İyunun sonunda Parisin Nanter bölgəsi ətrafında bir polis məmurunun avtobus dayanacağında 17 yaşlı gənci güllələyərək öldürməsindən sonra iğtişaşlar və gənclərlə polis arasında toqquşmalar bütün ölkəni bürüdü. Təkcə maşınları, zibil qutularını deyil, bələdiyyə binalarını da yandırırdılar.
Fransada baş verən iğtişaşlardan sonra mədəniyyət xadimləri qətiyyətli addım atmağı tələb edirlər. Bəs Teatr və musiqi cəmiyyətdəki kəskin problemlərin həllinə kömək edə bilərmi?
Modern.az “Dutsche Welle”nin mövzu ilə bağlı araşdırmasını təqdim edir.
Demək olar, 2 aya yaxındır ki, ölkə dağıdılanları bərpa edir, lakin qəzəbini bildirənlərin yaraları dərindədir. Mədəniyyət işçiləri hesab edirlər ki, onların nəhayət sağalması üçün dövlətin köklü islahatlara ehtiyacı var. Müxtəlif mədəniyyət layihələri ən azı bir qədər rahatlıq verə bilərdi.
Fransa tarixinin “qara dəliyi”
53 yaşlı Abdulvahab Safsaf da bu yaraları hiss edir. O, gəncin güllələndiyi Nanterdən 10 kilometr şimalda yerləşən Sartruvill şəhərində teatr direktoru işləyir. Safsaf 1948-ci ildə Əlcəzairdən Fransanın cənub-şərqindəki Sent-Etyen şəhir yaxınlığındakı yoxsul bir əraziyə köçən cütlüyün oğludur. O, kökləri keçmiş Fransa koloniyalarında olan insanların yaşadığı mürəkkəb hisslərdən danışır:
“Biz hamımız tariximizdə ailə sirri kimi saxladığımız və bizə ağırlıq edən bir “qara dəlik”lə yaşamalıyıq. Fransada müstəmləkə tarixinin bir çox qaranlıq epizodları məktəblərdə öyrədilmir. Nəticədə hətta şəhərətrafı qəsəbələrdə yaşayan gənclər də öz şəxsiyyətlərini dəqiq müəyyən edə bilmirlər. Bundan əlavə, ölkənin bəzi sosial cəhətdən zəif bölgələrində insanlar yüksək işsizlikdən, ayrı-seçkilikdən və təhsil almaq imkanlarının zəifliyindən əziyyət çəkirlər. Bu, 2005-ci ildə də belə idi. Məsələn, Paris ətrafında iki gənc polisdən qaçaraq öldükdən sonra bir çox gənc hər gün travma və müstəmləkəçiliyin təsirləri ilə mübarizə aparır”.
Safsaf üsyançılığın özünəməxsus formasını tapıb O, Fransanın müstəmləkə tarixinin hissələrini, məsələn, 200-dən çox əlcəzairlinin 1871-ci ildə Fransanın müstəmləkə idarəçiliyinə qarşı üsyan etdikdən sonra Yeni Kaledoniya ərazisinə deportasiyasını səhnələşdirib:
“Bu, mənim ağrıları aradan qaldırmaq üçün şəxsi üsulumdu. Belə tamaşalar başqalarına da travmanın öhdəsindən gəlməyə kömək edə bilər. Biz teatr işçiləri, sözsüz ki, bu prosesə öz töhfəmizi verə bilərik. Mən şəhərətrafı məktəblərdə teatr emalatxanaları təşkil edirəm və onun tamaşalarında iştirak edən aktyorlar əlverişsiz bölgələrdən gəlirlər. Düşünürəm ki, yalnız siyasət vəziyyəti kökündən yaxşılığa doğru dəyişə bilər. Dövlət məktəblərdə müstəmləkə tarixinin tədrisini təşkil etməlidir. Yalnız bu, müstəmləkə xalqlarının nəsilləri ilə müstəmləkəçiləri barışdıra bilər. Eyni zamanda, real imkan bərabərliyini təmin etmək üçün təhsilə daha çox pul yatırılmalıdır. Gənclər təhsil alanda bilirlər ki, onların Fransada yaxşı yaşamaq şansları var. Bu, onların bir çoxunun hiss etdiyi çarəsizliyə qarşı təsirli bir dərmandır”.
Abdulvahab Safsaf
Mədəniyyət aktual problemləri həll edə bilərmi?
Parisin “Kvinkalyer Modern” teatr şirkətinə rəhbərlik edən və Safsaf kimi, Sent-Etyendə böyüyən Benjamin Vilman da hesab edir ki, Fransanın bir çox regionlarında baş verən iğtişaşlarda dövlət günahkardır. Fəhlə ailəsindən olan Vilman deyir ki, o, “düzgün” dəri rənginə malikdir, lakin polis daim küçələrdə ərəb və ya afrikalı ailələrdən olan bir çox dostlarımın sənədlərini yoxlayaraq onların özlərinə inamını boğdu və etiraz əhval-ruhiyyəsi yaratdı.
Vilman hesab edir ki, dövlətin təkcə təhsil sistemini yeniləməsi kifayət deyil: “Cəmiyyətdəki bu parçalanmaya qarşı nəhayət tədbir görmək üçün bizə də məhkəmə və polis sistemində genişmiqyaslı islahatlar lazımdır. Bunda teatrların da rolu ola bilər, lakin onlar repertuarlarını yeniləməli olacaqlar. Səhnələr əsasən, Molyerin pyesləri kimi klassik əsərlərinindir. Onlar həm də aktual problemlərlə məşğul olmalı, şəhərətrafı qəsəbələrdə yaşayan insanların həyatından bəhs etməli, bunları ictimaiyyətin diqqət mərkəzinə qoymalıdırlar”.
Fransada doğulan qaradərili musiqiçi Kristo Numpubi daimi polis yoxlamaları ilə üzləşib. O, Parisin mərkəzinə köçənə qədər 22 il Kamerunda yaşayıb: “Fransaya köçdükdən sonra bir gün bacımla görüşə gecikdim və gün işığında küçə ilə qaçmalı oldum. Heç bir səhv etmədiyim halda polis maşını arxaya dönüb yüksək səslə mənə qışqırdı. Bu gün 59 yaşım var və bunu xatırlayıram. Musiqiçi kimi Paris yaxınlığındakı kasıb departamentdə yerləşən Sen-Deni Konservatoriyasında musiqi dərsləri verirəm. Bundan əlavə, məktəblərdə, o cümlədən sosial cəhətdən imkansız bölgələrdəki məktəblərdə musiqi dərnəklərinə rəhbərlik edirəm. Şagirdlərim dünyanın hər yerindən musiqi dinləməyi və onu hiss etməyi öyrənirlər. Onların bəziləri məktəbdə zəif oxuyur, amma mənim dərslərimdə məhz mədəniyyətlərinə görə musiqini sevdikləri və başa düşdükləri aydın olur”.
Benjamin Vilman
İrqçiliyə qarşı musiqi seminarları
Kristo Numpubi ölkədə belə iğtişaşların baş verməsinə təəccüblənmir: “Hər iki tərəf bir-birini eşitmir. Bir tərəfdən, polis gənclərdən hər zaman şübhələnir. Digər tərəfdən, bu gün sürətlə dəyişən dünyada gənclərin artıq dinləməyə səbri qalmır və reaksiya verirlər. Məncə, musiqi bu stressi aradan qaldırmağa kömək edə bilər. Musiqi bizi pis şeylərdən uzaqlaşdırmağa, hissləri daha yaxşı ifadə etməyə və yönləndirməyə kömək edir. Həm də ona görə ki, o, ağrıkəsici rolunu oynayır”.
Musiqi həm də artıq Fransada doğulmuş konqolu miqrantların qızı Salome Bossoku üçün bir növ həyati vasitəyə çevrilib. 19 yaşlı qızı Parisdən təxminən 150 kilometr cənub-şərqdə yerləşən Truada anası 4 bacı-qardaşı ilə böyüdüb. O, bağçada və sinifdə yeganə qara qız olduğu üçün uşaqlıqdan özünü başqalarından təcrid olunmuş hiss edirdi: “4 yaşım var idi, heç kim mənimlə oynamaq istəmirdi, çünki mən onlara bənzəmirdim. Fasilələrdə həmişə tək olurdum, ona görə də skamyada oturub mahnı oxuyurdum. Musiqi mənim ümid işığım, gücümün mənbəyi olub və belə də qalır”.
Bu gün Salome Bossoku Paris universitetlərindən birində dizayn təhsili alır, lakin musiqi bütün həyatı boyu onu müşayiət edəcək…