SOS: Pedofillərin sayı niyə artır

 

Son dövrlər uşaqlara qarşı seksual zorakılıq hallarının artması ciddi narahatlıq doğurur. Seksual zorakılıq müxtəlif formalarda ola bilər. Məsələn, hətta internetdə azyaşlıların təqib edilməsi də seksual zorakılıq hesab edilir. Xarici ölkələrdə bu cür xoşagəlməz hallar daha çox yayılıb. Təəssüf ki, ölkəmizdə də pedofilya faktlarına rast gəlmək mümkündür.

Azərbaycan uşaqların seksual istismardan və nalayiq seksual hərəkətlərdən müdafiəsi haqqında Avropa Şurası Konvensiyasını ratifikasiya edən dövlətlərdən biridir. Buna baxmayaraq, ölkədə uşaqlara qarşı seksual zorakılıq halları qeydə alınır. Belə hadisələrin təkrarlanmaması üçün çıxış yolları barədə müzakirələr aparılır, müxtəlif təkliflər səsləndirilir. Müzakirələr əsasən situasiyadan çıxış yollarına fokuslanıb.

Xəbər saytlarında tez-tez adı çəkilən, cəmiyyətdə insanların ən çox çəkindiyi, qorxduğu, uşaq manyakı kimi tanıdığı pedofillər kimlərdir? Onların uşaqlara qarşı nalayiq münasibətinin səbəbi nədir?

Uşaqların cinsi istismarı (pedofiliya) dünyada insan haqlarının çox ağır pozuntularından biridir. Müxtəlif araşdırmalara görə, pedofillik daha çox kişilərdə müşahidə olunur, az hallarda qadınlarda rast gəlinir. Ancaq pedofillikdə cinsiyyət ayrımı yoxdur. Bütün dünyada ən ağır cinayətlərdən biri hesab olunan pedofiliyanın qurbanlarına çevrilmiş uşaqlar, psixoloji dəstək almasalar, yetkinlik yaşına çatanda onlarda ciddi problemlər üzə çıxa bilər.

Hazırda Azərbaycanda pedofiliya ilə bağlı vəziyyət necədir? Onlara qarşı mübarizə tədbirləri nədən ibarətdir?

Mövzu ilə bağlı Modern.az-a danışan Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova azyaşlılara qarşı cinsi zorakılığın artmasının aktual məsələ olduğunu bildirib.

“Bunun qarşısını almaq üçün əhalinin, xüsusilə valideynlərin məlumatlı olması vacibdir. Təəssüf ki, valideynlər bəzən uşaqlara bununla bağlı məlumatlar vermirlər. Düşünürlər ki, erkən seksual münasibətlərlə bağlı məlumatlı olması onlara zərərli ola bilər. Buna görə də valideynlər informasiyanı məhdudlaşdırı. Uşaqlara öztoxunulmazlıq barədə məluamat vermirlər. Yaxşı olar ki, bu cür informasiyaları valideynlər uşaqları ilə həmişə müzakirə etsinlər. Burada ziddiyyətli məqam odur ki, bütün halları pedofiliya kimi qiymətləndirə bilmirlər. Qorxu içində yaşayırlar. Valideyn özü edə bilmirsə, uşağı mütəxəssisin yanına aparmalıdır. Qeyri-Hökümət Təşkilatlarının nəzdində mütəxəssislər olmalı və pulsuz xidmət imkanlar yaradılmalıdır”, – deyə QHT sədri vurğulayıb.

Sosioloq Asif Bayramovun sözlərinə görə, belə insanların varlığı ölkəmizi və cəmiyyəti məhvə aparan səbəblərdəndir.

“Azərbaycan cəmiyyətini zombiləşdirməyə, yəni onu milli ideya və milli ideallardan məhrum olmuş bioloji sürüyə çevirmək ssenarilərini işə salıblar. Bu planın həyata keçirilməsi üçün ilk növbədə Azərbaycan cəmiyyətini ayaqda saxlayan, onu diri tutan mənəvi dəyərləri, mənəvi sütunları yıxmaq, onları məhv etmək həmin mərkəzlər üçün prioritet vəzifədir. Azərbaycan cəmiyyəti bu mənada ideoloji bombardmana məruz qalmış və özünü qorumaq üçün bütün ideoloji-mənəvi, sosial-siyasi resurslarını hücuma qarşı səfərbərliyə cəlb etmək məcburiyyətində qalmış toplumdur. Azərbaycanda bir sosial kateqoriya kimi istər pedofillərin, istər cinsi azlıqların, istərsə mənəvi baxımdan zərərli olan digər qrupların artması təbii proses deyil, bu, kənardan, antiAzərbaycan mərkəzləri tərəfindən idarə olunan, körüklənən və əsasən gizlin aparılan prosesdir. Məqsəd xalqımızın əsrlər boyu formalaşdırdığı mənəvi dəyərləri, ilk növbədə ailə institutunu dağıtmaq, məhv etmək, ağsaqqallıq və ağbirçəklik institutunu sıradan çıxarmaq, böyüyə, kiçiyə hörmət, xəstə və əlil olana diqqət və qayğı hissini, şüurunu onun əlindən almaq, beləliklə, cəmiyyətimizi şəbəkə kimi xarici zərərli təsirlərdən qoruyan həmin zirehi parçalamaq, onu yararsız hala gətirməkdir. Təbii ki, həmin mərkəzlər məqsədlərinə nail olarsa, Azərbaycan cəmiyyəti onlar üçün bioloji sürüyə çevirilmiş olar, yəni zombiləşər, milli ideallardan məhrum olan bir insan kütləsinə dönər”, – sosioloq həyəcan təbili çalıb.

Onun sözlərinə görə, aidiyyəti orqanlar belə insanları diqqətdə saxlamalı, mənəvi dəyərlərin qorunması üçün ciddi mübarizə aparılmalıdır: 

“Əgər cəmiyyətdə hüquqi normalara dövlətin inzibati aparatı nəzarət edirsə, mənəvi dəyər və normalara daha mükəmməl nəzarət sistemi cəmiyyətin ictimai qınaq, kollektiv tənbeh və məzəmmət institutudur. Bu institutun daha işlək olması üçün dövlətin inzibati aparatı ilə cəmiyyətin ictimai qınaq institutu qarşılıqlı olaraq bir-birini tamamlamalı və qarşılıqlı fəaliyyət prinsipi əsasında işləməlidir. Məsələyə praktiki aspektdən yanaşsaq, Azərbaycanda belə nümunələr hər zaman mövcud olub və indi bu ənənənin qorunub saxlanmasına daha çox ehtiyac var”.

Azərbaycan Psixologiya Akademiyanın (APAK) psixoloqu Ezgi Şahin isə bildirib ki, pedofilləri aktual və fürsətçi olaraq iki yerə bölmək olar. O fikirlərini belə əsaslandırıb:

“Aktual pedofillər uşaqlara qarşı cinsi oriyentasiyaya malik olsalar da, fürsətçi pedofillər cinsi oriyentasiyaları böyüklərə qarşı olsa belə, uşaqlarla cinsi əlaqəyə girmək həvəsi hiss edə bilərlər. Bundan əlavə, əsl pedofillər fürsətçi pedofillərdən daha çox cinayətləri təkrarlayır. Bəzən genetik faktor, bəzən insanın böyüdüyü şərait, bəzən isə ətraf mühitdə olan təsirə bağlı pedofiliyada artım görülməkdədir. Belə artımın səbəbi daha çox ətraf mühitdir. Biz pedofil insanlara daha çox rast gəlirik. Evlənsələr belə onlar azyaşlı uşaqları hələ də istismar etməyə, onlara təcavüz etməyə davam edirlər. Onlar üçün cinsi doyum nöqtəsi yoxdur, düşüncə tərzi olaraq kiçik yaşlılara meyillidirlər. Pedofiliya uşaqlara görə çox təhlükəlidir. Bu insanlar təcavüz, istismar hallarını tez-tez gerçəkləşdirilər. Müalicəsi təəssüf ki, yoxdur, qarşısını almaq üçün mütləq bu insanların psixoloji dəstək almaları, bilgiləndirilmələri lazımdır”, – deyə psixoloq qeyd edib.

Jalə Rövşən

Mənbə

Share: