Ciddədə Rusiya və Ukrayna arasında hərbi münaqişənin nizamlanması üzrə danışıqlarda Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin hazırladığı sülh planı müzakirə edilib.
Modern.az xəbər verir ki, bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, yeni sülh planına Ukraynanın ərazi bütövlüyünün qorunması, bütün cəbhələrdə atəşkəs, BMT-nin nəzarəti altında sülh danışıqlarının başlanması və əsirlərin dəyişdirilməsi maddələri daxildir.
DPA mənbələri yeni sülh planının hazırlanmasında Səudiyyə Ərəbistanından başqa hansı ölkələrin iştirak etdiyini açıqlamayıb. Bildirilir ki, Səudiyyə hakimiyyəti məsləhətləşmələrin gedişi barədə Rusiyanı məlumatlandırıb.
Xatırladaq ki, Ciddədə iki günlük danışıqlar avqustun 5- də başlayıb. İclasda 30-dan çox ölkə iştirak edir. Rusiya görüşə dəvət edilməsə də, nəticələr barədə Moskvaya məlumat veriləcək.