Qapalı ölkələrdəki “paralel dünyalar” – Özlərini təcrid edən dövlətlərin bəd niyyəti

 

Dünyada mövcud olan bəzi ölkələrin iç dünyasına dair xəbər oxuyanda istər-istəməz özümüzə şükür edirik.

Burada internetin sürəti bir az aşağı olanda, MİDA-nın elektron hərracda satışa çıxardığı sosial mənzilləri 10 saniyə içində uda bilməyəndə haray-həşir qoparırıq, amma dünyanın o başında və qulağımızın dibində interneti, sosial şəbəkələri olmayan ölkələr var.

66666.jpg (65 KB)

Belə ölkələrdən biri Şimali Koreyadır. Onun haqqında çox yazılıb, hamımız bilirik. 80 ilə yaxındır ki, ölkə Kim ailəsinin inhisarındadır və artıq dünya ölkəsi-filan deyil. Şimali Koreya haqqında danışarkən yalnız “ölkə dünyası” ifadəsini işlətmək olar. Çünki bu ölkə dünyaya qapalıdır, öz dünyası var, ara-sıra oradan nəsə xəbərlər sızsa da (hər halda xarici ölkələrin kəşfiyyat şəbəkələri işləyir), bu xəbərlər yalnız bəşər əhlinin əlini üzünə tutub heyrətlənməsinə yarayır.

2021-ci ilə qədər ABŞ-ın birbaşa yardımı, müdaxiləsi ilə pis-yaxşı dünyaya açıq olan Əfqanıstan artıq iki ildir ki, özünü dünyadan təcrid etməkdə, 1000 il əvvəlin yaşayış tərzinə qayıtmaqdadır. Bəli, o vaxtlar internet, sosial şəbəkə, radio-televizor olmayıb, amma insanlar yaşaya biliblər, demək, indi də elə “şeytani cihazlar” olmasa, insanlar yaşaya bilərlər – düşüncə budur.

555555.jpg (177 KB)

Amma kimsə onlara desə ki, o vaxtlar lüks avtomobillər, bahalı mobil telefonlar, təyyarələr də olmayıb, elədirsə, düşün avtomobillərinizdən, xarici səfərlərə də atla, ulaqla gedin, dərhal həmin adamı tutub edam edərlər. Özlərinə gələndə müasir texnoloji nailiyyətlərdən gen-bol və necə lazımdır, yararlanırlar, amma sadə xalq bunlardan uzaq olmalıdır.

İndi Türkmənistandan gələn xəbərlərdə bildirilir ki, ölkədə internetin sürəti adi mesaj göndərmək işinə də yaramır, heç bir saytı, xarici telekanalı açmaq mümkün deyil, WhatsApp”, “Viber” və digər proqramlar, həmçinin “Facebook”, “Twitter”, “YouTube” kimi sosial şəbəkələr çoxdan bloklanıb.

Bu da o deməkdir ki, Türkmənistan özünütəcrid siyasətini davam etdirir. Bu siyasət Türkmənistanın 1-ci prezidenti Saparmurad Niyazov tərəfindən SSRİ-nin dağılmasından dərhal sonra tətbiq edilib, elə də davam edir. Onun xələfi Qurbanqulu Berdımühəmmədov gözlənildiyinin əksinə olaraq ölkənun qapı-pıncərələrini dünyaya açmadı, Qurbanqulunun oğlu Sərdar da o fikirdə deyil.

77777.jpg (74 KB)

Berdımühəmmədovlar nəinki ölkə xalqına azad fikir bildirmək, hətta sərbəst şəkildə məlumat almaq hüququ da vermirlər. Bu ölkənin qadınları, qızları xarici ölkə vətəndaşı ilə ailə qura, hətta xarici ölkələrə tək gedə bilməzlər.

21-ci əsrin bu vədəsində onlar niyə belə edirlər, heyrət doğurur. Görünür, nəsə bir arqumentləri var, ya hesab edirlər ki, türkmənlərə azadlıq versələr, kütləvi şəkildə əcnəbilərlə evlənərlər, türkmənlərin genefonduna zərbə vurular, ya da düşünürlər ki, ölkəyə gediş-gəliş intensivləşsə, bunun dövlət təhlükəsizliyinə zərəri ola bilər.

Əslində dövlət təhlükəsizliyi, daha dəqiqi, hakimiyyət təhlükəsizliyi məsələsi özünü dünyadan təcrid edən hər üç ölkədə aktualdır.

Şavkat Mirziyayev Özbəkistanda hakimiyyətə gələnə qədər bu ölkədə də elə olub. İslam Kərimovun dövründə ölkəyə giriş edən hər bir əcnəbiyə potensial casus-diversant gözü ilə baxılır, Özbəkistana girdiyi gündən ta çıxdığı günə qədər bütün hərəkətləri izlənirmiş. Deyilənə görə, hər qonağa azı 4 təhlükəsizlik xidməti əməkdaşı ayrılırmış.

Əfqanıstanda da hakimiyyət adamlarının fikrincə, ölkəyə gələn əcnəbilərin hamısı agent və kafirdir. Ona görə də belə ölkələrə səfərdən çəkinmək lazımdır.

77888999.jpeg (34 KB)

Beş-altı il öncə Şimali Koreyaya səfər edən amerikalı tələbəni bu ölkədə casus sayaraq həbs etmiş, təcridxanada başına nə oyun gətirmişdilərsə, hansı preparatla zəhərləmişdilərsə, gənc adam ölkəsinə qaytarılandan bir az sonra ölmüşdü. O boyda ABŞ özü vətəndaşını bir tiraniya rejimindən müdafiə edə bilmədi.

Qapalı ölkələrin liderləri bu sayaq idarəetmənin effektivliyinə inanırlar. Ölkə insanları xaricdə insanların daha betər gündə yaşadığı barədə mütəmadi olaraq təbliğat xarakterli məlumatlar alır və öz hallarına şükür edirlər.

Axtarsaq, Afrikada, Asiyada, Okeaniyada bu sayaq başqa qapalı ölkələr də var. Ən məşhurları bu bəhs etdiklərimizdir.

Bizim kimi ölkələrin insanları da onlara baxıb şükür edir, eyni zamanda daha firavan və daha azad ölkələrə baxıb həsəd aparır. /Musavat.com/

Mənbə

Share: