Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. Görüş zamanı Qarabağ məsələsi ilə bağlı son vəziyyətlə yanaşı, Zəngəzur dəhlizinin açılması da geniş müzakirə mövzusu olub.
Qardaş ölkə lideri yenidən Ermənistana səslənərək, Ankaranın qəti mövqeyini xatırladıb. Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi tezliklə açılması və sülh sazişi imzalanmalıdır: “Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir”.
Türkiyə liderinin Ermənistanda geniş müzakirə olunan çıxışına Azərbaycan deputatları münasibət bildiriblər.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-Türkiyə Paralamentlərarası işçi qrupunun üzvü Ziyafət Əsgərov Modern.az-a açıqlamasında deyib ki, Ərdoğanın Ceyhun Bayramovu qəbul edərkən Zəngəzur dəhlizindən danışması Ermənistana ciddi siqnaldır:
“Hesab edirəm ki, Ərdoğanın fikirləri Ermənistan üçün çox ciddi mesajdır. Türkiyə Azərbaycanın maraqlarını həmişə öz maraqları kimi qəbul edir. Bu dəfə də eynən belə oldu. Cənab Ərdoğan qeyd etdi ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Həmçinin bildirildi ki, Ermənistan Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, Zəngəzur dəhlizi açılmalıdır. Deməli, yenə qardaş Türkiyə Azərbaycanın mənafeyini müdafiə edir. Ermənistana mesaj verir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsənsə, Azərbaycanla münasibətləri normallaşdırın”.
Komitə sədri xatırladıb ki, Ərdoğanın irəli sürdüyü şərtlər 2020-ci ilin 10 noyabrında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan Baş naziri tərəfindən imzalanan üçtərəfli sənəddə də öz əksini tapıb:
“Üçtərəfli bəyanatda, həmçinin qeyd olunub ki, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr ərazini tərk etməlidir. Çox təəssüf edirəm ki, bu gün nə nəqliyyat qovşaqları, nə də sənədin 4-cü bəndi, yəni qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılması ilə əlaqədar Ermənistan heç bir addım atmayıb. Ona görə də, indi top Ermənistan tərəfindədədir. Bundan sonra sülh sazişinin imzalanması üçün Ermənistan tələblərə əməl etməlidir. Ermənistan bu tələblərə əməl edəcəksə, yaxşı olacaq. Əks təqdirdə məsuliyyət Ermənistanın üzərindədir. Azərbaycan bəyanatlardan irəli gələn bütün öhdəliklərini yerinə yetirib”.
Z.Əsgərov onu da vurğulayıb ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını yubatmaq üçün müxtəlif təxribatların törədilməsinə davam edir:
“Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına maşınlar yığırlar. Dünyaya car çəkirlər ki, guya onlar Xankəndiyə humanitar yardım aparır. Lakin Azərbaycan buna icazə vermir. Halbuki Azərbaycan alternativ yol təklif edir. Bütün dünya da bunu görür. Məqsəd humanitar yardım deyil, Azərbaycanı gözdən salmaqdır. Ermənistana Ağdam-Xankəndi yolundan humanitar yardımların keçirilməsi üçün şərait yaradılıb. Ancaq Ermənistan bunu istəmir. Çünki onlar Laçın yolundan Rusiya sülhməramlılarının müşayiəti ilə terrorçu, qanunsuz silahlar daşıyırlar. Terrorçular orada gizlənib. Onlardan biri Vaqif Xaçaturyan sərhədçilərimiz tərəfindən saxlanıldı. Hələ çoxları üzə çıxacaq. Ruslar terrorçuları aparıb-gətirməklə məşğuldurlar. Lakin bilməlidirlər ki, Laçın dəhlizi Azərbaycanın suveren ərazisidir. Azərbaycanın icazəsi olmadan heç bir maşın oradan keçə bilməz. Ermənilər istəyirlərsə ki, Laçın yolundan şantaj vasitəsilə yüklərin daşınmasını həyata keçirsinlər, bu, suverenliyimizə hücumdur. Biz buna yol verə bilmərik. Həqiqi mənada bunlar istəyirlərsə ki, Xankəndidə yaşayan ermənilərə yardım etsinlər, onda Ağdam-Xankəndi yolundan istifadə etməlidirlər”.
Deputat ermənilərin artıq “Dəmir yumruğa” öyrəşdiyini sözlərinə əlavə edib:
“Ermənistan dalana dirənmiş ölkədir, başqa çıxış yolu yoxdur. Ermənistanın kimə və nəyə arxayın olduğunu başa düşə bilmirəm. Ermənistanın elə iqtisadiyyatı, hərbi potensialı yoxdur ki, Azərbaycanla diqtə dili ilə danışsın. Azərbaycan qalib gəlmiş dövlətdir. Buna baxmayaraq, sülhü də biz irəli sürürük. Gəlin, sülh bağlayayaq, regionda sülh yaransın deyirik. Ermənilər bunu istəmir. İstəmirlərsə, istəməsinlər. Sonra nə olacaq? Əvvəl-axır bunu başa düşməlidirlər. Hələ çırpınırlar. Rusiyaya gedirlər bir fikir, başqa yerə gedirlər başqa fikir deyirlər. Ciddi dövlət deyillər. Ciddi başqanları yoxdur. Gah nala, gah da mıxa vururlar. Belə siyasət olmur axı. Bunlar “Dəmir yumruğa” öyrəşiblər. 44 günlük müharibədə “Dəmir yumruq” öz sözünü dedi. Yenə eyni cür hərəkət edəcəklərsə, onların yenə yumruğa ehtiyacı olacaq”.
Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası işçi qrupunun üzvü Musa Qasımlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra irəliləyişin gözləndiyini söyləyib:
“Azərbaycan və Türkiyə qardaşdırlar. Regional və beynəlxalq məsələlərdə dövlətlərimizin tutduğu mövqe təkcə qardaşlıqdan irəli gəlmir. Bu mövqe beynəlxalq hüquq normalarından və ədalətdən doğur. Heç kimə sirr deyil ki, Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur ki, blokada şəraitindədir. Blokadanın təqsirkarı Ermənistandır. Blokadadan Naxçıvanı çıxarmağın yolu Zəngəzur dəhlizinin açılmasıdır. Naxçıvanla Bakı arasında əlaqə yalnız təyyarə və İranla sərhəddən keçib getməklədir. Zəngəzur dəhlzinin açılmasını bir neçə dövlət istəmir. Düşünürəm ki, cənab Rəcəb Tayyib Ərdoanın çıxışından sonra müəyyən irəliləyişlər ola bilər. Ermənistan ağlını başına yığmasa, yürütdüyü siyasət ağır nəticələnə bilər”.