Avqustun 12-də “Heydər Əliyev İli” çərçivəsində qədim Azərbaycan torpağı olan Naxçıvanda “Diaspor Gənclərinin IV Yay Düşərgəsi” rəsmi olaraq öz işinə başlayıb.
Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyır.
Düşərgənin I paneli “Ulu öndər Heydər Əliyevin həyat yolu” mövzusuna həsr olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən paneldə millət vəkili, AMEA-nın həqiqi üzvü, Filologiya elmləri doktoru, professor Rafael Hüseynov, sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycanın sabiq baş naziri və keçmiş xarici işlər naziri Həsən Həsənov çıxış ediblər.
IV Yay Düşərgəsində təşkil edilən növbəti panel media mövzusuna həsr olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə aparılan paneldə Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo.az” saytının rəhbəri Elbruz Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, Mətbuat Şurasının üzvü, “Modern Media Group”un direktoru Elşad Eyvazlı və “Global Media Group”un media direktoru Həmid Həmidov iştirak ediblər. Panelistlərlə debat zamanı diaspor gənclərinin fəaliyyət istiqamətləri, xarici ölkələrdəki platformalara çıxış imkanları, Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, diaspor gənclərinin missiyası və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Çıxış edənlərdən Rəşad Məcid təəssüratlarını Modern.az-la bölüşüb. O, saytımıza açıqlamasında Şamaxıda keçirilən Yay Düşərgəsində iştirak etdiyini xatırladıb.
“Qeyd edim ki, bu Diaspor Gənclərinin 4-cü Yay Düşərgəsi idi. Əvvəl Şəkidə, Şamaxıda, Şuşada və indi Naxçıvanda keçirilir. Bir dəfə də iştirak etmişdim, yaxşı təəssüraatlarım var idi. Bir neçə il öncə Şamaxıda görüşmüşdük. Bu il 50 ölkədən 117 gəncimzlə tanış olmaq, onların fikirlərini dinləmək əlbəttə maraqlı idi,
Birinci panel, Naxçıvanda Duz dağ otelində Heydər Əliyevin keçdiyi ömür yoluna həsr olunmuşdu. Birinci paneldə Azərbaycanın tanınmış dövlət xadimləri, ziyalıları Həsən Həsənov, səfir Vilayət Quliyev, akademik Rafael Hüseynov iştirak edirdilər. Biz də növbəti panelin iştirakçıları – media rəhbərləri olaraq birinci paneli dinlədik. Əlbəttə çox maraqlı oldu. Mənim üçün xoş olan odur ki, 1969-cu ildən Heydər Əliyevlə bir yerdə işləmiş Azərbaycanın dövlət xadimi Həsən Həsənovun fikirləri, xatirələri, Sovet dövründə Heydər Əliyevin gördüyü işlər barədə çox səmimi söhbətləri bizim gəncləri çox maraqlandırırdı və çox heyranlıqla dinləyirdilər. Həm tarix üzrə professor, səfir, keçmiş xarici işlər naziri Vilayət Quliyevin, həm akademik Rafael Hüseynovun xatirələri maraqla qarşılandı. Mən çox məmnun qaldım ki, lV yay düşərgəsi bu cür zəngin insanların Ümumilli Lider barədə xatirələri ilə başladı və ümumiyyətlə gələcək panellər üçün də yön verdi”, – Rəşad Məcid deyib.
Mətbuat Şurasının sədrinin sözlərinə görə, media rəhbərləri ilə keçirilən ikinci panel çox maraqlı qarşılandı.
“Vəsilə Vahidqızının moderatorluğu ilə Azərbaycanın media rəhbərləri, Mətbuat Şurasının sədri, media eksperti Şəfəq Mehrəliyeva, Həmid Həmidov, Elşad Eyvazlı, Vüqar Zifəroğlu və Elbruz Ərud iştirak edirdilər. Səmimi, açıq müzakirələr oldu. Demək olar ki, hər mövzu ətrafında fikirlər səsləndirildi. Bizim gənclər müxtəlif məsələlərə dair fikir bildirdilər. Onların hərəsi öz ölkəsində müxtəlif səviyyədə fəaliyyət göstərir, bəziləri tələbədir, bəziləri magistratura, yaxud doktorantura oxuyur. Digərləri artıq orada doğulublar, çalışırlar. İçlərində Azərbaycana ilk dəfə gələnlər də var. Mən düşünürəm ki, yay düşərgəsinin əhəmiyyəti ondadır ki, məsələn dünyanın 50 ölkəsindən gələn azərbaycanlı gənclər bir-birilərini tanıyıb, ünsiyyətdə olur, əlaqələr qururlar. Gələcəkdə onların birlikdə fəaliyyət göstəməsi üçün zəmin yaranır. Eyni zamanda panellərdə dəyərli Azərbaycan ziyalılarının çıxışlarını dinləməklə onların Azərbaycan haqqında təəssüratları zənginləşir, bu gənclərin, əvvəlki düşərgədə də fəaliyyət göstərən gənclərin bir çox artıq öz sahələrində peşəkar insanlara çevrilib, Azərbaycanı, onun təbliğini unutmurlar”, – Rəşad Məcid vurğulayıb.
O qeyd edib ki, bu gənclərin çoxu təhsil üçün gedənlərdir, artıq ikinci nəsil valideynləri gedib, həmin ölkələrdə doğulan gənclərdir:
“Bunların hər halda təhsillləri fərqlidir, yüksək səviyyədə təhsil almaq, peşəkar olmaq üçün mübarizə aparılar. Elə bilirəm ki, Azərbaycan gəncləri müxtəlif ölkələrin həyatında mühüm rol oynayacaq. Arzu olunur ki, onlar yaşadıqları və çalışdıqları ölkələrdə həmin ölkənin həyatında da rol oynasınlar, həm Azərbaycana etibar və etimad qazandırsınlar, həm də özləri həmin ölkələrdə uğurlar qazanmağa çalışsınlar”.
Rəşad Məcid düşərgənin Naxçıvanda keçirilməsinin xüsusi önəm daşıdığını vurğulayıb.
“Qeyd edim ki, Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş bu tədbirin məhz Naxçıvanda olması, Heydər Əliyevin doğulub-böyüdüyü məkanda həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Onlar Naxçıvanı, görməli yerlərinə ekskursiya edirlər, tanış olurlar, Naxçıvanın tarixinə bələd olurlar. Eyni zamanda vətəni tanımaq vətənpərvərliyin birinci hissəsidir. Vətənpərvər olmaq üçün vətəni, onun məkanlarını yaxşı tanımalısan, dilini, ədəbiyyatını yaxşı bilməlisən. Elə bilirəm, bu bir həftəlik yay düşərgəsi yaxşı mənada Naxçıvanda gənclərin həyatında undulmaz olacaq.
Biz gənclərlə debatda da fikir səsələndirdik, arzumuz odur ki, onlar birinci növbədə öz fəaliyyət göstərdikləri sahələrin peşəkarına çevrilsinlər. Bununla da ətraflarında, yaşadıqları ölkələrdə həm özlərinə, həm Azərbaycana hörmət, ehtiram, nüfuz qazandırsınlar. İndiki dövr əlbəttə ki, gənclərdən daima fəaliyyət, çeviklik tələb edir. Bu baxımdan arzu edərdik ki, zəhmətdən çəkinməsinlər və bilsinlər ki, o ölkələrdə təkcə özlərini deyil, həm də Azərbaycanımızı təmsil edirlər”, – Mətbuat Şurasının sədri sözlərini yekunlaşdırıb.
Jalə Rövşən