Xəbər verdiyimiz kimi, bu gün İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.
Modern.az Xələf-Xələfovun tərcümeyi-halını təqdim edir.
O, 21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də anadan olub. 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. 1983-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müfəttiş, bölmə rəisi vəzifəsində çalışıb.
Diplomat 1990-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb(aspirantura), 1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ikinci katibi vəzifəsində işləyib.
1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq Şöbəsinin müdiri, Müqavilə-hüquq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 1997-2018-ci illərdə Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində işləyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 may 2019-cu il tarixli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.
12.01.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 17.09.2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına, 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeninə, 27.12.2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə, 09.07.2019-cu ildə İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 20.09.2019-cu ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına, 21.09.2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Dövlət başçısının bu gün imzaladığı sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.