Xəbər verdiyimiz kimi, 2 gün əvvəl Ukraynanın pilotsuz uçuş aparatları (İHA) “Москва-Сити”yə zərbə endirib.
Musavat.com xəbər verir ki, dünən Ukraynanın insansız suüstü qayıqları (İSQ) “Оленегорский горняк” adlı böyük desant gəmisini, bu gün isə “Sig” adlı hərbi məqsədlər üçün istifadə olunan tankeri vurublar.
Sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, “Оленегорский горняк” 1976-cı ildə suya endirilib, Rusiya Federasiyası Şimal donanmasının 121-ci desant briqadasına aiddir. Uzun müddət Suriyadakı Rusiya qüvvələrinin hərbi təchizatı üçün istifadə olunub. 2022-ci ilin fevralında Sevastopola guya sursat dalınca gəlib və orada qalıb. Krımdakı Rusiya hərbi qüvvələri üçün təminatda iştirak edirdi. Lakin Ukrayna Krım ətrafına pilotsuz dron katerlərlə hücumları intensivləşdirəndən sonra “Оленегорский горняк”ı məcburən Novorossiysk limanına göndərmişdilər.
Sosial şəbəkə istifadəçilərindən Aftandil Mamedovun yazdığına görə, “Москва-Сити”nin İHA-larla vurulması Ukraynanın hərbi texnologiyalar sahəsində yeni bir mərhələyə yüksəldiyini göstərir:
“Belə ki, hazırda Moskvanın mərkəzi hissələrində (“Москва-Сити” mərkəzdədir) GPS işləmir. GPS siqnallarına radioelektron əngəllər tətbiq edilir, siqnallar “boğulur” (глушатся).
Ukrayna İHA-larının 500-600 km uçub, gəlib “Москва-Сити”ni vurması bu İHA-ların mülki GPS seqmentində işləyən naviqasiya cihazları ilə yox, GPS-in qapalı, hərbi seqmentində M-kod alqoritmi ilə işləyən cihazlar ilə təmin olunmasına işarə edir. Bu, çox mühüm məqamdır! ABŞ-ın Ukrayna ordusu üçün GPS-in hərbi seqmentini açması Rusiyanın naviqasiya sistemlərinə radioelektron əngəllər qoyma imkanını, demək olar ki, sıfırlayır.
GPS-in hərbi seqmentinə, o cümlədən ən yeni M-kod adlanan alqoritminə Ukrayna ordusundakı cihazların qoşulması üçün açılması xəbərləri 2022-ci ilin avqust ayında yayılmışdı. M-kod alqoritmi çərçivəsində peyk ilə qəbuledici cihaz, xüsusiyyətləri bildirilməyən kriptoqrafik şifrə ilə şifrələnir və bu da radioelektron əngəllərdən başqa, həm də “anti-spoofing” dayanıqlığı təmin edir.
İnsansız suüstü qayıqların (İSQ) Rusiya hərbi dəniz donanmasına aid böyük desant gəmisini və tankeri vurması videokadrlarında son anadək operatorun videomüşahidədə olduğunu görürük. Radioelektron əngəllər üçün mühafizəli və kriptoqrafik qapalı peyk rabitə sistemi olmadan belə videomüşahidəni aparmaq tam bir ağılsızlıq olar. Əks təqdirdə, İSQ-nin radiosiqnalları asanlıqla pelenqasiya edilə bilər. Belə bir mühafizəli və kriptoqrafik qapalı peyk rabitə sistemini Ukrayna üçün “Viasat” (ABŞ) şirkətinin təmin etdiyini düşünürəm”.
A.Mamedov həmçinin qeyd edir ki, Ukraynanın Rusiyaya qarşı tətbiq etdiyi İHA-lar və İSQ-lar GPS-in hərbi seqmentinə əlavə olaraq dairəvi lazer giroskopları ilə (məsələn, “Honeywell” şirkətinin layihələndirdiyi) təmin edilərsə, bu, İHA-ların və İSQ-ların digər xüsusiyyətlərini də nəzərə alsaq, Rusiya üçün ciddi və mübarizə metodu məhdud olan bir permanent təhlükəyə çevrilər.