Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
İtaliyanın Bolonya şəhərində Avropa çempionatında birinci olan millimizin üzvü R.Lunyov “Tokio 2020”yə vəsiqəni təmin edib. Çempionatda 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının final mərhələsində idmançımızın rəqibləri Avropa və dünya çempionatının, həmçinin Olimpiya Oyunlarının qalib və mükafatçıları olublar. Finalda təmsilçimiz Ukrayna idmançısı ilə eyni – 587 xal toplayıb. Lakin şəxsi göstəricilərə görə, rəqibi qabaqlayan R.Lunyov Avropa çempionatının qızıl medalını qazanıb.
2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında birinci olan təmsilçimiz həmin il Hindistanda keçirilən dünya kuboku yarışlarında bürünc mükafata layiq görülüb.
Bununla da Azərbaycanın “Tokio 2020”yə qazandığı lisenziyaların sayı 7-yə çatıb. Atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçümüz Maksim Şemberev, qadın güləşçi Mariya Stadnik (50 kq), sərbəst güləşçimiz Şərif Şərifov (97 kq), bədii gimnast Zöhrə Ağamirova və bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Olimpiadaya vəsiqəni təmin ediblər.