Mərakeşin milli bayramı – Taxt-Tac Günü münasibətilə iyulun 31-də Bakıda rəsmi qəbul təşkil edilib.
Modern.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.
Ölkələrimiz arasındakı möhkəm dostluq əlaqələrindən danışan Mərakeşin səfiri Məhəmməd Adil Embarş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb.
Ölkəsinin qazandığı nailiyyətlərdən bəhs edən diplomat bildirib ki, Kral VI Məhəmmədin hakimiyyətə gəlişindən ötən müddət ərzində çox müsbət işlər görülüb, ölkə iqtisadiyyatı inanılmaz dərəcədə inkişaf edib.
“Ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasında Ulu Öndər Heydər Əliyevin böyük rolu var. Ümummilli Liderdən sonra bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, – deyə diplomat vurğulayıb.
Azərbaycanın və Mərakeşin bütün sahələrdə səmərəli əməkdaşlıq etdiklərini diqqətə çatdıran Məhəmməd Adil Embarş mövcud əlaqələrin daha da dərinləşəcəyinə inandığını diqqətə çatdırıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bayram münasibətilə Mərakeş xalqını Azərbaycan hökuməti adından təbrik edib.
Nazir müavini bildirib ki, Azərbaycan tarixi dostluq əlaqələri olan Mərakeşlə münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verir.
Qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin dərinləşməsində əhəmiyyətini qeyd edən Mahmud Məmməd-Quliyev Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyasının fəaliyyətindən danışıb və ölkələrimiz arasında 100-dən çox sənədin imzalandığını diqqətə çatdırıb.
“İki ölkə arasında siyasi müstəvidə də əlaqələrimiz yüksək səviyyədədir, siyasi məsləhətləşmələr aparılır. Mədəni, sosial sahələrdə də yaxşı əlaqələrimiz var. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Beynəlxalq səviyyədə də əməkdaşlığımız uğurla davam etdirilir”, – deyə o vurğulayıb.
Tədbir ziyafətlə davam edib.