadadır: əgər mən səhvəmsə, buyursun, daha mükəmməli gəlsin. Həzrət Əli də bu məktəbin ən kamil davamçılarından biri olaraq eyni cəsarətlə eyni iddianı irəli sürməkdən çəkinmirdi.
Oşo barədə, yəqin ki, çoxlarınız eşitmisiniz. Oşo Bxaqvan uzun müddət yaşadığı ABŞ-da müəyyən sıxıntılar yaşadıqdan sonra cərimə olunaraq ölkədən çıxarılır ardıcılları olan bir çox ölkələrə getmək üçün viza almağa çalışsa da, şübhəli reputasiyasına görə heç bir dövlət onu qəbul etmək istəmir. Nəhayət, Yunanıstana otuz günlük turistik viza almağa müvəffəq olan Oşo bu torpağa ayaq basar-basmaz Yunanıstanın xristian kilsəsinin şiddətli etirazı ilə qarşılaşır. Oşo Yunanıstanı tərk etməzsə, qan töküləcəyi ilə hökuməti hədələyən xristianlar onun ölkədən çıxarılmasına nail olurlar. Oşo ölkəni tərk edərkən toplaşmış jurnalistlərə deyir: “Əgər bir adam dörd həftəlik turist vizası ilə sizin iki min illik mənəvi dəyərlərinizi, dininizi dağıtmağa qadirdirsə, onda o dini heç qorumağa dəyməz, bu din elə dağılsa yaxşıdır…”
Rövşən Abdullaoğlu
//rovshanabdullaoglu.com/meqaleler/islamda-soz-azadligi-175


