Azərbaycanda FETÖ-yə qarşı yeni əməliyyat keçirilib. Əməliyyat nəticəsində terror qruplaşmasının Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə məsul şəxs kimi təqdim olunan Anar Əliyev saxlanılıb. Daha sonra Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da məsuliyyətə cəlb olunub.
Məlumata görə, FETÖ işində saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb.
Bu gün isə məlum olub ki, o, Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilir. Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Son əməliyyat barədə Modern.az-a danışan Türkiyənin təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, Azərbaycanın FETÖ-yə qarşı mübarizəsi təqdirəlayiqdir.
Onun fikrincə, hələ də bir çox ölkələrdə FETÖ şəbəkəsi qalır: “Azərbaycanla Türkiyə arasında FETÖ ilə mübarizə sahəsində işbirliyi 15 iyuldan qabaq 17-25 dekabr hadisələri zamanı olub. Can Azərbaycan həm daxilindəki, həm də Türkiyədən qaçıb orada gizlənən FETÖ-çülərə qarşı əməliyyatlar keçirir. Pensilvanyadakı şeytanın ( Fetullah Gülen-red) təlimatları ilə Azərbaycanda məktəblər açılmış, həm də Türkiyədəki kimi struktur yaradılmışdı. FETÖ ilə əlaqəsi olan yüksək çinli şəxslərin saxlanılması mübarizənin bitmədiyini göstərir. Bu, eyni zamanda terror şəbəkəsinin qısa müddətdə bitirilə bilməyəcəyinin sübutudur. Ona görə də, terrorla mübarizə hər sahədə olmalıdır. Dövlətlə millət ortaq hərəkət etməlidir. Cənab Rəcəb Tayyib Ərdoğanın çox gözəl sözü var. O, FETÖ-nün dünyanın ən hiyləgər və təhlükəli terror qruplaşması olduğunu bildirib”.
“Azərbaycanda da FETÖ ilə mübarizə tədbirləri davam etdirilir. Dünən bir neçə nəfər saxlanılıb. Ancaq bunlarla yanaşı bir çox hücrələr qalır. Dövlətin səlahiyyətli nümayəndələri bunu bilirlər. Onların bağlantılarını təsbit etmək üçün ölkə xaricində və daxilində kimlərlə əlaqələrinin olması ilə əlaqədar işlər görülür. Bir neçə gün əvvəl FETÖ-nün uğursuz çeviriliş cəhdinin 7 ili tamam oldu. Terrorçulara qarşı mücadilə dayanmamalıdır. Bu gün Türkiyədə hələ də yatan hücrələrin olduğunu bilirik. Bununla əlaqədar dövlətin kəşfiyyat təşkilatı başda olmaqla bir çox qurum ciddi şəkildə fəaliyyət yürüdür. Eyni şəkildə bunu dünən terrorçulara qarşı aparılan əməliyyatda da gördük. Bu da Azərbaycanın kəşfiyyat orqanlarının və digər aidiyyəti qurumların geri addım atmadığının və əsla terrorçulara güzəştə getməyəcəyinin sübutudur”, – ekspert əlavə edib.
Ekspert hesab edir ki, FETÖ-yə qarşı mübarizə Türkiyə ilə bərabər Azərbaycanın da məsələsidir:
“Əslində, bu terror təşkilatı 105 ölkədə strukturlaşıb. Bütün ölkələrdə mübarizə aparılmalıdır. Təəssüf ki, bir çox ölkələr hələ də FETÖ-nü terror qruplaşması kimi tanımır. Can Azərbaycan dünən olduğu kimi, bu gün də Türkiyə ilə işbirliyi edir. FETÖ Türkiyəni 40 il geriyə salan təşkilatdır. Terrorçular minlərlə Türkiyə vətəndaşını qazi, yüzlərlə vətəndaşı isə şəhid edib. Rəcəb Tayyib Ərdoğanı, Türkiyəni hədəfə alıblar. Bu, tək Türkiyənin yox, həm də Azərbaycanın məsələsidir. Azərbaycanın gördüyü işləri təqdir edirəm. Türkiyə yarım əsrdir ki, terrorla mübarizə aparır, təcrübəlidir. Milli təhlükəsizlik, baş qərargah və digər aidiyyəti qurumlar arasında işbirliyi davam etdirilir. Hər iki ölkənin bir-birinə töhfəsi danılmazdır”.
İmbat Muğlu FETÖ-nün Azərbaycanda yenidən dirçəlmək istədiyini vurğulayıb. O fikirlərini belə əsaslandırıb:
“Türkiyə başda olmaqla dünyanın bir çox ölkələrində təhsil müəssisələri açdılar. İmkanı olmayan savadlı uşaqları məktəblərinə, hazırlıq kurslarına cəlb etdilər. Həmin şəxslər hər ölkədə yüksək nöqtələrə gəldilər. Türkiyə başda olmaqla, bir çox ölkədə yenidən strukturlaşaraq, FETÖ-nün əvvəlki vəziyyətinə qayıtmasına nail olmaq istəyirlər. FETÖ ilə həm əsgər, həm də akademik kimi 20 il mübarizə aparmışam. Bununla bağlı kitab və məqalələrim var. FETÖ nə Türkiyədə, nə də Azərbaycanda bitib. FETÖ ölü təqlidi edir. Ancaq təkrar canlanmağa başlayıb. Bunun səbəblərindən biri də FETÖ-nü önəmsiz görmək oldu. Lakin FETÖ həqiqətən 50 illik şəbəkədir. Onlar bütün təşkilatların əsas yerlərinə gətirilib. Polisdə, Baş Qərargahda, nazirlikdə, icra orqanlarında olan şəxslərin terrorçu olduğunu düşünün. Bu səbəbdən mübarizə intensiv aparılmalıdır”.