Dünən Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilməsi haqda xəbərlər yayılıb. Məlumata görə, FETÖ-nün Azərbaycandakı üzvləri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri həyata keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı xəbərə görə, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında baş tutub. Nazirlik əməliyyat zamanı 5 nəfərin saxlanıldığını bəyan edib, lakin onların adları açıqlanmayıb.
Rəsmi məlumatda bildirilib ki, saxlanılan şəxslərdən biri siyasətçi, Azərbaycan və Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb. Bu səbəbən Q.İbadoğlu saxlanılıb.
52 yaşlı siyasətçi Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilir. Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxslər beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Partiya sədrinin qızı özünün “Facebook” səhifəsində yazıb ki, Qubad İbadoğlunun ofisindən 40 min dollar tapılıb.
Xatırladaq ki, Qubad İbadoğlu 2014-cü ilin sentyabrında Müsavat partiyasının sədrliyinə keçirilən seçkilərdə iştirak edib və 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya məğlub olub. 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilib. O, 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatını yaradıb, 2021-ci ildə hərəkat partiyaya çevrilib. Partiya bu ilin əvvəlində buraxılıb.
Türkiyənin “Yeni Şafak” qəzeti yazıb ki, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb. Nəşr qeyd edib ki, saxlanılan şəxslərin təhsil və təlim mərkəzlərində uzun müddət FETÖ təbliğatı apardıqları və gənclərin təşkilata üzv olmasını istədikləri müəyyən edilib.
“Hürriyet” qəzetində dərc edilən xəbərdə isə deyilir ki, FETÖ-nün idarələrində, mətbəələrində, təlim mərkəzlərində, yataqxana mərkəzində və saxlanılan şəxslərin ünvanlarında aparılan axtarışlar zamanı qurumun maliyyə hesabatları, fəaliyyət planlarını əks etdirən sənədlər, FETÖ ideyalarını yayan radikal dini sənədlər, kompüterlər, elektron yaddaş cihazları, bank kartları, külli miqdarda saxta pul və odlu silahlar ələ keçirilib.
Ümumilikdə isə Türkiyənin “Anadolu”, İHA, DHA, “Ahaber” kimi bir çox nüfuzlu agentlikləri Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyat barədə geniş xəbərlər dərc edib.
Qeyd edək ki, Türkiyədə 2016-cı ildə baş verən hərbi çevriliş cəhdindən sonra Azərbaycanda da FETÖ üzvlərinə qarşı mübarizə aparılıb. Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın Azərbaycanda “fətullahçılığı” təbliğ edən, sosial, dini nifrət və düşmənçiliyin salınmasına, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn qanunazidd hərəkətlərinin araşdırılması və qarşısının alınması məqsədilə, Respublika Baş Prokurorluğu tərəfindən həmin ilin avqust ayının 12-də cinayət işi başlanılaraq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
2016-ci ildə “Hizmət hərəkatı”nın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mənsublarının xarici ölkələrdə, o cümlədən Türkiyədə olan tərəfdaşları ilə əlaqələrinin, maliyyələşmə mənbələrinin, üsullarının və digər xüsusatların müəyyənləşdirilməsi məqsədilə, Avropa Konvensiyasının tələblərinə müvafiq olaraq Türkiyə Respublikası ərazisində istintaq hərəkətlərinin həyata keçirilməsi barədə həmin ölkənin baş prokuroru qarşısında vəsatət qaldırılıb.
Bu ilin aprel ayında Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatının (FETÖ) “yüksək vəzifəli” üzvü Mehmet Cintosunu xüsusi əməliyyatla ölkəyə gətirib.
Cintosun 1995-2014-cü illər arasında FETÖ-nün Azərbaycan üzrə əsas nümayəndəsi olub.
Akif İsmayılov