5 baş katibi son mənzilə yola salan şanslı siyasətçi…

Sovet dövrünün araşdırmaçılarının qənaətinə görə, İosif Stalinin hakimiyyət illərindən Mixail Qorbaçovun rəhbərliyi dövrünə qədər uzun illər yüksək vəzifələr tutan Dmitri Polyanski Siyasi Büronun ən şanslı üzvlərindən biri sayılıb.

1917-ci ildə Luqanskda anadan olan Polyanski artıq 1942-ci ildə, 25 yaşında Novosibirsk vilayətinin Karasuksk rayonunun birinci katibi vəzifəsini tutub. Gənc katib özünü elə bu vəzifədən tanıtdırmağa başlayıb…

dmitri.jpg (50 KB)

Polyanski Luqanskda orta məktəbi bitirdikdən sonra Xarkov Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Sonra təhsilini Mərkəzi Komitə yanında Ali Partiya Məktəbində davam etdirib. İlk əmək fəaliyyətinə komsomol orqanlarında başlayan Polyanskiyə sovet-alman müharibəsi zamanı hərbi xidmətdən möhlət hüququ verilib və o, partiya orqanlarına keçirilərək Karasuksk rayonuna birinci katib seçilib. O, partiya orqanlarında ilk “uğur”unu da məhz bu rayonda qazanıb. Katib kimi ilk iş günlərində rayonun kənd təsərrüfatı sahəsində əkin sahələrinin xeyli hissəsinin istifadə olunmamasını, əkilməməsini müşahidə edən Polyanski bununla bağlı lazımi tədbirlərin həyata keçirilməsinə qərar verib. Bu məqsədlə o, rayon tədarük məntəqəsinin direktoruna müraciət edib, ehtiyat taxıl fondundan toxum verilməsini müzakirə edəndə direktor qəti şəkildə imtina edib.

Qeyd edək ki, müharibə dövründə ehtiyat taxıl fondları son dərəcə ciddi nəzarət altında saxlanılıb. Ən cüzi bir israf güllələnmə cəzası ilə nəticələnib. Polyanski qanundan qorxan direktorun “imtina”sından sonra fərqli bir çıxış yolu tapıb. O, tədarük məntəqəsinin direktorunu uzunmüddətli ezamiyyətə göndərib, direktor vəzifəsinin müvəqqəti icrasını isə öz köməkçisinə həvalə edib.

Beləliklə, ehtiyat fondundan lazım olan qədər toxum götürülüb, əkin üçün istifadə olunub və bu da öz növbəsində rayonun kənd təsərrüfatı üzrə göstəricisini xeyli artırıb. Təbii ki, yüksək məhsuldarlıq Polyanskini sevindirib. Amma bu sevinc çox da uzun çəkməyib.

dmitri 1.jpg (135 KB)

1943-cü ildə payon Partiya Komitəsinə məxfi poçtla Vyaçeslav Molotovun imzası ilə məktub daxil olub: “Ehtiyat taxıl fondundan qanunsuz istifadəyə görə Dmitri Polyanski məhkəməyə verilsin və məhkəmə müharibə dövrünün qanunları ilə aparılsın”.

Mövcud dövr üçün bu məktub Polyanskinin sonu demək idi. Qısa bir müddət ərzində məhkəmə keçirilib və Polyanski ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Adətən həmin dövrdə güllələnmə ilə bağlı məhkəmə hökmləri tez icra olunub. Amma Polyanski yüksək vəzifədə (birinci katib) çalışdığından, ona təhvil-təslim işləri üçün bir neçə gün vaxt verilib.

Həmin “son” günləri Polyanski yaxın dostluq əlaqəsində olduğu yerli dövlət təhlükəsizliyi şöbəsinin rəisi Mişutinlə birlikdə keçirib. Təhvil-təslimin sona çatdığı gün Mişustin Polyanskini sakitləşdirməyə çalışıb və onu axşam saatlarında bir nəfərlə görüşdürəcəyini deyib. Axşama yaxın onlar göl ətrafında görüşüblər. Görüşdə olan üçüncü şəxs Mərkəzi Komitənin katibi Andrey Andreyev olub. Qeyd edək ki, hələ Lenin dövründən tanınan Andrey Andreyev Stalin hakimiyyətində ciddi siyasi fiqur sayılıb. Göl ətrafında açılan süfrə arxasında Mişustin Polyanski ilə bağlı baş verən hadisələri Andreyevə bütün təfsilatı ilə danışıb. Görüşdən sonra onlar dəmiryolu stansiyasına gəliblər. Andryev və Mişustin rayon partiya komitəsinə gediblər və Polyanskidən vağzalda gözləməyi xahiş ediblər. Andreyev partiya komitəsinə Moskvaya zəng etmək üçün gedib. Onlar bir saatdan sonra geri qayıdıblar. Andreyev Polyanskini vaqondakı kupesinə dəvət edib:

– Artıq sizin haqqınızda heç bir cinayət işi və məhkəmə hökmü yoxdur. İşinizi davam etdirə bilərsiniz.

Müasirlərinin söylədiklərinə görə, hökmün ləğvi yalnız birinci şəxsin iradəsi ilə baş verə bilərdi. Yəqin ki, Andreyev də məsələ ilə bağlı Stalinə müraciət edib və müsbət cavab alıb.

Şanslı Polyanski güllələnmə cəzasından qurtulduqdan sonra daha yüksək vəzifəyə təyinat alıb. O, bir müddət Mərkəzi Komitədə təlimatçı kimi işlədikdən sonra Krım vilayət Partiya Komitəsinə ikinci katib göndərilib. Bu vəzifədə də yeni şanslar Polyanskinin üzünə gülüb. Belə ki, Nikita Xruşov Krıma səfəri zamanı Krım vilayət Partiya Komitəsinin birinci katibi Titov və ikinci katib Polyanski ilə görüşdə Krımın Ukraynanın tərkibinə verilməsi ilə bağlı təşəbbüsünü bildirib. Titov bu təşəbbüsə qarşı çıxıb. Polyanski isə əksinə, Xruşovun təklifini bəyənib və onu nəhəng siyasətçi adlandırıb. Həmin görüşün səhərisi günü Xruşovun iştirakı ilə Krım vilayət Partiya Komitəsinin plenumu keçirilib. Titov vəzifəsindən azad edilib, Polyanski isə birinci katib vəzifəsinə sahib olub.

1958-ci ildə Polyanskinin siyasi karyerasında yeni mərhələ başlanıb. Xruşovun təşəbbüsü ilə o, Rusiya Nazirlər Sovetinin sədri vəzifəsinə təyinat alıb.

Ən mürəkkəb siyasi situasiyalarda çevik qərar vermək bacarığı olan Polyanski Xruşovun ona himayədarlıq etməsini tez unuduraq 1964-cü ildəki saray çevrilişində ən fəal fiqurlardan birinə çevrilib, plenumda Xruşovun fəaliyyətini sərt tənqid edənlərdən biri də məhz Polyanski olub.

dmitri 3.jpg (140 KB)

Brejnevin hakimiyyətə gəlməsindən sonra da Polyanski vəzifə mövqelərini qorumağa nail olub. Brejnev onu ittifaq miqyaslı vəzifəyə, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə təyin edib. Bu təyinata baxmayaraq, Brejnevin Polyanskiyə xüsusi simpatiyası olmayıb. Polyanski Brejnevin yaddaşında Xruşovun adamı kimi qalıb və baş katib onu siyasi elitadan uzaqlaşdırmağa məqam gözləyib. Nəhayət, həmin məqam 1973-cü ildə yetişib. Mərkəzi Komitənin iclasında Brejnev əvvəlcədən nəzərdə tutulmamış kadr məsələlərinə toxunub. Baş katib Polyanskini kənd təsərrüfatı naziri təyin edilməsi ilə bağlı təklif irəli sürüb. Bu isə Polyanskinin vəzifəsinin bir pillə aşağı enməsi sayılıb. Polyanski bu təkliflə razılaşmaq istəməsə də, başqa çıxış yolu qalmayıb.

Brejnev Polyanskini nazir vəzifəsində də çox görmək istəməyib və o, bu “problem”in həllini Kremlin “boz kardinal”ı, ən çətin məsələləri asanlıqla həll etməyi bacaran Mixail Suslova həvalə edib. Suslov Polyanskini qəbuluna çağırıb. Heç bir giriş və izah olmadan Suslov ona fikrini qısa və konkret bildirib:

– Siyasi Büro belə hesab edir ki, siz diplomatik işə keçəsiniz. Daha yaxşı olar ki, siz könüllü ərizə yazaraq bu təklifi qəbul edəsiniz. Əks təqdirdə rəhbərlik etdiyiniz nazirlikdə Mərkəzi Komitə tərəfindən aparılan yoxlamalar sizin karyeranıza birdəfəlik son qoya bilər.

Sözsüz ki, Polyanskinin başqa çıxış yolu qalmayıb. Bu dəfə şanslar ondan uzaq düşüb. Beləliklə, Polyanski nazir vəzifəsindən kənarlaşdırılıb, Siyasi Büro üzvlüyündən çıxarılıb və o, əvvəlcə Yaponiyaya, daha sonra isə Norveçə səfir göndərilib.

5 baş katibin – Stalinin, Xruşovun, Brejnevin, Andropovun, Çernenkonun dəfn mərasimlərində iştirak edən Polyanski 1987-ci ilə qədər diplomatik missiyada çalışıb. Onu vəzifədən Qorbaçov yola salıb. Şanslı siyasətçiyə Qorbaçovu son mənzilə yola salmaq qismət olmayıb.

Dmitri Polyanski 2001-ci ildə, 83 yaşında vəfat edib. /Musavat.com/

Mənbə

Share: