“Əgər məktəbli köynəyinin qiyməti 15 manatdan ucuz təklif olunursa, demək ki, o forma butulka, şüşə və ya mənşəyi məlum olmayan materialdan sifarişlə hazırlanıb”.
Bunu Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov BTE-yə aid olmayan mağazalarda, xüsusilə “Sədərək” ticarət mərkəzində satışı çoxalan və ucuz qiymətə təklif olunan formalardan danışarkən deyib.
Onun sözlərinə görə, təsadüfi yerlərdən məktəbli formasının alınması düzgün deyil və valideynlər forma alanda ilk növbədə keyfiyyətə əmin olmalıdırlar:
“Sədərək” ticarət mərkəzinə mal vermirik və onlarla heç bir əlaqəmiz yoxdur. Heç vaxt da oraya mal verməmişik. Kim əgər orada bizim malımızdan satırsa, onlar saxtadır. Sadəcə, geyimin üzərinə bizim etiketi vurub satırlar.
Yüz faiz pambıq olan kofta necə doqquz manata ola bilər? Mümkündür ki, ucuz formalara üz tutanlar çox olsun. Amma hər adam da eyni fikirləşmir. Övladını düşünən və qədrini bilən, təbii ki, keyfiyyətli formaya üstünlük verir”.
Etibar Əzimovun sözlərinə görə, BTE-nin istehsal etdiyi şalvar və ətəklərin 60 faizi yun, 40 faizi isə poliesterdir:
“20-25 manatdan aşağı şalvar və ətəklərin satışı mümkün deyil. Yun parçanın bir metrinin qiyməti 10 dollardan aşağı deyil. Azərbaycana gətiriləndə isə 35 faiz gömrük idxalına görə vergi tətbiq edilir. Bunu necə 9-10 manata satmaq olar? Ola bilər ki, kiçik sex və zirzəmilərdə tikilib satılır. Adını da qoyurlar ki, Bakı Tikiş Evinin istehsalıdır”.
BTE rəsmisi davam edən istehsaldan da danışıb. O deyib ki, artıq satışda artım müşahidə olunur:
“Ətraf qəsəbələr də daxil olmaqla 10 satış mərkəzimiz var. Heç kim deyə bilməz ki, həmin mağazalarda hansısa ölçü və ya rəngdə forma çatışmazlığı var. Geyimlərimiz satılır və hələlik heç bir şikayət yoxdur.
Hər şey qaydasında gedir. Hədəfimiz 300 min məktəbli forması hazırlamaqdır və davam edir. Üstəlik, anbarlarımız da doludur”, – deyə Etibar Əzimov əlavə edib.
Xatırladaq ki, ötən ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib və məktəblər tərəfindən dörd cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.